​Vəfa Quluzadə oğlunun yanında dəfn olunacaq

Azərbaycanın xarici siyasət məsələləri üzrə sabiq dövlət müşaviri, tanınmış politoloq Vəfa Quluzadə bu gün Bakının Yasamal rayonundakı qəbiristanlıqda dəfn olunacaq.
O bildirib ki, V.Quluzadə 5 il əvvəl 36 yaşında dünyasını dəyişmiş oğlu Murad Quluzadənin yanında torpağa tapşırılacaq.
Xatırladaq ki, V.Quluzadə mayın 1-də 75 yaşında dünyasını dəyişib.
O, 21 dekabr 1940-cı ildə Bakıda dünyaya gəlib. 1958-ci ildə 23 saylı orta məktəbi bitirərək Azərbaycan Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə qəbul olub, 1963-cü ildə oranı bitirib. 2 il Azərbaycan radiosunda ərəb dilində verilişlər aparıb.
1962-1964-cü illərdə SSRİ Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun aspiranturasında təhsil alıb. Dissertasiyasını müvəffəqiyyətlə müdafiə edərək filologiya elmləri namizədi elmi adı alıb.
V.Quluzadə 1970-ci ildə SSRİ-nin Misirdəki səfirliyində attaşe kimi işə başlayıb. Ərəb-İsrail müharibəsinin getdiyi bir vaxtda Misir prezidenti Ənvər Sədatın SSRİ xarici işlər naziri Andrey Qromıko ilə görüşündə iştirak edib.
1973-cü ildə vətənə qayıdan V.Quluzadə Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsində işə başlayıb.
Yenidən diplomatik xidmətə qaytarılan V.Quluzadə Əlcəzairdəki SSRİ səfirliyinə məsləhətçi qismində göndərilib.
O, 1990-cı ildə Azərbaycana qayıdıb və Azərbaycanın xarici siyasət üzrə dövlət müşaviri işləyib. 1999-cu ildə dövlət müşaviri vəzifəsindən istefa verənə qədər Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının da üzvü olub.