Uydurma "erməni soyqırımı" ilə bağlı konfrans keçirilib - BAKIDA

Azərbaycan Universitetində “Uydurma erməni soyqırımı: yalanlar, iftiralar; türk-müsəlman soyqırımı: faktlar, həqiqətlər” mövzusunda II elmi konfrans keçirilib.

Elmi konfrans Heydər Əliyevin anadan olmasının 92, hakimiyyətə qayıdışının 22-ci ildönümünə həsr olunub.

Konfransda Azərbaycan Universitetinin rektoru Fərid Əhmədov, AMEA Tarix İnstitutunun direktoru, deputat Yaqub Mahmudov, Prezident Administrasiyasıictimai-siyasi məsələlər şöbəsinin əməkdaşı Vüqar Səlimov, tarixçi alimlər və digər şəxslər iştirak ediblər.

Y. Mahmudov çıxışında ermənilərin tarixən müxtəlif imperiyaların alətinə çevrilməsindən danışıb. O qeyd edib ki, bu gün də ermənilərə qarşı anlaşılmaz rəğbət davam edir: “Roma Papası əlində heç bir sənəd olmadan ermənilərin uydurmasını soyqırım adlandırır, bizim hamımızın gözü qabağında baş verənXocalı soyqırımının isə adını belə çəkmir. Putin isə ATƏT-in Minsk Qrupunun həmsədr ölkəsinin rəhbəri kimi bu uydurma soyqırımının ildönümü tədbirlərində iştirak üçün Ermənistana gəlir. Bütün bunlara nə ad vermək olar?”

 Y. Mahmudov elmi konfransda müzakirə olunan mövzular daim gündəmdə olmalıdır: "Biz bu mövzuları gənclik qarşısında müzakirə etməliyik. Bu konfransın ümummilli liderə həsr olunması son dərəcə ibrətamizdir. Heydər Əliyevi narahat edən əsas məsələlərdən biri 200 illik tarixin tam şəkildə öyrənilməməsi idi, o, tarixçilərin həmin tarixi düzgün araşdırıb işıqlandırması üçün lazımi tövsiyələrini və tapşırıqlarını verirdi. Heydər Əliyev hakimiyyətdə olduğu müddətdə çox cəsarətli addımlar atıb, dövlətçiliyimizin əsasını qoyub, onun siyasi xətti bu gün də davam etdirilir”.

Daha sonra çıxış edənlər Ermənistanın yürütdüyü işğalçılıq siyasətindən, erməni lobbisinin uydurma kampaniyalarından danışaraq, gənc nəsli tarixi həqiqətləri yaxından izləməyə çağırıblar.

Konfrans işini bölmələr üzrə davam etdirib.