Ukrayna hökuməti Donbas regionuna əlavə qoşun göndərəcək

Donetsk hava limanında döyüşlər davam edir, sutka ərazində 6 Ukrayna əsgəri həlak olub

Ukrayna hökuməti ölkənin şərqinə əlavə qoşun göndərəcək.

“RİA Novosti”nin məlumatına görə, bunu Ukrayna prezidenti Pyotr Poroşenko bəyan edib.

P. Poroşenkonun sözlərinə görə, Donbas regionunda yerləşən qoşunların qruplaşması yenidən aparılacaq.

“Bütün bunlar ona görə edilir ki, biz atəşkəsin zəiflik əlaməti deyil, güc olduğunu göstərək. Kimsə atəşkəsi pozmaq istəsə, bunu həyatı hesabına ödəcəyək”, - deyə o vurğulayıb.

Ukrayna prezidenti həmçinin qeyd edib ki, son aylarda ordu xeyli güclənib.

Bu arada, Ukrayna tərəfi Donetsk hava limanının tam nəzarətə götürüldüyü haqda separatçıların bəyanatlarını növbəti dəfə təkzib edib.

Antiterror Əməliyyatının (ATO) mətbuat xidmətinin rəhbəri Roman Turovets şiddətli və arasıkəsilməz hücumlara məruz qalan aeroportdakı Ukrayna kontingentinə lazımi atəş dəstəyinin verildiyini bildirib: “Orada indi döyüş gedir. Hücum səhər saat 08-də başlayıb. Vəziyyət kifayət qədər mürəkkəbdir, lakin nəzarət olunandır. Döyüşçülərimiz güclü atəş dəstəyi alır və bunun sayəsində davam gətirir”.    

Antiterror əməliyyatı qərargahının başqa açıqlamasına əsasən son sutka ərzində Donbassda gedən döyüşlərdə 6 Ukrayna əsgəri həlak olub, 18-i yaralanıb.

ABŞ-ın Ukraynadakı səfiri Ceffri Paett bəyan edib ki, separatçıların Donetsk hava limanına hücumları Minsk razılaşmalarının pozulmasıdır: “Rusiya tərəfindən dəstəklənən separatçıların hücumları onların Minsk razılaşmalarını pozmasına dair sonuncu nümunədir”.

Qeyd edək ki, Prokofyev adına Donetsk hava limanı şiddətli döyüşlər və bombardmanlar nəticəsində tam xarabazara çevrilib. Köhnə terminalın xarabalıqları separatçıların, yeni terminal isə Ukrayna ordusunun nəzarətindədir. Hazırda yeni terminalın xarabalıqlarında döyüşlər gedir.