Ukrayna siyasətində “YENİ SÜPÜRGƏ”: TV ulduzu, oliqarxla əlaqələri barədə sual verilərkən, özünü gicliyə qoyan Qoqol personajı

Baxış sayı:
4735

Nina Xruşşova

“Project Syndicate”, 07.03.2019

Həyat sənətə bənzəyirsə, sərsəmliyin nə olduğunu çox yaxşı bilən və dəlisov olan Nikolay Qoqol son illərdə yaşanan əsas siyasi hadisələrə aid gözəl bir ssenari yaza bilərdi.

Söhbəti prezidentliyə namizədliyini elan edən və qüsurlarına baxmayaraq, qısa zamanda qələbəyə şanslı bir qadından başlayaq. Amma birdən-birə başqa bir namizəd peyda olur – dövlətdə heç bir vəzifə tutmamış televiziya ulduzu.

Qısası, bu təlxək rəqib bir-birinin ardınca yalanları sıralayıb, siyasət və təhlükəsizlik məsələləri ilə bağlı cəmiyyətə absurd vədlər verir. Onun təklifləri ən kiçik bir araşdırma ilə alt-üst olur, ancaq buna əhəmiyyət verən varmı?!

Daha çox vətəndaşı düşərgəsinə çəkərək, o, “bataqlıqları boşaltmaq” və “əyri” rəqibinin eyiblərin düzəltməyə söz verir. Qələbəyə yaxınlaşdıqca dünya daha çox diksinir.

Bu qara komediya 2016-cı ilin ABŞ prezident seçkilərini xatırladır, Donald Trampın dünyanın ən güclü ölkələrindən birində hakimiyyətə gəlişini. Amerika məzhəkəçinin öhdəsindən gəlmə gücündədir, amma Qoqolun doğulduğu yerdə, Ukraynada oxşar təzahür ürküdücüdür.

Ukraynanın müstəqilliyi həmişə sapdan asılı olub və indi Trampı 2016-cı ildə hakimiyyətə gətirən eyni qəribə hekayətin təkrarına şahid olur. Sonuncu anket sorğusu Volodimir Zelenskiyə böyük ictimai dəstəyi göstərir. Televiziya realiti-şousunda prezident rolunu ifa edən indi real həyatda bu vəzifəyə sahib olmağa çalışır.

ABŞ-dan fərqli olaraq, Ukraynada siyasi səhv hüdudu yoxdur. O, Rusiya ilə elan edilməmiş müharibə zamanı təxminən 15 min nəfər itki verib və bir milyondan çox insan öz torpaqlarında qaçqına çevrilib. Ərazisinin güclü qonşusu tərəfindən işğalına və Krımın ilhaqına şahid olduqda belə, Ukraynanın bütün hakimiyyəti prezidentlikdə birləşdirmək halında deyil.

Ukraynanın bir çox çətinliyini aradan qaldıra biləcəyini iddia edərək, Zelenski, Tramp kimi, guya hörmət etdiyi ölkəyə nifrət bəsləyir. Əlbəttə, Ukraynanın rəqib oliqarxlarına qarşı çıxmaqda o gücsüzdür. Yəni dövlətin kisəsini talamağa çalışan bu adamlar üçün əslində, sərsəm bir adamın iqtidara gəlişi faydalıdır.

Zelenski ilə müqayisədə, digər iki aparıcı namizəd, indiki prezident Petro Poroşenko və sabiq baş nazir Yuliya Timoşenkonun siyasi baqajı böyükdür. Bun görə də, Tramp kimi, Zelinski özünü “korrupsiyalaşmış siyasətçiləri” süpürəcək yeni süpürgə kimi təqdim edib.

Poroşenko, öz növbəsində, son beş ildə Rusiya ilə müharibə aparır, bəzi əhəmiyyətli islahatlar həyata keçirib. Amma Ukrayna ordusunun hazırlığını yaxşılaşdırmaq və xroniki büdcə talanının qarşısını almada aciz olub. Poroşenkonun özü daha da zənginləşib və bu, ikinci dövr üçün ciddi narahatlıqlar doğurur.

Timoşenkoya gəldikdə, onun hekayəti satira üçün yaramır, burada Tolstoy Qoqoldan daha çox bir şey edə bilər. O, 1990-cı illərdəki baş nazirlik dövründə effektiv olduğunu isbatlayıb, Rusiya prezidenti Vladimir Putinlə 2009-cu ildə qaz mübahisəsini sona çatdırmaq üçün danışıqlar aparıb, Ukrayna və Avropanı soyuqdan titrəmədən xilas edib. Buna görə də, Ukrayna prezidenti olan Kremlin kuklası Viktor Yanukoviç 2010-cu ildə yenidən seçildikdən sonra “hakimiyyətdən sui-istifadə etmə” maddəsi ilə Timoşenkonu məhkəməyə verib.

Timoşenko Yanukoviç və onun əlaltılarına meydan oxuduqda, rəqibləri korrupsiya sübutları üçün milyonlarla dollar xərcləyib, ən yaxşı Amerika xüsusi araşdırmaçılarını işə cəlb ediblər.

O dövrdə Timoşenkonun rəqiblərindən biri Trampın 2016 kampaniyasının keçmiş rəhbəri Pol Manafort idi, indi Yanukoviç adından Ukraynada etdiyi işlərlə əlaqədar törətdiyi cinayətlərə görə uzun müddətli həbs cəzası ilə üzləşib. Ukraynalı seçicilər bunu bilməlidir. Sistemli olaraq oliqarxik maraqlarla təhrif edilmiş siyasi sistemdə, Timoşenko, yəqin ki, korrupsiyaya müqavimət göstərə biləcək yeganə namizəddir.

Bu əsnada Zelenski Ukraynanın oliqarxlarından biri olan İqor Kolomoyskinin oyuncağıdır. Zelenskinin ulduza çevirən televiziyanın sahibi də odur və Poroşenkonu qorxutmağa cəhd etmək üçün xüsusi ordusundan istifadə edib. Digər məsələlərlə yanaşı, o, Ukraynada “PrivatBank”a nəzarətini bərpa etmək istəyir. Kolomoyski ilə əlaqələri barədə soruşduqda, Zelenski sadəcə özünü gicliyə qoyur.

Ukraynalılar daha beş il Poroşenkoya dözə bilməzlər. Timoşenko, səhvlərinə baxmayaraq, ukraynalılar üçün yeganə seçimdir.

Tərcümə: Strateq.az