Uşaqlıq dostunu öldürüb, polisə getdi... - Dəhşətli qətlin təfərrüatı

Baxış sayı:
3688

Bakıda dostunu öldürməkdə təqsirli bilinən Sənan Əzimovun apelyasiya şikayəti üzrə məhkəmə prosesi başa çatıb.
Muxalifet.az teleqraf.com-a istinadən xəbər verir ki, Bakı Apelyasiya Məhkəməsində hakim Namiq Məmmədovun sədrliyi ilə baş tutan prosesdə qərar elan edilib.
Qərara görə, Sənan Əzimovun cəzasının yüngülləşdirilməsi ilə bağlı apelyasiya şikayəti təmin olunmayıb.
Bundan başqa, zərərçəkmiş şəxsin hüquqi varisinin təqsirləndirilən şəxsin barəsində təyin edilmiş cəzanın ağırlaşdırılması barədə verdiyi şikayəti də rədd edilib.
Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Sənan Əzimov 10 il müddətinə azadlıqdan məhrum edilib.
İttihama görə, Suraxanı rayonu Əmircan qəsəbəsində 1985-ci il təvəllüdlü Sənan Əzimov aralarında yaranmış mübahisə zəminində tanışı, 1987-ci il təvəllüdlü Rüfət Polejniyi bıçaqlayaraq öldürüb.
Məlum olub ki, Sənan Əzimovla Rüfət Polejniy qonşu olublar. Sənan bir neçə ay əvvəl Rüfətdən borc pul alıb, lakin borcu qaytarmayıb. Rüfət dəfələrlə pulu tələb etsə də, Sənan ona əhəmiyyət verməyib.
Bu səbəbdən onlar mübahisə ediblər, mübahisə qanlı cinayətlə nəticələnib.
Rüfəti ürəyindən bıçaqla vuran Sənan Əzimov polisə gələrək təslim olub.
Təqsirləndirilən şəxs qismində ifadə verən Sənan Əzimov cinayəti tamah niyyəti ilə törətmədiyini deyib: “Rüfət mənim uşaqlıq dostum olub. Düzdür, ona borcum olub, amma Rüfəti öldürmək niyyətim olmayıb. İş qurmaq üçün ondan 6 min manat borc aldım. Yanımda işlədi, ona 1500 manat qaytardım. Yanımda işlədiyinə görə ona əlavə aylıq pul da verirdim. Sonra məndən pul istədi, söz verdim ki, qaytaracağam. Məni görüşə çağırdı , ondan spirtli içki iyi gəlirdi. Söhbət zamanı mənə əl atdı. Bir neçə dəfə onu sakitləşdirdim. Amma gözləmədiyim anda onu yumruqla vurdum. Sonra onu yerdən qaldırdım. Dedi ki, gedək dostlarımı çağırıb söhbət edək. Razılaşmadım, bildirdim ki, sənin yaxın dostunam. Mənə zəng gəldi, həmin vaxt danışan zaman yerdən nəsə götürüb, üstümə gəldi. Bu zaman geri çəkildim, bilmədən onu bıçaqla vurdum”.