Usubov Türkiyədən siyahı gətiribmi?

«Zahid Orucun fikirləri Gülənçilərin idarəçilikdə təmsil olunmasının etirafıdır»
 
Türkiyədə baş verənlərin fonunda Azərbaycanda da Gülən şəbəkəsi ilə bağlı atılan addımlar maraq doğurur. Öncə Qafqaz Universitetindən başlayaq. Bakı Ali Neft Məktəbinin (BANM) idarəçiliyinə verilmiş Qafqaz Universitetinə yeni rektor təyin olunub. Bu vəzifəyə Azərbaycan Texniki Universitetinin rektoru, professor Havar Məmmədov təyin edilib. Təhsil Nazirliyi iyulun 20-də Univesitetin bağlanması haqqında qərar qəbul olunduğunu bildirib.
Bundan sonra universitetin idarəçiliyi BANM-ə verilib (apa).
Universitetlə bağlı konkret qərarın olmaması və bir-birinə zidd addımlar nəylə bağlıdır.
Bu arada daxili işlər naziri Ramil Usubovun Türkiyəyə səfəri və bir sıra başqa hadisələr barədə deputat Zahid Oruc maraqlı fikirlər səsləndirib. Z.Oruc “Yeni Müsavat”a açıqlamasında vurğulayıb ki, Gülənçilərə qarşı Azərbaycanda mübarizə aparılması zəruri olsa da, bu addımlar zamanı günahsızların həbsinə yol verilməməlidir. Z.Oruc bildirib ki, kiminsə əsassız yerə damğalanmasına, suçlandırılmasına, günahı olan kiminsə də kənarda qalmasına yol verilməməlidir.
Z.Oruc eyni zamanda ona da diqqət çəkib ki, Gülənçilərin mühüm sektorlara sızması faktı var və buna qarşı mübarizə aparılır. “Azərbaycanÿ bütövlükdə FETÖ-çü hərəkatın və onların bu dövr ərzində maliyyə-bank sektorundan təhsil məkanına qədər sızmasının təhlükələrini real olaraq görür və bu yöndə addımlar atmaq qərarındadır”, deyə Z.Oruc vurğulayıb.
Deputatın fikrincə, başlıca məsələ, burada dəqiq hərəkət etməkdir, elə ÿaddımlar atmaqdır ki, bu məsələ Azərbaycan dövlətÿ idarəçilik sistemini zədələməsin, parçalanma və kompromat savaşlarına rəvac verməsin.
Z.Oruc onu da istisna etməyib ki, R.Usubovun Türkiyəyə səfəri zamanı həmkarı ilə görüşdə ona Azərbaycandakı Gülənçilərin siyahısı verilib.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlunun qənaətincə, R.Usubovun Türkiyəyə dəvəti və mətbuat konfransında səsləndirdiyi fikirlər onu deməyə əsas verirdi ki, səfərdə əsas məqsəd ölkədə FETÖ-çülərə qarşı mübarizənin gücləndirilməsi idi. Bu baxımdan Z.Orucun fikirləri ilə razılaşan ekspert vurğuladı ki, Gülənçilərin Azərbaycanın təhsil və bank sektoruna sızmasıyla bağlı etiraf təsadüfi deyil.
Qafqaz Universiteti ilə bağlı baş verənlərə gəlincə, E.Şahinoğlu vurğuladı ki, Gülənçilər bu təhsil ocağını elə sistemlə yaradıblar ki, o başqasının nəzarətinə keçsə onu idarə etmək çətin olacaq: “Qafqaz Universiteti SOCAR-ın tərkibinə keçəndən sonra onu idarə etmək çətin oldu. Düzdür, sistemin üstünlüyü o idi ki, yüksək təhsil verirdi. Sonradan onları dövlət müəssisələrinə yerləşdirirdilər. Bu sistemi dağıtmaq lazımdır əlbəttə. Amma dağıtdıqdan sonra başqa sistemlə əvəzləmək çətindir. Hazırda Gülənçilərin əsas arqumenti odur ki, gördünüz, bu cür təhsil sistemini dağıtdılar, amma yerinə heç nə qoya bilmirlər”.
E.Şahinoğlunun fikrincə, Qafqaz Universiteti sıradan universitetə çevrilsə, bu, Gülən ideologiyasının təbliğatı olacaq. Yəni bizim təhsili dağıdıb, yerinə heç nə edə bilmədiniz. Ona görə Qafqaz Universiteti ilə bağlı məsələyə xüsusi diqqət ayrılmalıdır: “Qafqaz Universitetinə yaşlı rektor gətirməkdənsə, ora enerjili şəxsi təyin etmək lazım idi. Yəni Qafqaz Universiteti bundan sonra zəif olsa, bu, Gülən ideologiyasının qələbəsi olacaq”.
 
E.Şahinoğlu Z.Orucun söylədikləri ilə bağlı bəzi məqamlara da diqqət çəkib. Z.Orucun “elə addımlar atmaq lazımdır ki, Azərbaycan dövlət idarəçilik sistemini zədələməsin” deməsi Gülənçilərin bu strukturlarda təmsil olunduğu anlamına gəlir: “Məsələn, Avrasiya Dialoq Platformasını götürün. Ora nə qədər tanınmış ziyalıları, elm xadimlərini cəlb ediblər. Hətta Anar da bu proseslərdə iştirak edib. Bu sistemi dağıtmaq, onları dövlət orqanlarından tam təmizləmək elə də asan deyil. Bu təmizləmə prosesindən sonra böyük boşluq yaranacaq. Bu boşluğu da digər adamlarla doldurmaq lazımdır. Digər tərəfdən, onunla da razıyam ki, qurunun oduna yaş yanmamalıdır. Prosesi elə aparmaq gərəkdir ki, günahsız insanlar həbs olunmasın. Bir var Qafqaz Universitetini bitirib, onda Gülənin kitabları var. Bir də var ki, bu təşkilat Türkiyədə terrorçu təşkilat elan ediləndən sonra həmin təşkilata ianələr etmək, onun siyasətini dəstəkləmək”.
 
“Azadliq”