​VAQİF ƏSƏDOVUN “HUMANİZMİ” - Və yaxud DYP sarı zolaq qadağası ilə bağlı cərimələri niyə “bağışlamağa” məcbur oldu?

Baxış sayı:
9573

İyulun 28-də Dövlət Yol Polisi İdarəsinin qanunsuz olaraq tətbiq etdiyi sarı zolaq qadağasınn müddəti bitdikdən sonra bir sıra saytlarda “Bakı şəhər Dövlət Yol Polisi İdarəsi sarı zolaq qadağası ilə bağlı sürücülərə güzəşt edib, cərimələri bağışladı” kimi yazılar dərc olundu. Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik Vaqif Əsədova istinadən verilən məlumatda DYP-nin vətəndaşlara tətbiq olunan qanunsuz cərimələrin “bağışlanması” humanist bir addım kimi cəmiyyətə sırındı.
Bununla belə, V.Əsədov onu da bildirdi ki, bir neçə sürücünün cəriməsi bağışlanmayacaq: “Yol polisi yarışların təhlükəsiz, rahat keçməsini, sürücülərimizin isə sarı zolaq qadağasına əməl edərək həmrəylik nümayiş etdirməsini nəzərə alaraq onlara elektron qərar tətbiq etməyəcək. Yalnız bir neçə sürücü cərimə olunub ki, onlar da idmançılar patrul maşını ilə müşaiyət olunarkən kobud şəkildə avtomobil karvanının qarşısına çıxanlar, onlara yol verməyənlər, yəni sarı zolağı boşaltmayan sürücülərdir”.
Göründüyü kimi, burada DYP-nin heç bir humanist addımından söhbət getmir. Hətta cəmi bir neçə sürücü cərimələnsə belə, bu, qanuna ziddir. Çünki DYP Nazirlər Kabinetinin sarı zolaq xətti ilə bağlı qərarı olmadan, həmin sürücləri qanunsuz olaraq cərimələyib. Odur ki, “Yol polisi sürücüləri bağışladı” başlıqlı yazılarla DYP-nin qanunsuz qərarına haqq qazandırmaq istəyən bəzi media numayəndələri də bilməlidir ki, burada “bağışlanma” söhbəti yoxdur. Axı, Azərbaycan hərbi qanunlarla idarə olunmur ki, hansısa generalın əmrinə mülki vətəndaşlar qeyd-şərtsiz əməl etsin. Bu ölkənin Prezidenti və qanunları var... 

Dövlət Yol Polisi İdarəsinin özbaşına sarı xətt qadağası tətbiq etməsi, daha sonra isə məcburiyyət qarşısında qalaraq “cərimələri bağışlaması” sadəcə fırıldaqcılıqdır. Fırıldaqcını da ifşa etmək lazımdır. Necə ki, ilk gündən “Hürriyyət” qəzeti və Hurriyyet.org saytı olaraq sarı zolaq qadağasının qeyri-qanuni olduğunu oxucularımızın diqqətinə çatdırmış və vətəndaşların qanunsuz cərimələnməsinin qarşısını almaq üçün bu mövzunu ictimailəşdirmişik. Amma, çox təəssüf ki, DYP-nin qanunsuz qəbul etdiyi qərarla bağlı vətəndaşları, sürücüləri məlumatlandırdığımız və bu mövzunu gündəmdə saxlayaraq vətəndaşların pozulan huquqlarının təmin olunması istiqamətində ardıcıl, prinsipial movqe sərgilədiyimizə görə məhkəmə ilə hədələnməkdəyik...
Digər tərəfdən, DYP cərimələri bağışlayan idisə, niyə qurumun sözçüsü Vaqif Əsədov “Hürriyyət”in əməkdaşı sarı xətt qadağasının qanunsuz olduğunu nəzərinə çatdıranda, o, bizi qəzet olaraq ajiotaj yaratmaqda ittiham edirdi? Halbuki, bizim qəzet olaraq ajiotaj yaratmaq üçün heç bir məqsədimiz ola bilməz. Çünki faktiki olaraq bu qadağanın qüvvəyə minməsi üçün Nazirlər Kabinetinin qərarı olmalıdı. V.Əsədov isə biz etiraz olaraq “Olacaq, olmayacaq, bu, sonrakı məsələdi. Söhbət 20-dən 28-i tarixinədək olan ərəfədən gedir. Hələ bu gün ayın 19-dur, siz hay-küy salırsınız, ajiotaj yaratmaq istəyirsiniz”, - deyə vurğulamışdı.
Görünən o idi ki, bəzi məmurlar hər şeyi öz arşını ilə ölçür. Görəsən, hansısa qanunun tələbi nə vaxtdan ajiotaj yaratmaq hesab olunur? Bu ikrah doğuran möve nədən irəli gəlir, onu isə demək çətindir.
“Hansısa qərara yoxdursa, DPY necə sarı zolaq qadağası qoyur” sualından isə hiddətlənən Əsədov ölkədə hər şeyin nəzarətdə olduğunu deməklə nəyə işarə vururdu? Bəlkə, yekunda bu cərimələri vətəndaşlardan ala bilməyəcəklərinin fərqində idi?! Axı, necə olmasa da, haqq nazilər, üzülməz.
Onu da qeyd edək ki, Vaqif Əsədov “Nazirlər Kabinetinin qərarı olmalıdı, olacaq-olmayacaq, bu, sonrakı məsələdi” desə də, sonradan redaksiyamıza telefon açan Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Kamran Əliyev isə iddia etdi ki, “Nazirlər Kabinetinin qərarı var”. Təəccüblüdür ki, V.Əsədov geri qalıb, qərardan xəbəri yoxdur, yoxsa K.Əliyev irəli düşüb, çox bilir? Əslində, biz Nazirlər Kabinetinin saytında yerləşdirilən qərar və sərəncamları gündəlik izləyirik və bu gün də əminliklə bəyan edirik ki, belə bir qərar yoxdur.
Yeri gəlmişkən, Vaqif Əsədovun bizimlə aqressiya ilə danışması da səbəbsiz deyil. Zənnimizcə, bunun 3 əsas səbəbi ola bilər. Birincisi, görünür, arxasında dayanan “böyük əl”ə güvənir. İkincisi, kifayət qədər sərvət toplaması, üçüncüsü isə özünü bir sözçüdən daha çox, oliqarx hesab etməsi ilə bağlı ola bilər. Bu isə ondan irəli gəlir ki, artıq vəzifəsi ilə vidalaşması üçün vaxt yetişib, əks halda media nümayəndələri ilə davranışda kobudluğa yol verməzdi. Üstəlik, bütün bunlara rəğmən, bizi məhkəməyə də verib. Məşədi İbad demiş: “Mənə meymun dediyin bəs deyil, hələ bir əl də verirsən?!”
Bu arada, əldə etdiyimiz məlumata görə, sarı zolaq qadağası qüvvədə olduğu müddətdə ümumilikdə 1600-ə yaxın sürücü cərimələnib. DYP bu cərimələri “bağışlayıbsa” belə, bu, “Hürriyyət”in qadağanın qanunsuz olduğunu ictimaiyyətə çatdırmasından sonra baş verib. Görünür, bizə qarşı aqressiya da elə burdan qaynaqlanır...
Ona görə də, əziz sürücülər, iyulun 20-sindən 28-dək davam edən sarı zolaq qadağası ilə bağlı sizə tətbiq olunmuş qanunsuz cərimələri ödəməyin. Bu, sizin haqqınızdır, haqqınızı tələb edin!
Şamo EMİN, Hurriyyet.org