Üzeyir Cəfərovdan SENSASİON İDDİA: “Əgər ruslar düşən təyyarəmizin qara qutusunu götürsələr, məsələ bununla da bitdi”

Baxış sayı:
4323

Üzeyir Cəfərov: “Çox təəssüf edirəm ki, bu axtarışa ruslar dəvət olunub”

Rusiyanın Xəzər dənizi filotiliyası Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışında iştirak edir.

“50 nəfərlik axtarış dəstəsinin tərkibində “Anatoli Qujvin” kiçik hidroqrafiya gəmisi, “SB-45” xilasetmə-yedək gəmisi, çoxməqsədli mobil “MMK-1-100” kompleksi yer alır”, - deyə Rusiya Cənub Hərbi Dairəsinin mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

O da qeyd olunub ki, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir.

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib.
Image result for üzeyir cəfərov

Qəza baş verən andan bu günədək davam edən küləkli əlverişsiz hava şəraitinə baxmayaraq, axtarış əməliyyatları hazırda da intensiv aparılır.

Onu da nəzərə çatdıraq ki, qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin və itkin düşən pilot polkovnik-leytenant Rəşad Atakişiyevin axtarışı üzrə keçirilən əməliyyatlara iyulun 31-dən Bakıya gələn Türkiyə Respublikasının aidiyyəti qurumlarının xüsusi avadanlıqlar və qurğularla təchiz edilmiş mütəxəssisləri də cəlb olunub.

Açığı, Azərbaycan Silahlı Qüvvələrinin qəzaya uğramış MiQ-29 təyyarəsinin axtarışı üçün 50 nəfərlik Rusiya axtarış dəstəsinin qoşulması bir sıra suallar yaradır. Çünki ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov hadisə baş verən gündən burada Rusiyanın əlinin olduğunu ehtimal etmişdi və ilk gündən demişdi ki, qızaya uğrayan təyyarənin qara qutusu heç bir halda Moskvaya təqdim edilməməlidi.

Maraqlıdır ki, bu halda Rusiyanın axtarışa qoşulması qara qutunun tapılmasını əngəlləyəcəkmi?

“Rusiya qara qutunun da tapılmasında maraqlıdır”

“Hürriyyətin” sualını cavablandıran hərbi ekspert Üzeyir Cəfərov dedi ki, o, fərqli düşünür: “Hava şəraitindən asılı olaraq, yəqin ki, yaxın günlərdə Rusiya təyyarənin yerini də tapacaq: “Yəqin qara qutunun da tapılmasında maraqlıdır. Mənə elə gəlir ki, Rusiya tərəfi Türkiyənin axtarışlara cəlb olunmasını bir qədər qısqanclıqla qarşıladı. Hərçənd ki, onlarda bununla bağlı əvvəldən də məlumat var idi. Amma mən düşünürəm ki, yaxın saatlarda, Xəzərdə hava şəraitindən asılı olaraq, ola bilsin 1-2 günə təyyarənin yeri təsbit olunacaq. Çünki Rusiyanın radarları daha dəqiqliyi ilə bilirlər ki, hansı təyyarə hansı trayektoriya üzrə uçub, hansı nöqtədə onunla əlaqə itib. Sadəcə, mənə qəribə gəldi ki, niyə bu məsələ bu qədər uzandı? Təsəvvür edin ki, bir aya yaxınlaşır, nə təyyarənin özündən, nə də pilotdan heç bir xəbər yoxdur. Əlbəttə, ən çox ağrı, acı pilotun ailəsinə düşür, amma biz də hər halda üzülürük.

Mən ilk gündən səsləndirmişdim ki, bu, Rusiyanın Xəzərdə keçirdiyi təlimlə bağlı ola bilər. Amma nə Azərbaycan tərəfi, nə də Rusiya tərəfi bu məsələyə reaksiya vermədi. Mən Azərbaycan tərəfini də, Rusiya tərəfini də anlaya bilmədim. Çünki kifayət qədər ciddi arqument var idi ki, onlar həmin ərəfədə bəzi radioelektron mübarizə qoşunlarının həyacan siqnalı ilə Xəzər dənizini sarmışdılar və Cənubi Hərbi Dairəsinin şəxsi heyəti həmin o təlimlərdə iştirak edirdi”.

“Rusiya özünü heç vaxt Azərbaycana qarşı səmimi aparmayıb”

Ü. Cəfərov vurğuladı ki, Rusiya qara qutunu taparsa, buradakı obyektiv məlumatı heç bir halda verməyəcək: “Mən Rusiyaya heç vaxt inanmamışam, inanmıram da. Çünki indiyə qədər onların çox zibilləri, çox məsələlərdə əlləri olub. Ona görə də inanmıram. Rusiya 1990-cı ilərdə 20 Yanvar faciəsində əli qana batmış bir nəfər cinayətkarı belə təqdim etmədi. Baxmayaraq ki, bizim hərbi prokurorluq, baş prokurorluq deyir ki, biz sorğu göndərdik. Hətta bu yaxınlarda 6 ayın yekunlarına həsr olunmuş müşavirədə də belə bir fikir səsləndi ki, Azərbaycan tərəfi dəfələrlə Rusiyaya bəzi məsələlərlə bağlı müraciət edib, lakin Moskva özünü heç vaxt Azərbaycana qarşı səmimi aparmayıb. Mən çox təəssüf edirəm ki, bu axtarışa ruslar dəvət olunub”.

“Qorxuram ki, bu da 2008-ci ildə ora düşən başqa bir təyyarə ilə bağlı vəziyyətə oxşasın”

“O təyyarənin qalıqlarının və yaxud pilotun cəsədinin tapılması hər birimizin arzusdur, ən azından ailəsi sakit olsun, ailəsi bilsin ki, doğmasının, əzizinin cəsədi nəhayət tapıldı. Allah göstərməsin, qorxuram ki, bu da 2008-ci ildə ora düşən başqa bir təyyarə ilə bağlı vəziyyətə oxşasın. Çünki o vaxtı Əfqan Aslanov adında bir pilotumuz, kapitan tapıldı. İkinci Şəhidlər Xiyabanında dəfn olundu, amma digər pilotumuz, hərbi hissənin qərargah rəisi Fəxrəddin Əsgərovdan isə bu günə qədər heç bir xəbər yoxdur. Yəni necə oldu, heç bilinmədi”, - deyə hərbi ekspert təəssüf etdi.

“Rusiya təyyarəni tapacaq”

Cəfərov onu da qeyd etdi ki, Rusiya tərəfi ilk gündən axtarış, xilasetmə işləri ilə bağlı təklif etsəydilər, onların səmimiliyinə inanardı: “Amma indi onların bu prosesə qoşulmasının səmimiliyinə inanmıram. Yenə də deyirəm ki, böyük ehtimalla yaxın saatlarda, ola bilsin 1-2 günə təyyarənin tapılması ilə bağlı Rusiya özü üçün yeni bir divident əldə etmək üçün elan verəcək. Mən yenə də əvvəlki fikrimdə daha çox qalıram və belə başa düşürəm ki, Rusiya həm təyyarəni tapacaq, həm də Azərbaycan tərəfinə qara qutunun oxunması ilə bağlı müəyyən təklif irəli sürəcək. Sosial şəbəkələrdə bir sürü (Elə belə də yazarsınız) boşbağazlar var, hansılar ki, Rusiya üçün ölürlər, az qala gecə-gündüz röyalarında Rusiyanı görürlər, onlar deyirlər ki, təyyarənin qara qutusunu Bakıda da oxumaq mümkündür. Daha bu savadsızlar bilmirlər ki, keçmiş SSRİ dövründən Rusiya ərazisində yalnız böyük bir laboratoriya var. O laboratoriyada təyyarə və vertalyotlar qəzaya uğrayandan sonra onların qara qutusu orada oxunur. O laboratoriya keçmiş MDB məkanında yeganə Moskvadadır. Əgər onlar qara qutunu götürsələr, məsələ bununla da bitdi. Heç vaxt biz MİQ-29-un hansı səbəbdən qəzaya uğraması ilə bağlı heç bir məlumat əldə etməyəcəyik”.

“Orada 600 kilometr məsafənin olmasını mən şəxsən düşünmürəm”

“Yayılan məlumata görə, axtarış bölgəsinin ərazisi 600 kvadrat kilometrdən çoxdur, dərinliyi isə 40 metrdir. Təlim keçən təyyarənin 600 kilometr məsafədə olması mümkündürmü” sualına Ü. Cəfərov belə cavab verdi: “600 kilometr həyatı boyu ola bilməz. 600 kilmetr gedib hara çıxır. Bilmirəm o məlumatı kim yayıb. Yəqin onların Xəzər dənizində Azərbaycanın Rusiya, Qazaxıstan, İran sərhədləri ilə bağlı dəqiq məlumatları yoxdur. 600 kilometr nədir? Çox absurd bir rəqəmdir. Başa düşümürəm, bunlar təyyarəni Rusiya ərazisində axtarırlar? O məsafəyə Azərbaycanın təyyarəsinin girməsi mümkün deyil. Təyyarənin uçuş trayektoriyası da, onun təlim proqramını harada həyata keçirməsi də bəllidir. Orada 600 kilometr məsafənin olmasını mən şəxsən düşünmürəm”.

Şamo EMİN, Hurriyyet.org

Redaksiyadan: Dünən günorta saatlarında MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazinin müəyyən edildiyi açıqlandı. Müdafiə Nazirliyi xəbər verir ki, aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılır. Təyyarənin əsas hissəsinin dənizin dibindən çıxarılması üzrə hazırlıq işləri görülür.