“Valyutadəyişmə məntəqələri yenə də böyük spekulyasiya mərkəzinə çevrilməyəcəklər?” – SABİQ MALİYYƏ NAZİRİ

Baxış sayı:
3640

“Mən valyutadəyişmə məntəqələrinin banklardan, onların filiallarından və nümayəndəliklərindən kənarda açılmasının tərəfdarı deyiləm. Bu məsələyə münasibətimi vaxtilə mətbuat səhifələrində dəfələrlə açıqlamışam”.
Muxalifet.az xəbər verir ki, bu barədə keçmiş maliyyə naziri Fikrət Yusifov açıqlama verib.

“Valyutadəyişmə məntəqəsinin hansı banka aid olduğunun bilinməsi çox önəmli bir məsələdir”

F. Yusifov əlavə edib ki, bunun acı nəticələrini 2015-ci ildə manatın iki kəskin devalvasiyası zamanı hər kəs gördü: “Heç bir banka aidiyyatı olmayan valyutadəyişmə məntəqələri valyuta bazarında yersiz gərginlik yaratmaqla, on milyonlarla pul qazandılar. İtirən isə sadə insanlar və dövlət oldu. Bu səhvlərin təkrar olunmasına ehtiyac varmı? Kim zəmanət verir ki, neftin qiymətlərində kəskin azalmalar baş verəcəyi bir halda, bu məntəqələr yenə də böyük spekulyasiya mərkəzinə çevrilməyəcəklər? Rusiyada və Türkiyədə və başqa ölkələrdə valyutadəyişmə məntəqələri bir qayda olaraq bankların özündə, onların filiallarında və ya nümayəndəliklərində fəaliyyət göstərirlər. Valyutadəyişmə məntəqəsinin hansı banka aid olduğunun bilinməsi çox önəmli bir məsələdir. Bu həm də ölkənin maliyyə təhlükəsizliyi, terrorun və başqa neqativ əməllərin maliyyələşdirilməsinin qarşısının alınması nöqteyi-nəzərindən də çox vacibdir”.

“Biz yenidən əvvəlki vəziyyətə hansı məntiqlə qayıdırıq?”

Yusifov yada salıb ki, iki ilə yaxındır bağlanılan məntəqələrin bərpa olunması anlaşılan deyil: “Bu iki ildə nə baş verib? Bu gün kimsə hansısa bankda, onun filialında və ya nümayəndəliyində fəaliyyət göstərən valyutadəyişmə məntəqəsində valyuta alıb-satmaqda çətinlik çəkirmi? Mən deyərdim yox. Bəs, onda biz yenidən əvvəlki vəziyyətə hansı məntiqlə qayıdırıq?
Yeri gəlmişkən, hansı banka mənsub olduğu bilinməyən belə valyutadəyişmə məntəqələrində neqativ halların daha çox baş verəcəyi də istisna deyil. Belə məsələlərdə bankın məsuliyyəti ilə 6 kvadratmetr sahədə yerləşən üstəqil valyutadəyişmə məntəqəsinin məsuliyyəti eyni ola bilməz. Əgər doğrudan da ölkədə və Bakı şəhəri də daxil olmaqla iri şəhərlərdə valyutadəyişmə məntəqələrinə təlabat artıbsa, onda vəziyyətdən çıxışın daha düzgün yolu konkret olaraq hansısa banklara məxsus bir neçə ixtisaslaşmış iri və eyni zamanda çoxlu sayda müştəriyə eyni zamnda xidmət etmək iqtidarında olan valyutadəyişmə məntəqələrinin açılması daha uyğun hesab edilə bilər”.

Cavid, Muxalifet.az