​“Ukrayna mənimlə bağlı xüsusi plan hazırlayır” - SAAKAŞVİLİ

Odessa vilayəti dövlət administrasiyasının sabiq başçısı Mixail Saakaşvili Ukraynaya qayıdacağı halda rəsmi Kiyevin əl ata biləcəyi 3 ssenaridən xəbərdar olduğunu deyib.
O, bunu NewsOne telekanalının efirindən bəyan edib.
M.Saakaşvili yaxın vaxtlarda bir neçə Avropa şəhərinə səfər edəcəyini də deyib: "Mən Avropa Xalq Partiyası prezidiumunun Kopenhagendə keçiriləcək iclasında iştirak edəcəm. Orada avropalı siyasətçilərlə görüşəcəm. Brüsselə gedib, orada Avropa Parlamentinin üzvləri ilə görüşməyim də istisna deyil".
Siyasətçinin sözlərinə görə, o, sentyabrın 10-da Krakovets keçid məntəqəsindən Ukrayna ərazisinə keçəcək. M.Saakaşvilinin qənaətincə, Ukrayna hakimiyyət orqanları onun qayıdışına dair 3 hərəkət ssenarisi hazırlayıb: ona sərhədi keçməyə icazə verməmək, pasportunu əlindən alıb, Polşaya qaytarmaq; Ukraynaya buraxmaq, lakin sonra saxlayaraq, istənilən bəhanə ilə ekstradisiya prosesinə başlamaq; sərhəddə təxribat törətmək.
Bundan əvvəl o, Ukrayna hakimiyyətinin ona qarşı yeni ittihamlar hazırladığını da bəyan edib.
Qeyd edək ki, iyulun 26-da Ukrayna Dövlət Miqrasiya Xidməti M.Saakaşvilinin ölkə vətəndaşlığından məhrum edildiyi barədə məlumat yayıb(virtualaz.org).