​Vidadi Zeynalovun cəzası 4 ilə endirildi - GÖZLƏNİLMƏZ QƏRAR

Bu gün Bakı Apellyasiya Məhkəməsində Rabitə Nazirliyinin yüksək vəzifəli şəxslərinin barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə qərar verilib.
Muxalifət.az-ın xəbərinə görə, hakim Qədim Babayevin icraatında olan prosesdə hakimlər kollegiyasının qərarına əsasən, Vidadi Zeynalovun cəzası 4 ilə, Beytulla Hüseynovun cəzası isə 7 il 6 aya endirilib.
Namazalı Məmmədova şərti cəza verilib və o, məhkəmə zalından azadlığa buraxılıb.
Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə bu iş üzrə təqsirləndirilənlər - "Bakı Telefon Rabitəsi" İstehsalat Birliyinin sabiq rəhbəri Beytulla Hüseynov və Vidadi Zeynalov 13 il,"Optik Rabitə, Tikinti və Quraşdırma” MMC-nin direktoru Namazalı Məmmədov 11 il, BTRİB-in baş mühasibi Anar Mustafayev 5 il, "Optik Qurğular İdarəsi" MMC-in rəhbəri Emin Məmmədov 10 il, “Azərpoçt” MMC-nin sabiq baş direktoru Qəmbər Bəybalayev 3 il müddətinə azadlıqdan məhrum edilib. "Aztelekom" MMC-nin sabiq baş direktoru Məhəmməd Məmmədov, Oktay Rüstəmov, Cəlil Cəfərov, Səhrab Hümmətov, Bayram Vəliyevə şərti cəza verilib və məhkəmə zalından azadlığa buraxılıblar.