Uşaqların beynini kim yuyur? - Şəxsiyyət əvəzinə cinayətkar yetişdirən dərsliklər

Baxış sayı:
14248

Bir neçə gündür ki, qadın cinayətləri ilə bağlı hadisələrin artması həyəcan təbili çalınmasına səbəb oldu. Statistikalar göstərir ki, ölkəmizdə qadınlara qarşı törədilən zorakılıq hadisələrinin çoxunun təməlində mental dəyərlər yatır.

Məlumdur ki, azyaşlılar mental dəyərlər, cinsi ayrıseçkilik və s. kimi fikirlərin təsirinə daha tez düşür. Bu təhlükənin fərqində olan dünya ölkələrində məktəblərdəki dərsliklərin monitorinqi aparılır. Monitorinq zamanı uşaqların zehnində gender bərabərsizliyinin bünövrəsini qoymaq ehtimalı olan düşüncələr və hətta illüstrasiyalar hədəf alınır. Belə ki, dərsliklərdə qız və oğlan obrazlarının sayının eyni olmasına, qız uşaqlarının təkcə parta arxasında yox, eləcə də əylənərkən təsvir olunmasına diqqət yetirilir. Uşaqlara peşələr öyrədilərkən qadın avtobus sürücüsü kimi təqdim olunur və ya kişi ev işləri ilə məşğul olarkən canlandırılır. Əgər dərslikdə gender bərabərliyinin pozulduğu aşkarlanarsa, həmin dərsliklər yığışdırılır. 

Bəs Azərbaycanda şagirdlərə tədris olunan dərsliklərdə bu cür məsələlərə önəm verilirmi?

Bu barədə “Yeni Sabah”a danışan təhsil eksperti Kamran Əsədov qeyd edib ki, ölkədə dərsliklərin şagirdin bir şəxsiyyət kimi yetişməsinə demək olar ki, heç bir köməyi yoxdur:

“Təəssüflər olsun ki, bizim dərsliklərimiz şəxsiyyət yetişdirmək baxımından ciddi problem yaşayır. Xüsusilə aşağı sinif şagirdləri üçün lazım olan dərsliklərdə gender bərabərliyi demək olar ki, gözlənilmir. Bu da çox təhlükəlidir. Bu gün cəmiyyətdə baş verən aqressiv halların, xoşa gəlməz hadisələrin baş verməsi bilavasitə bununla da bağlıdır. Biz görürük ki, qadınlara şiddət, qadınlara qarşı zorakılıq kəskin şəkildə çoxalıb. Selektiv abortlar geniş vüsət alıb. Doğulandan sonra da oğlan uşaqlarına sığal çəkilir, onlar ərköyün böyüdülür və sonda bu uşaq cəmiyyətin idarə edə bilmədiyi insana çevrilir. Lakin burda da dərsliklərin rolunu nə azalda, nə də dana bilərik. Dediyim kimi, dərsliklər şəxsiyyət yetişdirməlidir. Düzdür, 15 il bundan öncəni ilə müqayisə etsək, bəli, müəyyən işlər görülüb. Amma bu yetərincə deyil. Biz sadəcə məzmun təkmilləşdirilməsinə yönəlmişik, şəxsiyyət yönümlü dərsliklərin yazılmasında demək olar ki, heç bir iş görülmür. Biz dəfələrlə təklif göndərmişik ki, dərsliklər şagirdin yaş xüsusiyyətlərinə və milli dəyərlərinə uyğun olmalıdır. Dərsliklər gələcəkdə şagirdin şəxsiyyətinin formalaşmasına bilavasitə təsir göstərməlidir. Dərsliklərdə bir mənalı şəkildə qadına hörmət, cəmiyyətə hörmət aşılanmalıdır. Biz isə dadəcə bəzi elmi məlumatları yeniləyirik. Dərsliklər vasitəsilə şagirdlərə gender bərabərliyi düzgün izah olunmalıdır".

Ekspert bu məsələ ilə bağlı öz təkliflərini də irəli sürüb:  

"Düşünürəm ki, Təhsil Nazirliyi “Dərsliklərin yazılması işi” adında şöbəylə yetinməyib, bu problemlərlə məşğul olan idarə, qurum yaratmalıdır. Ora dərsliklərin yazılmasında dünya təcrübəsinə sahib insanlar dəvət olunmalı, yeni dərsliklər tərtib olunmalıdır”.