Venesuela Konstitusiya Assambleyası tanınmadı

XİN başçısı: “Onlar Venesuelanı qorxutmağa və bizim hüquqi quruluşumuzu qəbul etməməyə cəhd göstərirlər”
 
Venesuela Xarici İşlər Nazirliyi Konstitusiya Asambleyasını tanımayan bölgənin 11 dövlətinin səfirinə və nümayəndəsinə etirazını təqdim edib.
TASS xəbər verir ki, bu barədə Venesuelanın xarici işlər naziri Xorxe Arreasa bildirib.
“Biz bölgədəki 12 dövlətdən 11-nin səfiri və nümayəndəsini qəbul edib, onlarla məxsusi görüşərək bildirdik ki, Konstitusiya Assambleyasının qanuniliyini tanımamaqla Bolivar Venesuela Respublikasını qorxutmağa və bizim hüquqi quruluşumuzu qəbul etməməyə cəhd göstərirlər”, - o, “Venezolana de Televisión”a müsahibəsində vurğulayıb.
Qeyd edək ki, Perunun paytaxtı Limada Cənubi, Mərkəzi və Şimali Amerikadakı 17 dövlətin xarici işlər nazirlərinin görüşü keçirilib. Görüşün yekununda 12 dövlət Konstitusiya Assambleyasını, onun qəbul etdiyi qərarları tanımadıqlarını bildirib.
Məlumata görə, sənədi Argentina, Braziliya, Kanada, Çili, Kolumbiya, Kosta-Rika, Qvatemala, Honduras, Meksika, Panama, Paraqvay vcə Perunun xarici işlər nazirləri və təmsilçiləri imzalayıblar.
Xatırladaq ki, assambleya müxalifətin üstünlük təşkil etdiyi parlamenti əvəz edir. Venesuela Prezidenti Nikolas Maduronun fərmanı ilə bu yeni qurum ötən həftə fəaliyyətə başlayıb.