Ukraynadan Azərbaycana toyuq əti idxal edənlərə cinayət işi başlanılıb

Ukraynadan Azərbaycana tərkibində normadan 6 dəfəyə qədər artıq nəmliyin kütlə payı olan dondurulmuş toyuq əti məhsulları idxal edən bir neçə şirkətin vəzifəli şəxslərinin qanunsuz əməlləri barədə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətindən daxil olmuş material Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırılıb.
 
Bu barədə Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.
Araşdırma zamanı Ukraynadan Azərbaycan Respublikasına dondurulmuş toyuq əti məhsulları gətirilməsi ilə məşğul olan bir neçə şirkətin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək ölkəyə tərkibində nəmliyinin kütlə payı normadan 6 dəfəyə qədər artıq olan Ukrayna istehsalı dondurulmuş toyuq əti məhsulları idxal edərək malın ölçüsünə, çəkisinə və keyfiyyətinə dair istehlakçıları xeyli miqdarda aldatmalarına şübhələr üçün əsaslar olduğundan fakta görə Cinayət Məcəlləsinin 308.1 (vəzifə səlahiyyətlərindən sui-istifadə) və 200.1 (istehlakçıları xeyli miqdarda aldatma) maddələri ilə cinayət işi başlayıb.
Hazırda cinayət işi üzrə təqsirkar şəxslərin tam dairəsinin müəyyən edilərək cinayət məsuliyyətinə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Qeyd edək ki, bundan əvvəl “Qualiko” əmtəə nişanı adı altında ölkəyə gətirilən dondurulmuş toyuq əti məhsullarının idxalçılarından tələb olunan müvafiq sənədlərin – Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin idxala icazə sənədi, Azərbaycan Səhiyyə Nazirliyinin Gigiyenik sertifikatı, Ukraynanın Beynəlxalq Gigiyenik sertifikatı, mənşə sertifikatının Dövlət Gömrük Komitəsinə təqdim olunduğu, DGK-nın Mərkəzi Gömrük Ekspertizası İdarəsində müvafiq ekspertiza aparıldığı və məhsulun təyin olunmuş normativlərə uyğun olduğuna dair DGK məlumat yaymışdı.
Ancaq DGK-nın açıqlamalarına və Kənd Təsərrüfatı, Səhiyyə Nazirliklərinin təqdim etdiyi müvafiq sənədlərə rəğmən Baş Prokurorluq məhsulun idxalçılarına cinayət işi açıb.