Ukraynada dövlət dili hökmran olur

Baxış sayı:
9193

Aprelin 25-də Ukrayna parlamenti dövlət dilinin tətbiqi ilə bağlı qanun qəbul edib. Novator.az-ın məlumatına görə, imzalanmaq üçün prezidentə göndərilən sənəd Ukrayna dilinin dövlət orqanları, sosial müəssisələr, elm və təhsil, idman, media, kitab çapı, səhiyyə, poçt, rabitə, nəqliyyat və xidmət sektorlarında mütləq və şəriksiz istifadəsini nəzərdə tutur.
Qanun Dil Komissiyasının və dövlət dilinin müdafiəsi üzrə müvəkkil institutunun yaradılmasını da tənzimləyir.
Sənədə əsasən, məmurlar Ukrayna dilindən məcburi imtahana cəlb olunacaq. Dil bilgiləri qənaətbəxş olmayan şəxsləri 450 dollaradək cərimə gözləyir.
Dövlət dilinin məhkəmələrdə, orduda, polisdə, seçkiqabağı kampaniyalarda və reklam yayımında işlədilməsi məcburidir.
Qanun prezidentin, baş nazirin, hökumət üzvlərinin, deputatların, pedaqoqların, tibb işçilərinin, vəkillərin və notariusların Ukrayna dilini bilməsini hökm edir.
Dövlət dilini bilmək Ukrayna vətəndaşlığını almaq istəyən əcnəbi üçün zəruri şərtdir.
Parlamentin – Ali Radanın binası önünə toplaşan ukraynalılar qanunun qəbulunu sevinclə qarşılayıblar.