Vaksinlər Azərbaycana niyə çatdırılmır? - "Azərbaycana münasibətdə ikili standartlara yol verilir"

Baxış sayı:
1304

Rəsmi statistikaya görə, Azərbaycanda hazırda 525 mindən artıq şəxs yeni növ koronavirusa qarşı peyvənd olunub. Səhiyyə Nazirliyinin məlumatına görə, ölkədə vaksinasiya prosesi yalnız Çin istehsalı olan "Sinovac" peyvəndi ilə həyata keçirilir. Rəsmilər habelə bildirir ki, Azərbaycana başqa peyvəndlərin gətirilməsi üçün keçən il müqavilələr bağlansa da, hələlik, həmin vaksinlərdən səs-soraq yoxdur.

Prezident İlham Əliyev də hələ fevralın 26-da keçirilən mətbuat konfransında demişdi ki, Azərbaycan lap əvvəldən COVAX layihəsinə (Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) peyvəndlərlə bağlı proqramı) qoşulub: "Bu layihə üzrə biz "AstraZeneca", "Pfizer" və "Moderna" peyvəndlərini almalıyıq…. Lakin, hələlik, bu vaksinlər bizə daxil olmayıb".

Rəsmi media orqanlarında son bir neçə gündə 50 ölkəni birləşdirən COVAX platforması vasitəsilə Azərbaycana vaksinlərin göndərilməməsi qərəzli bir addım kimi dəyərləndirilir.

Milli Məclisin Səhiyyə komitəsinin üzvü Məlahət İbrahimqızı "Turan" agentliyinə bildirib ki, COVAX xətti ilə bu ilin yanvar-mart aylarında Azərbaycana vaksinlərin ilk partiyası təqdim edilməli idi: "Ancaq hələ də COVAX platforması çərçivəsində Azərbaycana vaksin təqdim edilməyib. Deməli, Azərbaycanla bağlı öhdəlik yerinə yetirilmir".

 

 

Deputatın dediyinə görə, bir neçə gün əvvəl məlum olub ki, COVAX-ın Azərbaycana vəd etməsindən daha az sayda vaksin verəcəklər: "Hətta bu vaksinlərin verilmə vaxtı da qeyri-müəyyəndir. Bu, qəbuledilməzdir. COVAX tərəfindən dost Gürcüstana artıq ilk partiya vaksinlər çatdırılıb. Azərbaycan pandemiya ilə mübarizədə qlobal səyləri səfərbər edib, 30 ölkəyə yardım edib, koronavirusa qarşı mübarizə üçün ÜST-ə 10 milyon dollar ianə edib. Amma yenə də Azərbaycana münasibətdə ikili standartlara, qeyri-ciddi yanaşmaya yol verilir".

Komitə üzvü vurğulayıb ki, COVAX koronavirusa qarşı vaksinin bütün ölkələrə münasibətdə ədalətli bölüşdürülmə missiyasının öhdəsindən gələ bilməyib: "İnkişaf etmiş bir sıra ölkələr əhalisinin sayı ilə müqayisədə hətta bir neçə dəfə çox vaksin alır, ancaq bir çox kasıb ölkələr hələ də vaksin əldə edə bilməyib".

M.İbrahimqızı hesab edir ki, COVAX vasitəsilə Azərbaycana peyvəndlərin verilməsi yubansa da, bu, vaksinasiya prosesinə təsir göstərməyəcək: "Azərbaycan prezidenti hər zaman uzaqgörən və müdrik siyasətçi olduğunu təsdiqləyib. COVAX-ın vədlərinə baxmayaraq, Azərbaycan öncədən Çin şirkəti ilə müvafiq müqavilə imzalayıb, bu sahədə riskləri sığortalayıb. Rusiyadan da vaksin alınması üçün müqavilə bağlanıb. Artıq yarım milyona yaxın vətəndaşımıza Çindən gətirilmiş vaksin vurulub və proses uğurla davam edir".

Bu deyilənlərə, hələlik, ÜST-dən və sözügedən proqramın təmsilçilərindən münasibət almaq mümkün olmayıb. Amma bəzi kütləvi informasiya vasitələrində COVAX-a istinadən yer alan cavablarda qeyd edilib ki, Azərbaycana vaksin, gözləniləndən az olsa da, göndəriləcək.

Bezi ekspertlər isə "Azadlıq" rRadiosuna deyiblər ki, vaksin istehsal edən ölkələrin COVAX çərçivəsində başqa dövlətlər qarşısında heç bir öhdəliyi yoxdur: "Sadəcə, bu, müsbət bir təşəbbüsdür...".

 

 

Tibb elmləri üzrə fəlsəfə doktoru Vasif İsmayıl "Azadlıq" radiosuna bildirib ki, peyvənd istehsalçıları lazım olan həcmdə vaksinləri istehsal etməkdə çətinlik çəkir: "7 milyard insan üçün peyvənd istehsal etmək o qədərdə asan deyil. Nəzərə alsaq ki, peyvənd iki dozalıdır, iş ikiqat çətinləşir".

Ekspert deyib ki, COVAX platforması ölkələr arasında peyvəndin ədalətli bölgüsünü təmin etməli idi: "Burada varlı, kasıb ölkə söhbəti olmamalıdır. Amma bu platformada təmsil olunan böyük dövlətlər hərəsi öz gücündən istifadə edərək öz əhalisinin xeyrinə qaydaları pozmağa başladılar. Peyvəndi istehsal edən zavodlar həmin dövlətlərin ərazisində yerləşir. Lakin bu ədalətsiz yanaşma yalnız Azərbaycana yox, digər ölkələrə qarşı da mövcuddur".