​Vitse-prezident Cozef Bayden: “Donald , artıq böyümək vaxtıdır...”

ABŞ-ın vitse-prezidenti Cozef Bayden yeni seçilmiş prezident Donald Trampın kəşfiyyat agentliklərinə hücumlarını tənqid edib və onun böyüməli olduğunu deyib. «PBSnews»a müsahibəsində Bayden  D.Trampın kəşfiyyat barədə Twitter-də yazdıqlarını şərh edərkən belə deyib: «Böyümək vaxtıdır, Donald, bir az böyüyün. Yetkin adam olmağın vaxtı çatıb. Siz artıq prezidentsiniz. Hərəkət etmək vaxtıdır. Nəyə qadir olduğunuzu göstərin».
D.Tramp kəşfiyyat agentliklərinin Rusiyanın ABŞ-da seçkiyə müdaxiləsi barədə ittihamlarına şübhə ilə yanaşır. Rəsmilər rus hakerlərinin demokratların elektron poçtlarına hücum etdiyini, bilgiləri «WikiLeaks»ə sızdırdığını deyir, hətta bu məlumatları ötürənlərin kimliyini müəyyən etdiklərini bildirirlər.
«WikiLeaks»in təsisçisi Culian Assanc məktubları Rusiyadan almadığını bəyan edib. Amma «Reuters» agentliyinin yazdığına görə, ruslar oğurlanmış məktubları «WikiLeaks»ə birbaşa deyil, dolayı yolla çatdırıblar. Rəsmilər casusların həmişə bu üsula əl atdığını, bununla informasiyanın mənbəyini gizlətməyə çalışdıqlarını deyirlər.
ABŞ mətbuatı yazır ki, kəşfiyyat agentlikləri «WikiLeaks»lə bağlı şəxslər haqda bilgiləri yanvarın 5-də prezident Barak Obama-a ötürüblər. Yanvarın 6-da isə yeni seçilmiş prezidentin—D.Trampın məlumatlandırılması nəzərdə tutulur.
D.Trampın agentliklərin bəyanatlarına şübhə ilə yanaşması, etimadsızlığı Cozef Baydenin fikrincə, məsuliyyətsizlikdir. O, deyib ki, prezident seçilmiş adamın kəşfiyyat agentliklərinə, əks-kəşfiyyatdan tutmuş, Mərkəzi Kəşfiyyat İdarəsinə qədər kimsəyə etimad göstərməməsi, onları dinləməyə hazır olmaması düşüncəsizlikdir».
Bu günlərdə jurnalistlərlə söhbətində D.Tramp hamının bilmədiyi, ancaq ona bəlli bəzi məqamları açıqlayacağına söz vermişdi. «Kəşfiyyat rəsmilərindən çox bildiyini demək fizika haqda professordan çox bildiyini söyləməyə bənzəyir. Mən kitab oxumamışam, amma sizdən çox bilirəm…»-Bayden Trampın sözlərini şərh edərkən belə deyib.
Vitse-prezident ABŞ kəşfiyyat agentliklərinin Rusiyanın ölkədə seçkiyə müdaxiləsiylə bağlı hesabatıyla tanış olduğunu söyləyib. Onun sözlərinə görə, hesabatda rusların seçkiyə təsir etməkdən ötrü hansı addımları atdıqları, hansı siyasəti yeritdikləri detallı təsvir olunur. Sənəddə haker hücumlarının miqyasının gözlənildiyindən geniş olduğu görünür. Aydın olur ki, hücumlar bu sistemli kampaniyanın – D.Trampın seçkidəki rəqibi Hillari Klintonun gözdən salınması kampaniyasının bir hissəsini təşkil edib.
İttihamlara ciddi yanaşmadığını dəfələrlə bəyan etmiş D.Tramp isə Twitter yazılarında haker hücumlarının arxasında 14 yaşlı gəncin də dayana biləcəyini söyləyib.
Bu həftə D.Tramp haker hücumları haqda bildiklərini açıqlayacağına söz vermişdi, amma hələ ki, səs yoxdur. Trampın mətbuatla formal görüşü yanvarın 11-ə təyin olunub. İnauqurasiya mərasimi yanvarın 20-də keçiriləcək. (“Azadlıq” radiosunun xülasəsi)