Ukrayna Rusiyaya bütün təyyarə reyslərini qadağan etdi

Baxış sayı:
15067

 Ukrayna Nazirlər Kabinetinin dünənki toplantısında Ukraynadan Rusiyaya bütün təyyarə reyslərinin qadağan edilməsi qərara alınıb.
 
Qeyd edək ki, Kiyev iki ölkə arasında 2014-ci ildə başlayan siyasi gərginlikdən sonra ölkə ərazilərindən Rusiyaya birbaşa tarifli təyyarə reyslərini qadağan etmişdi.
Yeni qadağa Ukraynadan Rusiyaya birbaşa tarifsiz təyyarə reyslərinin də dayandırılmasını nəzərdə tutur. Mövzu ilə bağlı qanun təklifi Ukraynadakı Rusiyapərəst Müxalifət Platformasının lideri Viktor Medvedçuk ilə Ukrayna dövlət başçısı seçkilərində namizəd olan Yuriy Boykonun təxminən 10 gün əvvəl Moskvaya səfər etmələrindən sonra gündəmə gəlib. Medvedçuk və Boyko Moskvada Rusiyanın baş naziri Dmitri Medvedev ilə bir araya gəlmişdi.
 
QANUNİ TƏNZİMLƏMƏ TƏKLİFİ
 
 Ukraynanın daxili işlər naziri Arsen Avakov Medvedçuk ilə Boykonun hüquqi boşluqdan istifadə etdiyini söyləyərək, "Ukrayna ilə təcavüzkar ölkə arasında tarifsiz bütün uçuşların dayandırılması üçün hüquqi tənzimləmə təklif etdik" demişdi.
Ukraynalı nazir ATƏT, Birləşmiş Millətlər Təşkilatı və Beynəlxalq Qızıl Xaç Komitəsi kimi beynəlxalq qurumların nümayəndə heyətlərinin lazımi hallarda Ukraynadan Rusiyaya ucuşlarının isə qadağaya tabe olmayacağını əlavə edib.
Qeyd edək ki, Ukrayna ilə Rusiya arasında tarifli uçuşlar iki ölkənin qarşılıqlı aldığı qərarlardan sonra 2015 ildə dayandırılmışdı.
Müxalifət.az