​Vidadi Zeynalovun ittiham olunduğu maddələr açıqlandı

İşdən çıxarılaraq həbs edilən Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Aparat rəhbəri Vidadi Zeynalovun ittiham olunduğu maddələr bəlli olub.
“Qafqazinfo”-nun məlumatına görə, bu barədə Zeynalovun vəkili Adəm Məmmədov açıqlama verib.
Vəkil bildirib ki, Bakı İstintaq Təcridxanasında saxlanılan Vidadi Zeynalovla görüşüb. Vidadi Zeynalov Cinayət Məcəlləsinin 179.3.2 (Mənimsəmə və ya israf etmə; külli miqdarda törədildikdə;) və 308.2-ci (Vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə ittiham olunur.
A.Məmmədov deyib ki, cinayət işi Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi tərəfindən araşdırılır: “Buna görə də Vidadi Zeynalovun adının MTN-lə bağlı proseslərdə hallanması düzgün deyil. Vidadi Zeynalov deyir ki, ömründə bir dəfə də olsun Eldar Mahmudovun üzünü görməyib. Deyir, onu MTN-lə bağlayan yeganə amil qardaşı Vahid Zeynalovun orada idarə rəisi işləməsi olub. Qardaşı da son proseslər zamanı vəzifəsindən çıxarılıb”.
Vəkil qeyd edib ki, Vidadi Zeynalovun səhhəti yaxşıdır, saxlanma şəraitindən şikayəti yoxdur.
Xatıladaq ki, Səbayel Rayon Məhkəməsinin qərarı ilə V. Zeynalov barəsində 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib.