​Vidadi Zeynalovun şikayəti üzrə məhkəmə qərar qəbul edəcək

Bakı Apellyasiya Məhkəməsində "Rabitə işi” üzrə təqsirləndirilən şəxslərin apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.
Təqsirləndirilənlər Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin keçmiş Aparat rəhbəri Vidadi Zeynalov, "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Bakı Telefon Rabitəsi İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov, Birliyin sabiq baş mühasibi Anar Mustafayev, AzİnTelekom MMC-nin sabiq baş direktoru Cəlil Cəfərov, Azərpoçt MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev, Optik Rabitə, Tikinti və Quraşdırma MMC-nin baş mühasibi Səhrab Hümbətov, Rabitə Mülki Tikinti MMC-nin direktoru Emin Məmmədov, Aztelekom MMC-nin baş mühasibi Oqtay Rüstəmov, Təmir-Təchizat Servis MMC-nin direktoru Bayram Vəliyev və Optik Qurğular İdarəsinin sabiq rəisi Namazalı Məmmədovdur.
Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Qədim Babayevin sədrliyi ilə baş tutan prosesdə prokuror çıxış edib.
Prokuror təqsirləndirilən şəxslərin apelyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin çıxardığı hökmün qüvvədə saxlanılmasını istəyib.
Vidadi Zeynalov qısa çıxış edib. O bildirib ki, qanun qarşısında heç bir günahı yoxdur. Daha sonra hakimlər qərar qəbul etmək üçün müşavirə otağına yollanıblar.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Vidadi Zeynalovla Beytulla Hüseynov 13 il, Namazalı Məmmədov 11 il, Emin Məmmədov 10 il, Anar Mustafayev 5 il, Qəmbər Bəybalayev 3 il müddətinə müddətinə azadlıqdan məhrum edilib. Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Səhrab Hümbətov, Cəfər Cəfərov və Bayram Vəliyevin barəsində şərti cəza verilib. Həmin şəxslər məhkəmə zalından azadlığa buraxılıb.
Məhkəmə təqsirləndirilən şəxslərin əmlaklarının müsadirə olunması barədə qərar çıxarıb. Həmin əmlakların gəliri nazirliyə dəymiş ziyanın ödənməsinə yönəldiləcək. Məhəmməd Məmmədovun üzərində əmlak müəyyən olunmadığı üçün müsadirə edilməyib. RYTN-nin mülki iddiası isə qismən təmin edilib.
Məhkum olunan şəxslər apelyasiya şikayətlərində günahsız olduqlarını və barələrində bəraət hökmünün çıxarılmasını istəyirlər.