Usaçyov: Kreml bu xəyanəti bağışlamayacaq

Baxış sayı:
3601

Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Prezidenti İlham Əliyevin Soçi görüşü Rusiyada müəyyən şərhlərin yaranmasına səbəb olub və bu, Ermənistandakı gərginliyi daha da artırıb.
Muxalifet.az xəbər verir ki, prezidentlərin görüşünə Rusiya mətbuatı xüsusi diqqət yönəldərək, Ermənistanın yanlış yolda olduğunu və Moskvaya xəyanətin astanasında olduğunu qeyd edib. Rusiyanın “News-front.info” saytında məqaləsi dərc olunan rusiyalı ekspert Valeri Usaçyov İrəvanı Rusiyanın adından daha açıq dillə təhdid edib. Belə ki, Ermənistan Baş naziri Paşinyanı oxlokrat adlandıran Usaçyov onu NATO-ya yaxınlaşmaqda ittiham edib:
“Brüssel sammitindən sonra alyans rəhbərliyinin xoşuna gəlmək və gələcəkdə NATO qüvvələri ilə Qarabağda möhkəmlənmək üçün İrəvan Xüsusi İstintaq Xidməti Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının Baş katibi Yuri Xaçaturova qarşı ittiham irəli sürdü. İrəvana təcili şəkildə Rusiya Müdafiə nazirinin müavini A.Fomin uçdu və küçədən gələn erməni rəhbərliyinə başa saldı ki, belə etmək yaxşı deyil, bunun nəticələri olacaq. İrəvan dərhal geriyə addım atdı, amma artıq gec idi. Rusiya xüsusilə Ukraynadan sonra xəyanəti əfv etmir”.
Ermənistanın bütün beynəlxalq sənədlərdə işğalçı və aqressor kimi tanındığını bildirən ekspert İrəvanı bu beynəlxalq sənədlərin icrasından yalnız Moskvanın qoruduğunu etiraf edib. Müəllif məhz İrəvan sayəsində Rusiyanın Azərbaycanla yaxınlaşdığını vurğulayıb:
“Bir müddət əvvəl Xəzərin hüquqi statusu ilə bağlı fundamental Konvensiya qəbul edilib. Onun qəbulu göstərdi ki, bütün fikir ayrılıqlarına rəğmən, Bakı və Moskva hər zaman konsensusa gələ bilirlər. Nikol Paşinyanın NATO-ya yardım xahişi ilə getməsi və ardınca Xaçaturovu həbs etdirməsi yalnız Rusiya-Azərbaycan əməkdaşlığını gücləndirir.
Əlbəttə, Rusiyanın Ermənistanla əlaqələri keçmişdən bu yana sıxdır. Ermənistan KTMT-nin üzvüdür. Ermənistan hər zaman türklər və ümumilikdə NATO ilə rəqabətdə əlimizdəki "tuz" olub. Lakin elə bir situasiya yaranır ki, Ermənistan yumşaq dillə desək, Ukraynanın yoluyla gedir. Bunun isə nə ilə nəticələnəcəyi aydındır. Yəni ərazilər itiriləcək. Əgər İrəvan Dağlıq Qarabağda nəsə etsə, o zaman Madrid prinsiplərinin bütün bəndləri tam həcmdə dərhal reallaşdırılacaq”.
Erməni jurnalist Qraçyan Qalustyan isə “Armenianreport” saytında Soçi görüşünə diqqət yetirərək, Moskvanı xəyanətdə ittiham etməyə cəhd edib:
“Sentyabrın əvvəlində Baş nazir Nikol Paşinyan Rusiya Prezidenti Vladimir Putinlə görüşəcək. Belə informasiya var ki, görüşdə əsas müzakirələrdən biri Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi olacaq. Məncə, bu məsələni müzakirə edilməməlidir. Biz şənbə günü Rusiyanın növbəti xəyanət aktını gördük”.
Qalustyanın fikrincə, Rusiya son zamanlar Ermənistanı rusofobluqda, amerikayönlü siyasətdə ittiham edərək, Ermənistandan məxməri inqilabın qisasını almağa çalışır. Onun sözlərinə görə, rus təbliğatının Ukrayna və Gürcüstanda sınaqdan çıxardığı hər şey indi də Ermənistanda təcrübədən keçirilir.
Azərbaycanın Qarabağda yeni müharibə başladacağını iddia edən jurnalist Putinin Soçi görüşündə buna aşkar şəkildə dəstək verdiyini bildirib. Azərbaycan Müdafiə naziri Zakir Həsənovun Putin-Əliyev görüşü zamanı iclas keçirməsini misal gətirən Qalustyan bunun müharibəyə hazırlıq üçün əsas sübut olduğunu deyib:
“Azərbaycan açıq şəkildə Bakıda da, Soçidə də müharibədən danışır. Paşinyan məhz bununla bağlı Putinlə danışmalıdır. Azərbaycanın KTMT-yə üzvlüyü məsələsi isə artıq üçüncü dərəcəlidir”.