Vəhşi toy adətimiz

Azərbaycanda toyların nə milliliyə, nə İslamlığa uyğun gələn ənənə olmadığını dəfələrlə qeyd etmişik. İsrafçılıq, bayağılıq, fırıldaqçılıq toyların əsas atributlarından birinə çevrilib. İnsanların ailə həyatı qurması sevindiricidir, ancaq əvvəlcədən elə vəhşi bir mühitdə bu icdivac gerçəkləşdirilir ki, sonrakı problemlərin də əsası bu andan qoyulur.
Ona görə də ağlı başında olan, israfçılığı sevməyən hansısa Vətən övladının bu vəhşi toy adətlərindən zövq aldığını söyləmək olmaz. Burada insanların da özlərini gözə soxmaq, "eldən ayıbdır" deyib, səadət əvəzinə prestij barədə düşünmək kimi mənfi cəhətləri bu adətin yaşamasına rəvac versə də, əsas məsuliyyətin mənbəyi Şadlıq evləri mafiyasıdır və alternativsizlik şəraitində insanlara başqa seçənək qalmadığını da burada vurğulamaq lazımdır. Ancaq əsas toxunmaq istədiyim mövzu başqadır.
Mövhumata, xurafata qarşı olduğumuz kimsəyə sirr deyil. Ancaq son vaxtlar Azərbaycan şəraitində ümumi mövhumat aurasının insanlara necə hüzn və rahatlıq gətirdiyini görürəm. Demək ki, bu vəhşi toy adətimizə görə az qala mövhumatın daha da qalıcı olmasını faydalı hesab etməyə başlayırsan. Məhərrəmlik mövhumatı bir tərəfdən insanlarımızın qanının arasına girir. Ardınca Ramazan ayında toy etməyi yazılmamış qadağalar siyahısına salmaq digər tərəfdən insanlara asudə nəfəs almağa imkan verir. Üçüncüsü isə ən gülməli, ən xürafatçı, ən axmaqlıq sayıla biləcək ənənəmiz may ayında toy etməməkdir ki, bu ayda daha sakit bir vəziyyətdə təbiətin oyanışını hiss etməyə başlayırsan. Sanki bötüv bir xalqın qabağından qara bir pişik keçib, hamı sükunət içində bu ayın tamamlanmasını gözləyir.
Qeyd edək ki, Azərbaycanın bəzi bölgələrində Allahın verdiyi hər günü və ayı təyinatı üzrə istifadə edən, normal toyunu edən insanlar da var, ancaq əhalimzin xeyli hissəsi mövhumat və xurafat mərəzinin daşıyıcısıdır.
Demək ki, mövhumat insanları vəhşi toy adətimizin maddi və mənəvi terrorundan qorumağa faydalı ola bilirmiş. Müalicə-kurort komplekslərində müalicəvi palçığa bənzər bir şeyə çevrilib mövhumat. Vəhşiliklə müqayisədə deyəsən mövhumat və xurafat daha xeyirli görünür.
Fazil Mustafa