Ukrayna Rusiya müxalifətçiləri üçün məzarlığa çevrilir

Kremlin və Kadırovun düşmənləri bir-bir siyasi qətllərə qurban gedirlər
 
 
Ukrayna siyasi qətllərin və sui-qəsdlərin ov meydanına çevrilib. Demək olar hər ay buradan əsasən Rusiyadan qaçıb bu ölkəyə pənah aparan siyasi mühacilərin, keçmiş döyüşçülərin ölüm, daha doğrusu öldürülmə xəbərləri gəlir.
Fransanın “Le Figaro” qəzetinin yazarı Stefan Sioan Kiyevdə silahlı hücuma məruz qalaraq həlak olan çeçen qadın döyüşçü Əminə Okuyevadan yazıb. Məqalədə Əminə Okyevanın Maydan inqilabının, habelə Donbasdakı döyüşlərin fəal iştirakçısı olduğu yazılıb. Məlum olduğu kimi, 34 yaşlı Əminə Okyeva həyat yoldaşı tərəfindən idarə olunan maşında başından vurularaq qətlə yetirilib. Silahlı hücumun olduqca yaxşı hazırlanması və atəş açanın dəqiqliklə nişan alması qətlin peşəkar tərəfindən icra olunduğuna şübhə yeri qoymur. Okuyevanın əri Adəm Osmayev isə möcüzəli şəkildə ayağından yaralanaraq sağ qalıb.

Məqalə müəllifi Adəm Osmayevin hələ bu ilin iyun ayınn 1-də də sui-qəsdə məruz qaldığını, lakin həmin vaxt məhz Əminə Okuyevanın terrorçunu öldürməsi sayəsində qurtulduğunu qeyd edir. Bu epizoddan sonra çeçen qadın Ukraynanın əsas qəhrəmanlıq simvollarından birinə çevrilib.
Rəsmi Kiyevin verdiyi xəbərə görə, qatil “Dinqo” ləqəbli Artur Denisultanov-Kurmakayevdir. Bu adam Sankt-Peterburqdan çxıb və çeçen lider Ramzan Kadırovun şəxsi killeri sayılır.
Məqalədə Donbasda gedən müharibədə hər iki tərəfdə vuruşan çeçen taborlarının olduğuna yer verilib. “Kadırovun adamları Donbasda Ruisya ordusu ilə birlikdə vuruşublar.
Çeçen separatçısı İsa Munayev isə Ukrayna ordusunun tərkibində “Cövhər Dudayevin adına” tabor yaradıb. Munayevin 2015-ci ilin fevralında öldürülməsindən sonra bu tabora Adəm Osmayev başçılıq edib”,- məqalədə qeyd olunur.
Yazıda Əminə Okuyevanın 1983-cü ildə Odessada anadan olduğu bildirilir. Onun əri Adəm Osmayev isə uzun illər boyunca Böyük Britaniyada yaşayıb. O, Çeçenistanın neft sənayesinə rəhbərlik edən və daha sonra Ramzan Kadırov tərəfindən vəzifədən uzaqlaşdırılan Aslanbəy Osmayevin oğludur.

2012-ci ildə Adəm Osmayev Viktor Yanukoviçin prezidentliyi dövründə Odessada həbs olunur. Onu Vladimir Putinə qarşı sui-qəsd hazırlamaqda günahlandırırlar.
Çeçen taborunun zəifləməsindən sonra Əminə Okuyeva hərbi polisin zabiti olur və bu cütlük həm medianın, həm də təbii ki, Kreml və Ramzan Kadırovun daima diqqət mərkəzində qalır.
Məqalədə sonuncu hadisənin Kiyevdə son 15 ayda törədilən 8-ci qətl olduğu vurğulanıb. Ukrayna Daxili işlər nazirliyi isə bütün bunların arxasında Rusiya xüsusi xidmət orqanlarının və Ramzan Kadırovun başkəsənlərinin durduğuna əmindirlər.

Çeçenistanın sürgündə olan müxlaifətinin lideri Əhməd Zakayevin məqalə müəllifinə bildirdiyinə görə, bunun üçün Ukrayna ərazisində fəaliyyət göstərən xüsusi terror qrupu fəaliyyət göstərir. “Avropada Putin-Kadırov alyansının düşmənləri ilə əlaqədə olan istənilən adamı sui-qəsd gözləyə bilər”, - mqəalədə qeyd olunur(musavat.com).