Vəfasız manat - ŞEİR

Pozğun olan qadın sayaq ay aman,
Vəfasızdı manat indi nə yaman.
Bazburutlu kişilərtək, bir zaman,
Manatın da manat vaxtı var idi.
 
Bünövrəsi neftlə doldu şarta-şart,
Neft qurudu, çat başladı parta-part.
Məhvə gedir, narahatdı, narahat,
İllər öncə rahat vaxtı var idi.
 
Yenə bir az qan qalmışdı çox canda.
Dollar donub yetmişsəkkiz qalanda.
Bu "ölmüşün" babat vaxtı, olanda.
Millətin də babat vaxtı var idi.
 
Kölgəsində çox oyunlar yatır haa,
Zibilinə çox kişilər batır haa.
İndi düşüb, tay olubdu Qatıra,
Şahə qalxan Qır at vaxtı var idi.
 
Olub daha manatımız şil, mayıf,
Qalxmağına zərrə ümid qalmayıf.
Vaxt gələcək, deyəcəyik ay hayıf,
Ömrümüzün abad vaxtı var idi,
Manatın da manat vaxtı var idi.

Aqşin Hacızadə