Valideynlər şikayətlənir, direktor təkzib edir - "Tədris prosesinin davam etməsi üçün əngəl yoxdur"

Baxış sayı:
6799

Ötən gün "Sovetski"də söküntü zonasında baş vermiş partlayışdan sonra yaxın əraziyə qaz və suyun verilməsi dayandırılıb.

Müvəqqəti olaraq elektrik enerjisi, su və qaz təchizatından məhrum olan obyektlər arasında yaxınlıqdakı Avropa liseyi də var. Bu barədə Turan-a valideynlər məlumat veriblər.

Onların sözlərinə görə, iki gündür ki, məktəbə qaz və su verilmir. Bununla əlaqədar məktəb qızdırılmır. Onlar bildirirlər ki, həmin ərazidə binaların sökülməsi səbəbindən vaxtşarı qaz və suyu kəsirlər.

Valideynlər ehtiyat edirlər ki, partlayış, ümumilikdə həmin zonada tikililərin demontajı üzrə kütləvi işlər 70-80 il öncə tikilmuş binalara da təsir edə bilər.

Lakin təhsil müəssisəsinin direktoru Zülfiyyə Veysova Turan-ın müxbiri ilə söhbətində liseyin həyat əhəmiyyətli xidmətlərdən məhrum olunması barədə məlumatı təkzib edib.

"Hazırda məktəb normal vəziyyətdə fəaliyyət göstərir, elekrik enerjisi, su, qaz var, otaqlar istidir, təchizat 100% yerinə yetirilir", - direktor bildirib.

Eyni zamanda o etiraf edib ki, "partlayışın baş verdiyi gün birinci korpusda ilk iki dərs müddətində bir saatlığa elektrik enerjisi kəsilib".

Direktorun sözlərinə görə, onun müvafiq xidmətlərə müraciətindən sonra elektrik təchizatı bərpa edilib.

O həmçinin bildirib ki, partlayışdan sonra vəziyyətin qiymətləndirilməsi üçün FHN, "Azəriqaz" İB və digər xidmətlərin nümayəndələri məktəbə gəliblər.

Z.Veysovanın sözlərinə görə, tədris prosesinin davam etməsi üçün əngəl yoxdur.

Xatırladaq ki, yanvarın 9-na keçən gecə Tolstoy küçəsi, 40 ünvanında baş vermiş partlayış nəticəsində 3 nəfər həlak olub. İlkin məlumata görə, partlayışa qaz sızması səbəb olub.