Uzaq Tuvada Azərbaycan sevgisi

Anay Haak Orlanqızı: “Bizlər tuva xalqı olaraq Türk Dünyası ailəsinin bir parçasıyıq

“Tuvanın kəndləri və qəsəbələrində bizlər əski Gök Tanrı inancımızı yaşatmaqda davam edirik

“Bizim bəstəçilər Üzeyir Bəyin musiqi xəzinəsinin irsini araşdırmaqla öz milli mədəniyyətimizin inkişaf yollarını arayırlar

Tuvanın başkəndi Kızılda Nəfəsli və Zərb Alətləri Musiqi Kollecinin müdavimi Anay Haak Orlanqızı bu türk respublikasında gənclər arasında ən mahir nəfəsli alətlərin ifaçısı kimi tanınır. Xobrax, sıılas, manki, pırgi kimi nəfəsli çalğı alətləri ilə yanaşı, sıqır, çatxan, timir (dəmir) xomıs və varqan simli alətlərində də ifaçılıq məharətinə malikdir. Hal-hazırda Tuva Dövlət Nəfəsli Alətlər Orkestrinin solistidir. Anay xanım deyir ki, çalışdığı orkestrdə Azərbaycan musiqisinə daim önəm verilmişdir. Ümumiyyətlə son illərdə Tuvanın teatrlarında Azərbaycanla bağlı bir sıra mədəniyyət hadisələri yaşanılmışdır. Anay xanımla da söhbətimizi elə bu məcrada davam etdiririk.
–Anay xanım, Tuvada Azərbaycana olan bu sevginin sirri nədədir?
–İlk öncə bildirmək istəyirəm ki, bizlər tuva xalqı olaraq, Türk Dünyası ailəsinin bir parçasıyıq. Əslində bizim etnologiyamız indiki xakas, qazax, qaraqaplaq və qırğız xalqları ilə eynilik təşkil edir. Bu türk toplumları tarixən vahid bir türk etnosu olaraq Karakırğız adlanıblar. Cüzi ləhcə fərqlərinə görə, Rusiyanın Güney Sibir bölgələrini işğal etdikdən sonra tuva sözü etnoloji və etnonim kimi qəbul etdirilmişdir. Əgər qazax, qaraqalpaq, və qırğızlar islam dinini qəbul etmişlərsə, tuvalılarda şəhər mühirində yaşayan toplum buddist inanclı kimi tanınırlar. Bununla yanaşı, Tuvanın kəndləri və qəsəbələrində bizlər əski Gök Tanrı inancımızı yaşatmaqda davam edirik. Eləcə də Rusiyanın İrkut və Kızıl Yar (Krasnoyarsk) vilayətləri, Altay, Udmurtiya, Moğolstan, Çin və Qazaxıstanla sınırların uzlaşdığı məkanda yerləşirik. 1944-cü il 17 avqust tarixinə kimi Tuva ayrıca Tandı Tıva Ulus (Tuva Xalq Respublikası) adı ilə müstəqil bir dövlət olmuşdur. Bu çağa kimi, Rusiya və Çinin Güney Sibir bölgələrini işğal siyasəti sayəsində biz tuvalılar daim yadelli işğalçıların ağır və üzücü basqılarına düçar olmuşuq. Bu qanlı savaşlarda xalqımız minlərlə şəhid verib. Bütün bunlara baxmayaraq, bizlər kimliyimizi və respublika hüququmuzu qoruya bilmişik.
–Bəs indi durum necədir?
–1944-cü ildə Tuva keçmiş Sovetlər Birliyi tərəfindən işğal edildikdən sonra, bizim ana dilimizdə təhsil almaq və milli mədəniyyətimiz tamamilə yasaq edilmişdir. İndi bütün bu acı həqiqətləri bir nəfərin, yəni türk xalqlarına qarşı dərin nifrət sərgiləyən diktator İosif Stalinin adına yazılır. Əslində Sovetlər Birliyinin mahiyyəti bütün türk xalqlarını inkarı üzərində siyasətin aparılmasından ibarət idi. 1985-ci ildən sonra bizim xalq milli kimlik və mədəniyyətinə əsil mənada sahib çıxmağa başlamışdır. 30 ildir bizlər faktiki olaraq renesans çağımızı yaşayırıq. Tuva Dövlət Filarmoniyasının, Tuva Dövlət Nəfəsli Alətlər Orkestrinin, Xalq Çalğı Alətləri Orkestrinin, eləcə də Milli Musiqi Dram Teatrının, Dövlət Milli Orkestrinin və Tuva Xalq Yaradıcılığı Mərkəzinin mədəniyyət mərkəzlərinin indiki repertuarında Türk Dünyasının ən ünlü sənət əsərləri də yer almışdır. “Dədə Qorqud” eposunun Dəli Domrul boyu bizim teatrımızda tamaşaya qoyulması ən böyük sənət uğurlarından biri sayılır. Biz bu tamaşa ilə, Yaponiya, Güney Koreya, Polşa, Türkiyə, ABŞ, Kanada və Almaniyada qastrol səfərlərində olmuşuq. Üzeyir Hacıbəylinin “Arşın Mal Alan” musiqili komediyasını müzikl şəklində tamaşaya qoymaqla ən uğurlu gəlir gətirən əsərlərdən biri kimi bu gün də tamaşaçılar üçün qiymətli əsər olaraq sevilir.
–Azərbaycan diasporu necə, bu proseslərdə yaxından iştirak edirmi?
–Əlbəttə, onlar bizim mədəni-kütləvi tədbirlərimizdə yaxından iştirak edirlər. Bizim prezidentimiz Şolban Kara ool (oğlu) Ələkbər Qarayev və Nəsimi Həsənov kimi diaspor liderləri ilə daim əlaqə saxlayır. “Odlar Yurdu” Azərbaycan Milli-Mədəni Muxtariyyəti diaspor təşkilatı ilə hər il çoxsaylı proyektlər əsasında birgə fəaliyyətlər nizamlanır. Bu da Tuvada azərbaycanlılara olan istimi münasibətin əyani sübutudur. Tuva Yazıçılar Birliyinin sədri Eduard Mijitin respublikamızda yaşayan qazax, qırğız, türkmən, altay, oranxay, xakas, marı, tatar, başkort, uyğur türklərinə məxsus mədəniyyət mərkəzləri ilə bu isti münasibətlərin təməldaşı sayılır. Demək olar ki, türk xalqlarına məxsus diaspor təşkilatlarının hamısının ayrıca musiqi kollektivləri, bazar günləri açılan dili kursları vardır. Başkəndimiz Kızıl şəhərində fəaliyyət göstərən “Oktay” (tuva türkcəsində bizim duyğu, ruh) Estrada Ansamblının repertuarında Türk Dünyasının xalq və estrada mahnılarına özəlliklə yer verilir.
–Azərbaycanlıların sayı Tuvada təxminən nə qədər olar?
–Rəsmi statistika ilə sayınız 500 nəfərdən çoxdur. “Azəri” diaspor təşkilatı 2011-ci ildə rəsmi qeydiyyata alınıb. Bununla yanaşı, qonşu bölgələr qismində Kızıl Yar vilayətindəki azərbaycanlıların diaspor təşkilatları daim Tuvada mədəni tədbirlərdə iştirak edirlər. Tuvada Azərbaycanda və Türk Dünyasında ən mühüm bayramlardan biri kimi çox dəyərli olan Çaqan Sar, buna altay türkləri Çaqa Bayram, xakaslar Çıl Pazı, şorlar Çıl Pazı və sizlərdə Novruz Bayramı çox möhtəşəm keçir. Ona görə də Yaz Bayramını bizlər hamılıqla birlikdə qeyd etməklə birlik və bərabərliyimizi nümayiş etdiririk. Yazın gəlişi ilə bağlı bayramın ilk günündə sizlərdə olduğu kimi, Tuvada da hər bir insan öz doğmalarının məzarını ziyarət edir. Bu bizdən öncəki əcadadlarımıza sayğı göstərmək və onların ruhuna oxunan dualarla ruhumuzda qan yaddaşımızı qoruyacağımıza sanki bununla da and içirik.
–Bəs fəaliyyət göstərdiyiniz Tuva Dövlət Nəfəsli Alətlər Orkestrinin repertuarında Azərbaycan musiqisinə önəm verilirmi?
–Bunsuz bizim orkestri düşünmək belə mümkün deyil. TÜRKSOY-un bütün tədbirlərində bizim orkestr ən fəal musiqi kollektivlərindən biri sayılır. Ona görə də repertuarımızda daim Türk Dünyasının ən ünlü musiqi əsərlərinə müraciətlər olunur. Üzeyir Hacıbəylinin əsərlərinin, xüsusilə də operettalarında və Koroğlu operasındakı ariyaların tayı-bərabəri yoxdur. Həmin əsərlərin möhtəşəmliyi ondan ibarətdir ki, operettalarındakı və Koroğlu operasındakı ariyaların möhtəşəmliyi olduqca əsrarəngizdir. Bu ariyaların alliterasiyası və diapozonu o qədər yüksək səviyyədədir ki, Avropanı və dünyanı diz çökdürən Qərb bəstəkarlarının əsərlərində buna rast gəlinməz. Çünki, türk xalqlarının dilindəki saitlərin sayı, sözün heca vəzninin yaradıcılığı, təbiətin səslərindən yaranmış harmoniyaya başda dillərdə rast gəlinmir. Üzeyir Bəyin dahiliyi də bundadır. Bizim bəstəçilər Üzeyir Bəyin musiqi xəzinəsinin irsini araşdırmaqla öz milli mədəniyyətimizin inkişaf yollarını arayırlar. Tuvada Azərbaycan sevgisinin mahiyyətinin sirri bax bundadır. Mədəniyyət xadimləri olaraq bizlər öz ifaçılığımızla bütün bunları xalqımıza çatdırırıq.
–Tuva və Azərbaycan arasında nə kimi əlaqələr var?
–Sizlərdə ən böyük arxeoloji maddi mədəniyyət  qaynaqlarından biri Şomu Təpə adlanır. Zatən Tuvada ayrıca Şomu Mədəniyyəti abidələri silasiləsi mövcuddur. Hər iki maddi mədəniyyət abidələrində qədim türklərin inanc kultu və mədəni mirası bir-birlərinə çox bənzəyirlər. Fikrimizcə, Türk Dünyasında arxeologiya və etnoqrafiya vahid mədəni irs kimi araşdırılmalıdır. Bax o zaman hər kəsin qarşısına çıxan suallara daha asanlıqla cavab tapıla bilər. Çox təəssüflər olsun ki, keçmiş Sovetlər Birliyi dönəmindən miras qalmış elmi konsepsiya hələ də davam etməkdədir. Bu da öz növbəsində vahid türk düşüncə sisteminin qədim mədəni ənənələrinin öyrənilməsində daim problemlər yaradır.
–Tuvanın alimləri bu yöndə hər hansı bir təşəbbüs göstəriblərmi?
–Təəssüflər olsun ki, Tuvadan fərqli olaraq, Altay və Xakasiyada arxeologiya elminə çox geniş mənada üstün münasibətlər göstərilməkdədir. Ona görə də, bu respublikalarda elmi baxımdan etnologiya üstün səviyyədə inkişaf etməkdədir. Bunu ona görə qeyd edirəm ki, hər bir xalqın mədəniyyətinin mirası onun etnoqrafiyasındadır. Ona sahib çıxan xalqlar daim güclü olurlar. Ənənələrinə, onun genetik yaddaşına önəm verən dövlətlər və xalqlar daim inkişaf etməyin düsturlarını da düzgün hesablaya bilirlər. Bu toplumlar heç bir zaman başqasının köləsinə və ya əsirinə də çevrilmirlər. Üzeyir Bəyin irsinin möhtəşəmliyinin sirli kodları xalq musiqisinin təməl prinsiplərinə köklənməsi sizin mədəniyyətinizin əbədiyaşarlığının simvolu sayılır. Tuvada isə bu boşluğu Moğolstan, Çin, Tibet və bəzən də Hindistan buddistləri doldurmaq üçün dərin siyasətlər aparırlar. Bizlər bir yandan yad ladlara qarşı mübarizə aparırıq, o biri yandan isə, özümüzün milli kodlarının açarı ilə əsl mədəniyyətimizi inkişaf etdirmək üçün əzmkarlıq göstəririk. Çox çətindir. Ancaq, geriyə yolumuz yoxdur.
–1920-1930-cu illərdə Özbəkistan, Qazaxıstan, Qırğızstan, Türkmənistan, Tacikstan, Quzey Qafqazdan Qaraçay-Balkar və Dağıstandan Azərbaycana gələrək həmin xalqlar üçün qarşılıqlı şəkildə mədəniyyətin bütün sahələri üzrə ali təhsil alırdılar. Beləliklə də həmin bölgələrlə Azərbaycan arasında mədəni əlaqələr ən yüksək səviyyədə inkişaf edirdi. Çox təəssüflər olsun ki, indi bu ənənələr tamamilə sırasdan çıxıb. Sizcə, bu ənənələri Türk Dünyasında necə inkişaf etdirmək olar?
–Tuvada fəaliyyət göstərən Azərbaycan diasporu, fikrimizcə, hər iki respublika arasında ən böyük körpü rolunu oynaya bilər. Qarşılıqlı tələbə mübadiləsi, mədəni tədbirlərin keçirilməsi, tariximizi, ədəbiyyatımızı tanıtmaq çox yaxşı olardı. “Dədə Qorqud” eposunu da bu məqsədlə bizim teatrda tamaşaya qoydular. Biz o tamaşa ilə təkcə Tuvada deyil, Altay, Xakasiya, Saxa (Yakutiya), Tatarstan, Başkortstan, Udmurtiya, Marı El, Komi, Mordva və Qazaxstanda qastrollarda çıxışlar etdik. “Dədə Qorqud” eposunun motivləri əsasında bir sıra simfonik əsərlər yazılmışdır. Tuvada Azərbaycan sevgisi bax beləcə həm yaşayır, həm də inkişaf etdirilir. Fikrimcə, bu gün qarşılıqlı tələbə mübadiləsi yolu ilə kadr hazırlığı məsələlərinə üstünlük verilməlidir. Bu yöndə sadəcə Türkiyə deyil, bütün türk respublikalarının milli proqramları olmalıdır. Tuva coğrafi baxımdan Qazaxıstana yaxın olduğu üçün, artıq bu yöndə bir sıra addımlar atılmaqdadır. Azərbaycanda bunun böyük ənənəsi var. Bu gün həmin ənənələrə üz tutmağın zamanıdır.
–Tuvalılar milli diaspor siyasətinə necə yanaşır?
–Tuvada hər il Moğolstan, Çin, Türkiyə, ABŞ, Kanada, Almaniya, Qazaxıstan, eləcə də Rusiya Federasiyasının Sibir, Altay, Ural bölgələrində yaşayan soydaşlarla yaradıcılıq törənləri keçirilir. Tuvanın zəngin təbiət aləminin mərkəzlərində hamılıqla xomusda öz mahnılarımızı ifa edirik. Təbii olaraq, Azərbaycan diasporunun nümayəndələri də digər türk toplumlarının nümayəndələri ilə birlikdə bu törənlərə qatılırlar. Biz eyni zamanda diasporla bağlı hər il bir neçə konfrans keçiririk. Milli ənənələrə söykəmli şəkildə hansı inkişaf yollarının vacib olduğunu müzakirə edirik. Moğolstan və Çindəki soydaşlarımızla çox sıx əlaqələr qurmuşuq. Maddi çətinliklər hər yerdə var. Əsas milli özümlülüyümüzü bütün sınaqlardan üzüağ çıxartmaqdır.
Söhbətləşdi: Ə. Yusifoğlu