“Ukraynaya silah verməyi nəzərdən keçiririk” - ABŞ MÜDAFİƏ NAZİRİ

ABŞ müdafiə naziri Ceyms Mettis Ukraynaya müdafiə təyinatlı letal (öldürücü) silahların verilməsini nəzərdən keçirdiklərini açıqlayıb.
 
Ukrayna saytlarının verdiyi xəbərə görə, nazir Ukraynaya səfərinin yekunları əsasında bu barədə ABŞ rəhbərliyinə tövsiyələr təqdim edəcəyini bildirib: “Müdafiə məqsədli letal silahlardan söhbət gedirsə, biz bu məsələni nəzərdən keçiririk. Mən indi qayıdıram və burada gördüklərim, öyrəndiklərim barədə sözsüz ki, ölkə rəhbərliyini məlumatlandıracağam. Mən çox konkret şeylər barədə tövsiyə verəcəyəm ki, onlar həyata keçirilsin”.
 Nazir artıq Ukraynaya 175 milyon dollar dəyərində hərbi texnikanın göndərilməsi barədə qərarı təsdiqlədiklərini söyləyib.
 Ukrayna prezidenti Pyotr Poroşenko isə bu məsələnin sakitlik tələb etdiyini vurğulayıb: “Mən bu gün bu məsələni şərh etmək istəməzdim. Lakin onu deyə bilərəm ki, müzakirələrdən məmnunam”.
 Qeyd edək ki, Ukraynanın müdafiə naziri Stepan Poltorak tank əleyhinə və hava hücumundan müdafiə sistemlərinə ehtiyac duyduqlarını açıqlayıb.