Varlıq varmı?

...bu ölkənin xalqı yoxsa, onda mən necə prezident ola bilərəm?

(Fəlsəfi söhbətlər)

Bütün səma cismləri ki cansız elementlərin sintezindən əmələ gəliblər, varlıq hesab olunur. Yəni, ay, ulduzlar, astroidlər, dumanlıqlar, qalaktikalar…, «varlıq» adlanır.

Bəli, müvəqqəti olsalar da, onlar vardırlar, boşluqlarda hey fırlanır, fırlanırlar. Bəziləri yanır, istilik və işıq saçır, bəziləri daş, qaya, dəmir, hətta qızıl və s. kimi, boşluqlarda milyon-milyon illərlə fırlanıb gəzirlər.

Lakin əgər onları görən, seyr edən insanlar olmasaydı, bəs onda necə, onlar varlıq hesab oluna bilərdilərmi? Kim onları varlıq hesab edəcəkdi? Heç kim. Özləri özlərini ki, nəsə adlandıra bilmirlər, tanımırlar. Başqa tanıyanlar da yoxsa, bəs onlar nə olardılar?

Heç nə!

Deməli, varlıq, ona görə var ki, onu varlıq hesab edən var, bu hesab edən olmasa, varlığın varlığı onun yoxluğuna bərabərdir. Onda onun varlığı ilə yoxluğunun heç bir fərqi olmazdı. Və deməli, insansız varlıq da yoxdur. Yəni, varlıq, əslində yoxdur. Deməli, varlıq, kiminçünsə var olanda var, o kimsə olmasa, varlıq da yox olur. O, ha öz-özünə boşluqlarda fırlansın.

Məsələn, tutalım, mən bir ölkədə prezidentəm. Tutalım, ha… Əgər bu ölkənin xalqı yoxsa, onda necə prezident ola və adlana bilərəm? Kimlərin prezidenti olaram? Daşın, qayanın, çayın, gölün, torpağın, pulun, qızılın prezidenti olarmı?

Deməli, kainat, bütün səma cismləri ona görə var ki, insanlar var. İnsanlar yox olanda əslində, kainat da yox olacaq, hətta qalaktikalar hələ bir müddət boşluqlarda mənasız-mənasız fırlansalar da.

Deməli, əslində varlıq - həyatdır, daha dəqiqi, insanlardır, lap dəqiqisə, ayrı-ayrı nüsxələr - Aristotel, Nitsşe, Eynşteyn, Plank kimi fövqəlinsanların beyinləridir. Bütün insanların yox a, yalnız fövqəlinsanların. Üç, beş, ən çox bir neçə yüz insanın beyni, beyninin neyronlarıdır. «Varlıq» deyilən yalnız bunlardır, başqa, kainatda heç nə yoxdur.

Əlisa Nicat