Vəfa Quluzadə: “Putin təhlükəli siyasət aparır”

“Nemtsovun qətlindən sonra baş tutan yürüş hakimiyyətin ölkədə sabitliyin pozulmasından ciddi narahat olduğunu göstərir”.

Bunu azadliq.info-ya açıqlamasında politoloq Vəfa Quluzadə deyib. O, bildirib ki, eyni zamanda Rusiyanın Ukraynada apardığı müharibə də ölkəni iki yerə parçalayıb və ruslar onlara qardaş olan Ukrayna ilə müharibə aparmaq istəmirlər: “Nemtsov bir çox dövlət postlarında çalışıb. Yeltsindən sonra məhz onun hakimiyyətə gələcəyi düşünülürdü. Mən Nemtsovla iki dəfə görüşmüşəm. O, Bakı-Ceyhan kəməri çəkilən zaman Azərbaycandan Bakı-Novosibirsk kəmərinə də diqqət ayırmağı, bu xətlə heç olmasa 10 milyon baprrel neft nəql etməyi istəməyə gəlmişdi. Həmin danışıqlarda Nemtsov gözəl təsir bağışladı. Mən Nemtsovun sonuncu çıxışına qulaq asmışam. Fevralın 27-də Nemtsov öldürülən gün ”Exo Moskva"da iqtidara qarşı kəskin mövqedən çıxış etmişdi. Üstəlik, məlum idi ki, o rus qoşunlarının Ukraynaya müdaxiləsi ilə bağlı ciddi faktlar açıqlayacaq. Görünən odur ki, Nemtsov iqtidar üçün ciddi problem yaratmağa başlamışdı. Hiss olunurdu ki, Nemtsovun həm Qərbdə, həm də Rusiya daxilində ciddi dostları var".

V.Quluzadə bildirib ki, Putin Ukraynada müharibədən geri çəkilməyəcək. Amma Ukraynadakı müharibə Rusiya hakimiyyətini dağıdan məsələ olacaq. “Putin Donbasa dəstəyini səngidən zaman daxildən millətçilərin ciddi təzyiqləri ilə üzləşdi. Rusiyanın hazırkı durumu yaxşı deyil. Yürüdülən siyasətin fəsadları artıq görünür. Putin təhlükəli siyasət aparır. Belə siyasət aparan lider Avropanın dostu ola bilməz”.