“Vaşadze Saakaşvili ilə razılaşmamış belə bəyanat verə bilməzdi...” – MAHİR DƏRZİYEV

Baxış sayı:
856

“Artıq qeyri-fəal, siyasi fəallığı ilə seçilməyən vətəndaşları da biz seçki məntəqələrində görəcəyik”

Oktyabrın 28-də Gürcüstanda keçirilən prezident seçkilərinin ikinci tura qalması dünyanın diqqət mərkəzində olan məsələlərdən biridir. Çünki əsas rəqiblər, yəni hazırda iqtidarda olan hakim “Gürcü arzusu” Partiyasının dəstəklədiyi Salome Zurabişvili ilə müxallifətdə olan Vahid Milli Hərəkat Partiyasının namizədi Qriqol Vaşadze arasında birinci turun nəticələrinə görə 1% səs fərqi olması ikinci turda seçkilərin çox gərgin keçəcəyini deməyə əsas verir. Yəni 1% səs fərqi namizədlərin ikisinə də şans yaradır ki, hansısa biri prezident olsun. Bu şans həm də Gürcüstanda iqtidarla müxalifətin “ölüm-dirim mübarizəsi” hesab olunur.
Amma proseslər onu göstərir ki, hazırda iqtidarda olan “Gürcü arzusu” çətin durumdadır. Çünki birinci turda prezident seçilə bilməyn xanım Salome Zurabişvili ikinci turda da qalib gələ bilməsə, prezidentlik institutunun “Gürcü arzusu”nun əlindən çıxmasına səbəb olacaq ki, bu da müəyyən qədər hazırkı iqtidarın mövqeyini laxladacaq. Hətta bu, “Gürcü arzusu” Partiyasının hakimiyyətdən tam uzaqlaşdırılması ilə də nəticələnə bilər. O baxımdan, birinci turda prezident seçilə bilməyən S.Zurabişvili ilə hakim “Gürcü arzusu” Partiyası arasında müəyyən narazılıqların olduğu da mətbuata sızmaqdadır.
Maraqlıdır ki, ikinci tura qaldıqdan sonra hakim partiya öz mövqeyində hər hansı bir dəyişiklik edə bilərmi? Bu və digər suallara cavab almaq məqsədilə Gürcüstanda baş verən prosesləri daha yaxından izləmək imkanına malik olan, “Gürcü arzusu” Partiyasının deputatı Mahir Dərziyevlə söhbətləşdik.
(Əvvəli bu linkdə: http://muxalifet.az/prezidentin-parlamenti-buraxmaq-imkani-yoxdur-deputat.html)
- Necə bilirsiniz, iqtidar bunun qarşısnı ala biləcək?
- Bu ölkənin həm vətəndaşı, həm də millət vəkili kimi mənim qənaətim ondan ibarətdir ki, burada bizim müxaliflərimiz özlərinin sırf partiya mənafelərindən çıxış edirlər. Özlərinin dar partiya mənafelərini ölkənin milli maraqlarından, mənafeyindən üstün tuturlar. Dediyim kimi, Gürcüstanda sabitliyin, əmin-amanlığın pozulması ölkə üçün böyük təhlükədir. Amma buna bizim ölkənin mövcud iqtidarı və hüquq-mühafizə orqanları yol verməyəcəklər.
- Mahir müəllim, bildiyiniz kimi, Saakaşvili, barəsində əfv qərarı çıxarılmasına qarşı olduğunu və ittihamlara hüquq müstəvisində cavab vermək niyyətində olduğunu bəyan etdi. Necə düşünürsünüz, prezident seçkilərindən əvvəl və  yaxud sonra Saakaşvili ölkəyə dönüb, hakim qarşısına çıxacaq?
- Saakaşvilinin mövcud bəyanatından sonra Baçi Axalaia da o səpkili bəyanat verdi. Yəni ki, biz əfv üçün heç kimə müraciət etməyəcəyik. Təbii ki, onlar gözəl bilirlər ki, bu gün gürcü cəmiyyətində onlara qarşı necə münasibət var. Gürcü cəmiyyəti saakaşvililəri, axalaiaları gözəl tanıyır. Qriqol Vaşadze Saakaşvilinin özünün birbaşa dəstəklədiyi adamdır. Yəni Qriqol Vaşadze Saakaşvili ilə razılaşmamış bu şəkildə bəyanat verə bilməzdi ki, mən onu əfv edəcəm. Sadəcə olaraq cəmiyyətdəki təpkini gördülər. Onların piar komandası, siyasi texnoloqları cəmiyyətdəki bu təpkini görəndən sonra belə məsləhət gördülər ki, Saakaşvilinin əfv məsələsi qabardılmasın. Dediyim kimi, orta statistik vətəndaşların Gürcüstanda böyük əksəriyyəti nə Saakaşvilinin ölkəyə gəlib, siyasətə qaytımağını, nə də onun partiyasının bu şəkildə hakimiyyətə gəlməsini istəmir. Müəyyən ayrı amillər var, onun bir hissəsini mən qeyd etdim. Yəni Saakaşvilinin bəyanatı bununla bağlıdır. Bu, sırf siyasi gedişdir.
- Hazırda seçki ab-havası necədir? Sizcə, birinci turda olduğu kimi, ikinci turda da seçki aktivliyi müşahidə olunacaq?
- Birinci turda fəallıq zəif oldu. Prezident institunun əhəmiyyəti olmadığına görə, orta statistik vətəndaş demək olar ki, seçkilərə getmədi. Yəni Gürcüstanda bu seçkidə iştirak edən əsas hər iki partiyanın fəalları oldu. İndi yəqin ki, qeyri-fəal, siyasi fəallığı ilə seçilməyən vətəndaşları biz seçki məntəqələrində görəcəyik. Artıq bizim partiya bu sahədə ciddi iş aparır. Bundan başqa, belə bir məqam da var. David Bakradzenin “Avropa Gürcüstanı” Partiyası təxminən 10 faiz səs toplamışdı. Mən burada yaşayan adamam, bilirəm. Bu seçicilərin böyük əksəriyyəti həmin o Saakaşviliyə, rasionallara nifrət edən, amma bizdən də müəyyən məqamlara, mülahizələrə görə incik düşən, siyasi cəhətdən fəal adamlar idilər. Bunların səslərinin yarsını da biz əldə etsək, mən əminəm ki, önəmli, hətta mən belə deyərəm ki, ik rəqəmli fərqlə müxalif partiyalara qalib gələcəyik.
- Qeyd etdiyimiz kimi, Vaşadze seçkilərin 20-25 faiz saxtalaşdırıldığın bəyan etdi. Amma Saakaşvili isə seçkidə 1-in 2,5-ə nisbətində qalib gəldiklərini elan etdi. Bu haqda nə deyə bilərsiniz?
- Özün hesab et, onlar 37 faiz səs toplayıbsa, 2,5-ə vur, bu, 100 faiz edir, onda bizim səslərimiz haradadır? Deməli, biz heç səs toplamamışıq(red-gülür)?! O, səydi. Bu həqiqətə uyğun olmayan şeylərdir. Amma mən onların elə bəyanatlarına rast gəlməmişəm. Onlar iddia edirlər, amma o boyda böyük rəqəmlər demirlər. Sən bilmirəm bu məlumatları haradan almısan? Sadəcə olaraq onlar deyirlər ki, birinci turda heç kim qalib gəlmədi, amma ikinci turun qalibi bizik.
 - Mətbuatda bu açıqlamalar var. Vaşadze də konkert deyib ki, seçkilər 20-25 faiz saxtaladırılıb...
- Vaşadzenin deməyi ilə onlar 60 faizdən artıq səs toplayıblar. Belə bir şey ola bilməz, deyir də. Sizi əmin edirəm ki, bu, həqiqətə uyğun deyil. Bu gündə mənim eloğlularım mənim mövqeyimi bilirlər ki, mən heç vaxt ifrata varmamışam, heç bir saxtakarlığa qol qoyan adam deyiləm. Amma onların  dedikləri yalandr, böhtandır. Deyirlər də. Bəribaşdan deyirlər ki, ay seçki saxtalaşdırılacaq. Bəribaşdan şivən salırlar ki, bəlkə seçkidən sonra camaatı qaldıra bildilər. O da ola bilər. Bizim partiya yetərincə işləmədi və cəmiyyət də bunun cavabını verdi. Çox gözəl. Mən şəxsən bunu çox gözəl, düzgün hal hesab edirəm. Yəni cəmiyyət seçkinin adekvat cavabını verdi. Bizim yetərincə fəal, mütəşəkkil olmamağımızın, qüvvələrimizi səfərbər etməməyizimin nəticəsi oldu. Bu da normal haldır. Burada vahiməyə, panikaya  düşməli heç nə yoxdur. Normal demokratik cəmiyyət belə olmalıdır.

Şamo EMİN, Hurriyyet.org