Ukrayna deputatında koronavirus şübhəsi - Ali Rada bağlana bilər

Baxış sayı:
1831

Ukrayna Ali Radasının deputatı, “Həyat uğrunda müxalifət platforması” fraksiyasının nümayəndəsi Oleq Voloşin Fransa səyahətindən sonra ölkəsində karantinə salınıb.

Qeyd olunur k, ilk testlər O.Voloşində “COVİD-19” virusunu aşkar etməyib. Lakin koronavirusun inkubasiya dövrünün 21 gün çəkməsi bilindyinə görə ukraynalı siyasətçini təkrar analizlər gözləyir.

Bu xəbər ölkənin qanunverici orqanında gərginlik yaradıb. Belə ki, yeni qəbul edilən Çin protokoluna görə xalq deputatı ilə kontaktda olan hər kəs təcrid vəziyyətinə salınmalıdır.

Ukrayna mətbuatı xüsusilə müxalifət blokuna daxil olan deputatlar arasında əsl panika havasının hökm sürdüyü yazır. Çünki Oleq Voloşin geri qayıtdıqdan sonra partiyanın bir çox toplantı və tədbirinə qatılıb. Üstəlik, onun sıx əlaqədə olduğu adam təşkilatın lideri, qatı rusiyapərəst Viktor Medvedçuk olub.

Müxalif fraksiyanın həmsədri Vadim Rabinoviç bütün Ali Radanın Yeni Səncər qəsəbəsinə, 14 günlük karantinə göndərilməsini təklif edib.

Oleq Voloşina gəlincə, onun bu ilin fevralın 27-də Fransaya baş çəkdiyi bildirilir. Burada o, fransız deputat Jan-Lük Reytserlə görüşüb. Həmin Reytser isə “COVİD-19” virusuna yoluxub və hazırda reanimasiyadadır. Onun bu ilin martın 5-də xəstəxanaya yerləşdirildiyi qeyd olunur./musavat.com