“Veneranın doğulması”na baxan kişinin ürəyi dayandı

Baxış sayı:
2323

Florensiya və İtaliyanın ən məşhur muzeylərindən olan Uffizi Qalereyasında Sandro Botticelli-nin "Veneranın doğulması" əsərinə baxan bir kişi ürək tutması keçirib.

Adı açıqlanmayan kişi Botticelli-nin XV əsrin sonlarında yaratdığı və italyan intibahının şah əsərlərindən sayılan rəsmin qarşısında yerə yıxılıb. Hadisə dekabrın 15-də baş verib.

İtaliya mətbuatındakı xəbərlərə görə, halı pisləşən kişiyə ilk yardımı muzeyi dolaşan həkimlər qrupu göstərib.

Muzeydəki defibrillyator (elektroşok cihazı) istifadə edən həkimlər kişinin ürək döyünməsini bərpa ediblər.

Bildirilir ki, təcili yardımla xəstəxanaya çatdırılan şəxsin səhhəti yaxşılaşmaqdadır.

Caravaggio-nun "Meduza" əsəri qarşısında huşunu itirən olub

Veneraya baxarkən halı pisləşən kişinin "Stendhal sindromu"ndan əziyyət çəkdiyi iddia edilərkən, Uffizi Qalereyasının müdiri Eike Schmidt deyib ki, tibbi diaqnoz qoymaq onun sahəsi deyil.

"Lakin son illərdə qalereyamızda mühüm əsərlərin qarşısında çox sayda belə hadisələr baş verib".

MedusaMəşhur italyan rəssamı Caravaggio-nun 1596-1598 -ci illərdə çəkdiyi "Meduza" adlı əsəri Uffizi Galereyasında sərgilənir

Schmidt bu hadisələrin həm Botticelli əsərlərinin, həm də Caravaggio-nun "Meduza" əsərinin qarşısında baş verdiyini söyləyib.

Schmidt-in dediyinə görə, Uffizi-də 2016-cı ildə bir insan yenə Botticelli-nin "Bahar" əsəri qarşısında epilepsiya keçirib.

Bu il də Caravaggio-nun "Meduza" əsərinə baxan bir kişi huşunu itirib.

Schmidt şərhində bu hadisələri sənətin "təsirinin təsdiqi" hesab edir.

"Stendhal sindromu" öz adını XVIII-XIX əsrlər arasında yaşamış fransız yazarı Stendhal-dan (Marie-Henri-Beyle) alıb.

1817-ci ildə Florensiyanı ziyarət edən Stendhal Santa-Croce kilsəsini gəzərkən həyəcan, ürək çırpınması və halsızlıq hiss etdiyini yazmışdı.

İntibahın paytaxtı Florensiya belə hallara tez-tez rast gəlinən yerlərdən biridir. Buna görə bu sindromu "Florensiya sindromu" da deyirlər.

Florensiyadakı Uffizi QalereyasıFlorensiyadakı Uffizi Qalereyası

Kitab yazıldı

"Sənət zəhərlənməsi" kimi də tanınan bu sindrom 2014-cü ildə elmi bir tədqiqatla araşdırılıb. Florensiyadaki Medici Riccardi sarayının ziyarətçilərini araşdıran alimlər freskalarla (nəm deməkdir, suvağı qurumamış divarda sulu boyalarla işlənir) bəzənmiş ibadətgahı gəzənlərin üz əzələlərinin yumşaldığını, göz bəbəklərinin kiçildiyini, ürək döyüntüsündə, tənəffüsdə və təzyiqdə dəyişikliklər olduğunu müəyyən etmişdi.

Bu sindroma "Stendhal" adını verən italyan psixiatrı Graziella Magherini 1989-cu ildə yazdığı "Stendhal sindromu" kitabında Florensiyada 10 il ərzində 100-dən çox "Stendhal sindromu" hadisəsi baş verdiyini bildirib.

Magherini 2008-ci ildəki bir çıxışında bunun səbəbini belə açıqlayıb:

"Stendhal sindromu çox vaxt Florensiyada baş verir. Çünki intibah sənət əsərlərinin ən çox olduğu bir yerdir bura. İnsanlar qısa müddət ərzində yüzlərlə şah əsərlə qarşılaşırlar.

İntibah sənəti hər kəsə xitab edir, haqqında çox məlumata sahib olmayanlara belə. Lakin müasir, konseptual sənətdə vəziyyət fərqlidir, bunlardakı mesajı başa düşənlərin sayı çox azdır".