“Ukrayna qızları bizimkilər kimi yaltaq, “aferist”, ikiüzlü, istifadə edən deyillər...” – ADPU ƏMƏKDAŞINDAN QALMAQALLI AÇIQLAMA – Fotolar

Baxış sayı:
23539

Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) rektoru Cəfər Cəfərov bu vəzifəyə təyin olunduqdan sonra sözügedən təhsil ocağında işçilərin kütləvi ixtisarının aparıldığı haqda məlumat vermişdik. Onu da qeyd etmişdik ki, ADPU-dan çıxarılan əməkdaşların böyük əksəriyyəti rektorun həmin qərarına hələ də açıq şəkildə etiraz etməkdədirlər. Çünki Pedaqoji Universitetdə rektorun həyata keçirdiyi “islahatlar” nəticəsində vəzifəsini itirən peşəkar kadrların böyük əksəriyyətini heç bir iş təcrübəsi, elmi, savadı olmayan şəxslər əvəzləməkdədirlər. Hansı ki, bunların bir hissəsini C.Cəfərov özü ilə Turizm Universitetindən gətirib, bəziləri rektorun öz qohumlarıdır, bir hissəsi də müxtəlif məmurların, yaxud da ayrı-ayrı vəzifə sahiblərinin yaxın adamlarıdır. Bir neçə nəfər də ADPU-da vəzifə tutan şəxslərin övladları və yaxınlarıdır. Məsələn, artıq dəyərli oxucularımıza bəlli olduğu kimi, işdən çıxarıldığı gün rektorun kabineti qarşısında ürəyi dayanan yaşlı müəllim Arzu Əliyevin oğlu bu hadisədən az sonra C.Cəfərov tərəfindən şöbə müdiri təyin olunub. Bu yaxınlarda isə ADPU-nun mərhum əməkdaşının gəlininin də universitetdə tabelçi vəzifəsinə götürüldüyü haqda informasiyalar var. Bundan əlavə, ADPU-nun hüquqşünası Zakir Nağıyevin oğlunun da baş dispeçer vəzifəsinə təyin olunduğu bildirilir. Belə informasiyalar var ki, heç bir iş təcrübəsi olmayan Nazir Nağıyev atasının rektor Cəfər Cəfərova “xidmətləri” qarşılığında bu vəzifəyə təyin olunub. Əlbəttə, bütün bunlar bizi o qədər də maraqlandırmır. Rektorun özü bilər kimi nəyin qarşılığında hansı vəzifəyə təyin edir. Amma universitetdə barəsində heç də xoş olmayan söz-söhbət gəzən bu gənci həmin vəzifəyə təyin etmək üçün kifayət qədər təcrübəli bir əməkdaşı - Vidadi Hüseynovu aldadaraq işdən çıxarmaq heç də göz yumulası məsələ deyil. Üstəlik, hüquqşünasın gül balası Nazir Nağıyevin də bu işdə uzun müddət dözüm gətirəcəyi inandırıcı deyil. Çünki müasir dünyagörüşünə sahib olan bu gəncin gözü çox uzaqlardadır... Təbii ki, bunu heç də özümüzdən demirik. İstənilən dəyərli oxucumuz Cəfər Cəfərovun bu kadrının kimliyi ilə maraqlanmaq istəsə, bircə dəfə onun sosial şəbəkədəki profilinə və paylaşımlarına baxmaq kifayət edər. Amma sosial şəbəkədən uzaq olan, yaxud da Nazir Nağıyevin hesabını axtarmaq həvəsində olmayan oxucularımız üçün biz özümüz də qısaca məlumat verə bilərik. İlk öncə onun 21 apreldə paylaşdığı fotolardan və yazdığı bir neçə cümləlik statusdan başlayaq. Məsələn, Cəfər müəllimin sevimli kadrı hər qoluna bir yarıçılpaq “ukrainka” alaraq şəkil şəkdirib və altından da belə bir status paylaşıb: “Evlənəndə adam gərək bu Ukrayna qızları ilə ailə qursun. Bunlar, bəzi bizimkilər kimi, yaltaq, “aferist”, ikiüzlü, istifadə edən, sərfiyyata görə tanış olan deyillər, dürüst olurlar. İstəyəndə də həqiqi istəyirlər, “yek”dirlər, “panyatka”lıdırlar, mədənidirlər. Həm də adamın ömrünü yemirlər, adamla oyun oynamırlar. Həqiqətən də həsəd aparmaq olar”. Doğrudur, Nazir Nağıyevin statusunda kifayət qədər orfoqrafik xəta olduğundan, bir az əl gəzdirmək məcburiyyətində qaldıq. Amma, yəqin ki, təkcə bu status ADPU-da yeni işə götürülən kadrların nə dərəcədə xalqa, dövlətə, millətə, eləcə də öz işinə bağlı olduğunu az da olsa ortaya qoyur. Əlbəttə, bu fikri yeni əməkdaşların hamısına aid etmək olmaz. Onların içərisində peşəkar və ləyaqətli insanların olduğu da istisna deyil. Amma təəssüf edilən odur ki, iş təcrübəsi, elmi, savadı, ən əsası da öz işinə bağlılığı olan bir insanı ADPU-nun məşhur hüquqşünası Zakir Nağıyev müxtəlif yollarla universitetdən uzaqlaşdırmağa nail olaraq onun yerinə öz oğlunu təyin etdirir, rektor isə digər bir çox kadrlar kimi Nazir Nağıyevin də əmrinin altına bir növ “gözünü yumaraq” imza atır. Belə olacağı təqdirdə, təbii ki, ADPU-da heç bir inkişafdan danışmaq mümkün deyil. Muxalifet.az P.S. Oxuculara verdiyimiz sözü xatırlayırıq və çox tezliklə C.Cəfərovun ADPU rektoru olduqdan sonra işə qəbul etdiyi qohumlarının və məmur yaxınlarının siyahısını və onların bəziləri barədə şok informasiyaları açıqlayacağıq. Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.