Ukrayna hökumətində gürcü zarafatı: “Qamarcoba...”

Ukraynada populyar bir zarafat dildən-dilə dolaşır: “Baş nazir Arseniy Yatsenyuk hökumətinə “Sabahınız xeyir” deyəndə gürcücə “Qamarcoba, genatsvale” (“Salam, dost”) cavabını eşidir”.

Zarafat da boş yerə yaranmayıb. Axı hökumətdə yüksək vəzifədə gürcü kadrlar sayca ikincidir. Hazırda 4,5 milyonluq gürcü xalqının azı 5 nümayəndəsi müxtəlif vəzifələrdə işləyir. Azı 8-i ekspert kimi çalışır.

Onların çoxu 2004-2013-cü illərdə - Mixail Saakaşvilinin hakimiyyəti dövründə hökumətdə yüksək postlar tutublar. Keçmiş prezidentin özü hazırda Ukrayna prezidenti Petro Poroşenkonun yanında beynəlxalq məsələlər üzrə Məsləhət Şurasının sədridir. O, həm də prezidentə iqtisadi məsələlərdə müşavirlik edir.

(Saakaşvili Ukrayna Məsləhət Şurasında çalışdığını göstərən vəsiqəni nümayiş etdirir)

Yeni təyinatlar ümid verir ki, onlar Gürcüstanda yaratdıqları liberal iqtisadiyyat və qayda-qanunla bağlı uğurlarını Ukraynada da təkrar edəcəklər.

Bu ilin fevralında ədliyyə nazirinin müavini vəzifəsinə təyin edilən Giya Getsadze “Kiyev Post”a bildirib ki, Gürcüstanda islahatların nəticələri özünü tez biruzə vermişdi. Ancaq o, əlavə edir ki, ictimai nəzarət və demokratiya baxımdan Ukraynada daha yaxşı ola bilər.

G.Getsadze 2004-cü ildə Gürcüstanda ədliyyə nazirinin müavini, 2005-ci ildə isə daxili işlər nazirinin müavini olub. Onun Gürcüstanda mülkiyyət və biznes üzrə dövlət qeydiyyatının, banklarda və notariuslarda nazirliyin qeydiyyat funksiyalarının sadələşdirilməsində, sənədləşdirmənin elektronlaşdırılmasında, Ədliyyə Nazirliyində büroktatiya və korrupsiyanın kəsilməsində rolu olub.

G.Getsadzedən əvvəl Ədliyyə Nazirliyində ekspert kimi daha üç gürcü işləməyə başlayıb. Hər biri də vaxtilə Gürcüstanda yüksək dövlət postu tutub. Onların bəziləri artıq 3 aydır ki, burda işləyirlər.

(Eka Zquladze)

Ukraynada gürcüsayağı polis

Eka Zquladze-Qluksmann ötən ilin dekabrında daxili işlər nazirinin müavini vəzifəsinə təyin edilib. O, hazırda yeni işçilərdən yaradılacaq yeni yol polisi layihəsi üzərində çalışır. Yeni yol patrulları Kiyevin küçələrində iyun ayında görünəcək. İlin axırına kimi isə bir neçə böyük şəhərdə artıq yeni yol polisi işləyəcək.

Dekabrda səhiyyə naziri postuna təyin olunmuş Aleksandr Kvitaşvili istəyir ki, qanunvericilik BMT-nin Uşaq Fondu və Ümumdünya Səhiyyə Təşkilatı vasitəsilə dərman preparatları almağa imkan versin. Məqsəd korrupsiyadan yan keçməkdir.

“Azadlıq” radiosu bildirir ki, A.Kvitaşvili Gürcüstanda səhiyyə sistemini sıfırdan qurmuşdu. İndi o, Ukraynada hökumət, qeyri-kommersiya və özəl xəstəxanaları birləşdirməyə çalışır.

Digər keçmiş gürcü məmuru David Sakvarelidze baş prokurorun müavini postuna ötən ilin dekabrında təyin olunub.

(David Sakvarelidze Gürcüstanda çalışarkən)

Gürcülər deyirlər ki, inqilab müxtəlif dəyişikliklərə səbəb olur. Ancaq onlar onu da bildirir ki, Gürcüstanda dəyişikliklər sıfırdan başladı, Ukraynanın isə güclü vətəndaş cəmiyyəti var.

“Biznes hazırdır, adamlar hazırdır. Burda nə istədiyini əla bilən qeyri-hökumət təşkilatı sektoru və vətəndaş cəmiyyəti var” - ədliyyə nazirinin müavini Giya Getsadze deyir.

Vəzifə tutan gürcülər deyir ki, onlar Ukraynada öz təcrübələrini bölüşmək istəyirlər: “Ukrayna modeli daha yaxşı olacaq, çünki bizim artıq təcrübəmiz var”.

Keçmiş gürcü məmurları artıq Ukrayna ordusunda da xidmət edir.

Ukrayna qoşununa təlim keçən David Makişvili deyir ki, Ukrayna ordusu NATO standartlarına uyğunlaşdırılmalıdır.

2008-ci ildə Cənubi Osetiyada döyüşən 4-cü briqadaya və 2010-2012-ci ildə Ukrayna ordusuna rəhbərlik edən general Giorgi Kalanadze “Kiyev Post”a deyib ki, o, Donbasdakı Ukrayna ordusuna təlim keçir.