UKRAYNA İYULDA HÜCUM GÖZLƏYİR – Rusiya qoşunlarını onunla sərhəd ərazilərə cəmləyir -TƏHLİL

Baxış sayı:
643

Yaxın müddətdə “Normand dördlüyü” liderlərinin görüşünün baş tutub-tutmayacağı məlum olacaq. Angela Merkel, Emmanuel Makron və Pyotr Poroşenko Vladimir Putinin iştirakı ilə danışıqların aparılmasını ilkin olaraq planlaşdırıblar. Bununla belə, Kiyevdə qorxurlar ki, iyulda Donbasda durum pisləşəcək.
Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının (MTMŞ) katibi Aleksandr Turçinov BBC-yə bildirib ki, şərqdə açılan atəşlərin sayı rekord həddə çatıb. Ukrayna sərhədləri yaxınlığındakı RF ərazilərində isə, onun sözlərinə görə, “Rusiya qoşunlarının cəmlənməsi” müşahidə edilir. Turçinov belə nəticəyə gəlib ki, “Bu, Rusiyanın siyasi-hərbi rəhbərliyinin futbol üzrə dünya çempionatı başa çatdıqdan sonra, iyul ayında miqyaslı təxribatlara və hücuma hazırlaşdığını göstərir”.
Turçinov yaranmış duruma görə məsuliyyəti rəqibin üzərinə qoyub: “Minsk razılaşması ilə qadağan edilən artilleriya, tanklar, reaktiv yaylım atəş sistemləri istifadə edilir. Ukrayna ərazilərinin 10 km-lik dərinliyinədək atəş açılır, nəticədə mülki infrasturktur məhv edilir, dinc sakinlər ölür”.
Respublikalarda isə bu məsələlərə görə Ukrayna tərəfi ittiham edilir. Donbas Xalq Respublikası (DXR) Xalq şurasının sədri Denis Puşilin bu günlərdə bildirib ki, məhz Kiyev “təcavüzün gücləndirilməsinə səy göstərir və Dövlət Departamentinin (ABŞ – “NQ”) operativ informasiya dəstəyi nəzərə alınarsa, bu hərəkətlər razılaşdırılıb (Amerika tərəfi ilə – “NQ”).
Rusiyanın I televiziya kanalına verdiyi müsahibəsində Puşilin, döyüş əməliyyatlarının intensivliyinə görə, hazırkı durumu münaqişənin başlanğıcı ilə müqayisə edib: “Hazırda Qorlovkada və bir sıra digər istiqamətlərdə baş verənlər bizə 2014-cü və 2015-ci illəri xatırladır… Mən başa düşürəm ki, biz, müəyyən mənada, öz ordumuza güvənə bilərik, lakin bizim opponentlərin zərbələri tez-tez dinc vətəndaşları, özünü müdafiəetmə imkanı olmayanları hədəf alır… Vəziyyət bütün istiqamətlər üzrə pisləşir”.
Ukrayna Müdafiə Nazirliyinin mətbuat katibi Dmitri Quçulyak “BBC-Ukrayna”ya bildirib ki, Birləşmiş Qüvvələr Əməliyyatının (BQƏ) iştirakçıları yalnız cavab atəşi açır və yaşayış məntəqələrini atəşə tutmur: “Döyüşçülər bunu qəsdən edirlər: Ukrayna Silahlı Qüvvələrini (USQ) nüfuzdan salmaq, bizi guya mülki şəxsləri vurduğumuza görə ittiham etmək üçün xüsusi və şüurlu olaraq dinc əhalini vururlar”.
ATƏT-in Donbasda işləyən Xüsusi müşahidə missiyası, məlum olduğu kimi, pozuntuları təsbit edir, açılan atəşlərin sayını hesablayır, lakin kimin birinci atəş açdığını və zərbəni kimin vurduğunu müəyyən etmir.  Ukrayna tərəfi hesab edir ki, bu durumda monitorinq yetərli deyil – beynəlxalq qüvvələrin nəzarəti tələb olunur. Söhbət BMT-nin sülhməramlı missiyasından gedir. Onun səlahiyyətləri, tərkibi, yerləşmə yerləri haqqında “Normand dördlüyü” razılığa gəlməlidi.
Xatırladaq ki, 10 mayda alman şəhəri Aaxendə Merkel və Makron öz mövqelərini Poroşenko ilə ilkin olaraq razılaşdırıblar. Lakin yekun qərar BMT TŞ-də veto hüququ olan Rusiyanın mövqeyindən asılıdır.
Almaniya kansleri Angela Merkel vəziyyəti 18 mayda Soçidə RF prezidenti Vladimir Putinlə müzakirə edib, bundan sonra telefonla Poroşenko ilə əlaqə saxlayıb. Dünən Vladimir Putin Sankt-Peterburqda Fransa prezidenti Emmanuel Makronu qəbul edib. Planlaşdırılırdı ki, danışıqların nəticəsi əsasında “Normand dördlüyü” liderlərinin görüşünün vaxtı və yeri haqqında suala cavab verilə bilər.
Ukrayna, Rusiya, Almaniya və Fransa dövlət başçılarının bu formatda sonuncu görüşü 2016-cı ilin oktyabrında olmuşdu. Onda razılığa gəlinmişdi ki, dekabradək Minsk razılaşmasının yerinə yetirilməsinin “yol xəritəsi” işlənib hazırlansın. Lakin tərəflərin razılaşmanın mahiyyətinə yanaşmasında prinsipial fərqlər olduğundan, bu, yerinə yetirilmədi. Ukraynada inanırdılar və hələ də əmindirlər ki, onların yerinə yetirlməsi nəticəsində DXR/LXR ortadan qaldırılmalı və indi Kiyevin nəzarətində olmayan ərazilər üzərində Ukraynanın yurisdiksiyası bərpa edilməlidir.
Rusiyada isə ondan çıxış edirlər ki, Kiyev özünün bütün addımlarını respublikaların rəhbərliyilə razılaşdırmalıdır (çünki Minsk razılaşmasının altında onların imzası var). Bunula da, DXR/LXR-in mövcudluğu faktını tanımalıdır.
Ziddiyyət bu günə qədər davam edir. Və sülhməramlı missiyanın mandatı haqqında məsələnin həllinə yanaşmalara birbaşa təsir edir. ABŞ Ukraynanın Donbasdakı münaqişənin mahiyyəti haqqındakı mövqeyini bölüşür: Rusiyanı “təcavüzkar”, respublikaları isə oyuncaq qurumlar adlandırır. Diqqətəlayiqdir, Makronla Putinin görüşü ərəfəsində ABŞ-ın yeni dövlət katibi Mayk Pompeo Konqresin Nümayəndələr Palatasının Xarici işlər komitəsində keçirilən dinləmələrdə bəyan edib ki, “Rusiya Ukraynanın beşdə bir hissəsini ilhaq edib və biz bunu heç vaxt unutmamalıyıq”.
ABŞ Dövlət Departamentinin xüsusi nümayəndəsi Kurt Volker də belə xətt tutur. Ötən həftə Ukraynaya baş tutan səfəri gedişində o, Donbasın Kiyevin nəzarətindəki rayonlarında olub, sonra Ukrayna paytaxtında danışıqlar aparıb. Və Ukraynanın sühməramlı missiyanın mandatı ilə əlaqədar  olan mövqeyini dəstəkləyib. Deyib ki, Donetsk və Luqanskda Ukrayna yurisdiksiyası bərpa edildikdən sonra olacaq. DXR və LXR-in legitimləşdirilməsinə şərait yaratmamaq üçün əvvəlcədən getməyəcək.
Rusiya XİN-nin rəsmi nümayəndəsi Mariya Zaxarova Volkerin tərəfsizliyini və vasitəçi kimi rolunu şübhə altına alaraq, bu bəyanata reaksiya verib. Zaxarova bəyan edib ki, “Volker ənənəvi olaraq bir sıra xoşagəlməz tezislər səsləndirdi. Onların arasında Amerika təmsilçisinin Donbasda respublikaların mövcudluğu faktının özünü tanımaqdan imtina etməsi də var. Bu da onu göstərir ki, o, ya Minsk razılaşmasını oxumayıb, ya da aşikar olanı – onların altında Donetsk və Luqansk nümayəndələrinin imzasının olmasını görmək istəmir”.
O təkrar edib ki, Ukrayna hakimiyyətilə DXR və LXR rəhbərliyi arasında birbaşa dialoq olmadan “münaqişənin tənzimlənməsində, – istər siyasi və təhlükəsizlik sferasında addımların atılması sahəsində olsun, istərsə də BMT qüvvələrinin regionda iştirakı haqqında diskusiya olsun, – irəliləmək mümkün deyil”.
Kiyevdə hesab edirlər ki, bu bəyanat Donbasda kimin kimlə vuruşması və DXR/LXR-in taleyi məsələsinə münasibətdə davam edən prinsipial ziddiyyəti göstərir. Ona görə də “Normand dördlüyü” liderlərinin görüşü haqqında optimizm olmadan danışırlar.
Tərcümə Strateq.az-ındır