“Ukraynaya metal satırdım, ən yaxşı pul da o vaxtı qazanmışam" - Hüseyn Abdullayev

Baxış sayı:
8173

Hüseyn Abdullayev, anası Zeynəb Abdullayeva və onlarla birgə ittiham olunan şəxslərin məhkəməsi davam edib. Bakı Hərbi Məhkəməsində hakim Həbib Həsənovun sədrliyi ilə keçirilən iclasda Zeynəb Abdullayeva çıxış edib. O, işdə zərərçəkmiş kimi tanınan Elnur Məmmədovla bağlı danışıb: "Elnur Məmmədov bizim obyekti icarəyə götürüb. Lakin pulu vermirdi. Dəfələrlə danışığımız olub, amma pulu ödəməkdən imtina edib. Bizə pul verməli olan adam zərərçəkmiş olub? Ona kim hədə-qorxu gəlib? Elnurla mən danışmışam. Əgər buna görə Hüseyni tutublarsa, məni də tutsunlar. Əgər məni buraxırlarsa, Hüseyni də buraxsınlar. Mən bəlkə də Fəzail Ağamalıdan bir faiz incimişəm. Amma bu Elnurdan çox incimişəm”. Keçmiş deputat Hüseyn Abdullayev özünə qarşı irəli sürülmüş 22 milyon manatlıq ittihamı qəbul etməyib. H.Abdullayev deyib ki, ona xaricdəki biznesi ilə bağlı ittiham verilib: "Mən deputat olmamışdan əvvəl bizneslə məşğul olmuşam. 1997-ci ildə Ukraynaya metal satırdım. Həmçinin başqa ölkələrdən də Ukraynaya metal gətirirdim. Ən yaxşı qazancım da həmin illərə təsadüf edir. Guya 2000-ci ildən metal biznesi ilə məşğul olub vergidən yayınmışam. Bircə nəfər gətirin, desin ki, məndən 1 kiloqram metal alıb və ya mən ondan 1 kiloqram metal almışam. Ailəmin, qohumlarımın adına olan əmlaklar, xaricdə olan bank hesablarımdan, xaricdəki biznesimdən pul köçürmələri, bütün işləri üst-üstə gəliblər, özlərindən rəqəmlər düzəldiblər. İsveçrə və Almaniyada olan hesablarımın bura nə dəxli var?". Qeyd edək ki, cinayət işi üzrə Hüseyn Abdullayev və anası Zeynəb Abdullayevadan başqa Həbib İbrahimov, Xalid Əliyev, Namiq Babayev, İntiqam Süleymanov, Pərviz Kazımov, Zaur Quliyev və Nazim Əliyev də təqsirləndirilən şəxs qismində tanınıb. Onlar Cinayət Məcəlləsinin 178.3.1-ci (dələduzluq), 182.3.1-ci (hədə-qorxu ilə tələb etmə), 192.2.2; 192.2.3; 193-1.3.2 və 193-1.3.1-ci ( qanunsuz sahibkarlıq), 213.2.2 və 213.2.1-ci (vergidən yayınma) 228.1-ci (qanunsuz silah saxlama), 312-1.2-ci (rüşvət vermə) 313-cü (vəzifə saxtakarlığı), 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə), 326.1-ci (rəsmi sənədləri məhv etmə), 318.2-ci (qanunsuz sərhədi keçmə), 342.2-ci (qulluğa səhlənkarlıqla yanaşma); 341.2.3-cü (Hakimiyyətdən sui-istifadə etmə, hakimiyyət həddini aşma və ya hakimiyyətdən istifadə etməmə), 339.2-ci (Sərhəd xidməti qaydalarını pozma) maddələri ittiham olunur. Xatırladaq ki, təqsirləndirilən H.Abdullayev Türkiyə Respublikası ərazisində tutularaq 22 aprel 2018-ci il tarixdə Azərbaycan Respublikasının hüquq mühafizə orqanlarına təhvil verilib./Bakupost