Uğur nədir və ya bizə din lazımdırmı?

Baxış sayı:
4066
                                     Neynirəm o qızıl teşti ki, içində qan qusum...
Azərbaycan  atalar  sözü

 

Sayın İgid Teymurlunun “Versus.Az” saytında Yasəmən xanım Qaraqoyunlu və Asif Ata övladlarının  təqdimatında “Toqquşan maraqlar: “Türk düşüncəsi”, yoxsa “Fars zehniyyəti”?” adlı yazısını oxuyanda, düşündüm:
-  Əgər biz,  düşüncə korluğundan gələcəyi görə bilmiriksə də... yaxşı, heç olmasa, pis şagirdlər kimi, dərsini bilənlərdən, qabaqcıllardan üzünü köçürüb bu günümüzlə yaşayaq, axı,  ikinci yüzildir toplum olaraq  bu olayı dartışırıq,  hələ nə qədər nəticəsiz  danışmalıyıq?...  Halbuki, Qərbi Avropa və ABŞ bu məsələləri artıq 231 il qabaq,  özlər üçün  çözmüş  və  1776-cı ildən bəri, düzənlədikləri  qanuni yolla,  çağına uyğun  davranışla,  hamımızın həsəd apardığı,  ən üstün  yaşamlarını sürdürməkdədirlkər.
 Axı, bu kimə sirdir ki, insanı, onun beyni, yəni düşüncəsi idarə edir?  Sanıram, heç kimə. Yaxşı, əgər  işimiz  arzuladığımız kimi  getmirsə, demək düşüncəmiz qüsurludur, deyilmi?  A  şüurlular (çünki, sözüm şüursuzlara aid deyil), demək öncə  düşüncəmizi düzəltmək lazımdır, elədir?  Hə,  demək,  bizi gerilikdə saxlayan köhnə,  işimizə yaramayan  düşüncədən qurtulmalıyıq.  O, nədən ibarətdir?  Hə,  bu,  artıq başqa və daha vacib mövzunun söhbətidir...  Ancaq, qısaca anladaq ki, toplumun düşüncəsi – insan yaradıcılığının məhsulu olub, xaraktercə  iqtidarı oluşduran  siyasi və  onun alt yapısını, yəni,  özülünü yaradan  ictimai  fikirdir  ki, bu da əmələgəlmə əsaslarına görə iki yerə ayrılır:
1. Real əsasa, məntiqi sübuta  söykənməyən, tənqidə bağlı və dözümsüz, sorğulanması qadağan, sadəcə müqəddəs elan olunan, ibtidai olduğu qədər də bəsit  yaradıcılıq sahələri – inanclar, dinlər və sair  bu kimi qondarmalar, dələduzluqlar.  Bunları ona görə qondarma və dələdsuzluq sayıram  ki,  bunlar,  öz dediklərinə, etdiklərinə  məntiqli, sübutlu hesabat verə bilmir, deməli, insanlara yalan danışmaqla onları aldadır və əmlaklarını ələ keçirirlər. Qarşısındakıları dinləmək əvəzinə,  müxaliflərinə zorakılıq edir, Allah adına onları kütləvi qırır, əmlakını yağmalayır, özlərini kölə, cariyə  edir.  Bu səbəbdən  də,  bu cür yaşayan ölkələrdə  pisliklər, dağıntı, gerilik onların cığırdaşıdır.   Ona görə də, əslində bu cür əsassız fikrlərin peşəkar daşıyıcıları, yayıcıları faydalı iş əmsalı yaratmadıqlarına görə,  tüfeyti sayılmalı və  qanunla məsuliyyətə cəlb olunmalıdırlar.
2. Real fakta, məntiqi sübuta söykənən, tənqidə açıq və dözümlü, sorğulanan yaradıcılıq sahələri - məsələn, şifahi və yazılı ədəbiyyat, bilim (elm), media,  bədii yaradıcılıq sahələri – musiqi,  rəssamlıq, memarlıq, heykəltaraşlıq, teatr, kino və sair bu kimi  mədəniyyət  növləri. Bu alanda (sahədə) fərqli fikirlilərə  normal, adi hal kimi,  açıq və dözümlü,  anlaşıqlı  yanaşılmaqla yanaşı, əksinə, fərqli düşüncə, şübhə  -  gəlişmənin (inkişafın) əsası, onun stumullaşdırılcısı,  güc qaynağı sayılır.  Bu səbəbə görə də, bu cür düzənli ölkələr  yaxşılığa dogru sürətlə dəyişir,  özlərinə ən üstün yaşam tərzini qura bilirlər.
Yeri gəlmişkən, bütün bunlar özlüyündə dünyanı qavramaqda fəlsəfəni oluşduran düşüncə  yönləridir, lakin, biri(ncisi)  insanlığa faydasız, o, birisə (ikinci),  faydalıdır.
Beləliklə: - Asif Ata Ocağının Yükümlüsü və Övladı  Düzgün Atalının “Hürufiləri qanına qəltan edən Əmir Teymurla fəxr edən millətik”  və sair çeşidli qınağına,  Yasəmən xanım “...mən Əmir Teymurun qarşısında baş əyirəm. Bu gün Onu hədəf qismində götürən və özlərinə  “Asif Ata Ocağının Övladları” adnı verənlər bir şeyi unutmasınlar Aqsif Ata Türk tarixini və mədəniyyətini, islami məzhəblər və təriqətlər tarixini bilməyən, Zərdüştü və Fars Batini ideyalarını göylərə qaldırıb əslində Türk təfəkkürünü zəhərləyən bir filosofdur.”, “Zərdüşt İran cəbhəsində duraraq Turanla savaşırdı”, “Əli bəy Hüseynzadə vurğulayır ki, “biz Zərdüştə Konfutsiyə duyduğumuz sayğı  və ehtiramı duyarız. Amma biz, Zərdüşt və fars fəlsəfəsini, dinini qəbul edə bilmərik. Biz Turanlıyıq, bizim dinimiz Göy Tanrı dinidir.””  və daha nələr, nələr  deyir(lər)...
Mən, bütün, bu cür  düşünənlərə  ərklə səslənirəm, bəzi qarmaqarışıq  elmlər doktorları kimi  yox, biraz sağlam  düşünün...  sizə yeni bir əjdaha (oxu, bizi yeni üsulla bu gündə saxlayan,  gerilədən din, təriqət və ya yanlış düşüncə) lazımdırmı?  A kişilər, azca yuxarıda  yazdım,   “Bizi gerilikdə saxlayan köhnə, yaramaz  düşüncədən qurtulmalıyıq...”  Siz, bizi,  yenidən  daha davamlı,  dağıdıcı, geriçi  virusamı yoluxdurmaq,    bizə  tarixən “doğma” olan  - neocəhalətəmi  qaytarmaq istəyirsiz?  Axı, niyə?  Nə vaxtdan pisi yaymaq hünər sayılıb?  Yaxşını yaymaq daha düzgün deyilmi?   Görmürsüzmü, bütün aləmlər,  yalnız,  ondan ötrü kəllə-mayallaq  olublar, yəni,  inqilab ediblər ki, gerilikdən yaxa qurtarıb,  adam kimi yaşasınlar?  Bir lətifədə deyildiyi kimi,  *...siz, ayının əmisi oğlusuz?*, yoxsa, bizim? 
Bu  din cəhaləti qurbanlarının - müsəlman , xristian, buddist  bədbəxtlərin günahı nədir, lütfən,  deyərsizmi?...  Bu cəhalət qurbanları bir, iki mürəkkəb ifadə olunan fikri  belə,  eşidib,  ya  oxuyub qavramaq qabiliyyətində və hövsələsində deyillər. Bax, bu yazını da oxumayacaqlar, çünki, pis gündə yaşadıqlarından   onları başqa, daha həyati vacib şeylər maraqlandırır - necə etsinlər ki, ac qalmasınlar... Bu, çox ağır dərddir ancaq çəkənlər bilər, bu dərdlə yüklənənlər mənəvi dəyərlər hayında olmazlar  ki, bu da məntiqli və anlaşılandır. Elə bu səbəbdən də onlar  din, yaxud,  yalan siyasət  fırladanların ağzına baxmaq məcburiyyətində  qalır, hər iki yandan  də onların beynlərinə yalan ifraz edilir və cibləri talanır. Həyat  səviyyəsi  pis gündə olan ölkələrdə əksəriyyət çörək dərdi çəkər, elə buna görə də din və siyasət   dəllalları,  özlərinin gəlir mənbəyi sayılan  bu  insanların oxumasında, çox bilməsində, yaxşı yaşamasında maraqlı olmazlar, çünki, hamı ayılsa, yaxşı yaşasa, haqqını qorusa  bunların  bazarları bağlanar...
 Ona görə də tarixçi, professor,  sayın Nəsib Nəsibli apardığı  “Günaz.TV”-nin “Qaynaq” verlişində din tüccarlarının bazarını azca da olsa zəiflətmək üçün,  “Quran  oxuyaq” adlı  mövzuda söhbət aparır. Bu söhbətdə hər bir müsəlmanın özünün “Quran”ı oxumasının vacibliyi vurğulanır ki, adamlar, yalançı  araçılarsız  (oxu, mollalarsız) orada  gerçəkdən nələr yazıldığını bilsin.    Qalanı da hər kəsin öz işidir, necə istər, o cür də edər, çünki, “Dində məcburiyyət yoxdur” (“Quran”,”Baqara”,256.) və olmamalıdır da.  İstərlər,  dünyəvi işlərini buraxıb peşəkar dindarlıq edib camaatdan çaldıqları  pulu hesabına, istərsə də, öz işlərinə davam edib öz halal zəhməti hesabına yaşayarlar, seçim öz vicdanınındır... Elə mən də “Quran”ı oxuyanadək,  mollaların ağzına baxmalı olurdum,  amma indi, buyursunlar meydana, görək kim, kimi bir otruma həzm edir... Odu ki, çalışın, “Quran” oxuyun,    qavrasanız , onun içəriyini (mahiyyətini) bildiyiniz  qədər  də cəhalətdən qurtulacaqsınız,  mən bunu tam məsuliyyətimlə deyirəm.
Daha sonra, yazan (müəllif),  Yasəmən xanımın, Asif Ata təlim şüarlarını  tarixi faktlar qarşısında heç  saymasından gileylənir və sairə...
Ay gözəllər, mən bilən, Asif Əfəndiyev (Ata)  sosializm realizmi çərçivəsində  düşünərək  yaratmış,  sonda  türkün  öz  peyğəmbərinin olmamasını haqlı olaraq bir çatışmazlıq,  əldən verilmiş, itirilmiş tarixi fürsət  sayır və qarşılığında “Mütləqə inam”  önərisini  (tezisini) irəli sürməklə,  Ocağını yaratmaqla,  öz  simasında bu boşluğu doldurmaq istəyirdi...qalan hər şey təfsilatdı. Mənim yadımda qalan budu...
Daha sonra, Asif  Əfəndiyevin “Müdriklik səlahiyyəti” (Gənclik,Bakı,1976) bitiyində (kitabında) mənim razılaşdığım və razılaşmadığım fikirlər üstündəki qeydlərdən də görünür. Məsələn,  alqışladığım - “Təbiət özü – hələ şeir deyil! Təbiətin fəlsəfi mənasının bədii inikası – şeirdir.” (Səh.19),  “Ölümü mənalandıran əqidədir!” (Səh.31), “Qəm və üsyan” (Muğam hikməti) (Səh.152-169) (Mənim qeydim: “Bəxtiyarın “Muğam”ı və Asifin “Qəm və üsyan”ından birgə, muğamlardan ibarət  “Muğam operası” yaratmaq olar.)  kimi   fikirlərlə yanaşı, qüsurlu  saydlğlm və  əsla razılaşmadığım - “Sovet insanına xas olan keyfiyyətlər nəinki ümumbəşəri keyfiyyətlərdən təcrid edilmiş bir şey deyil, əksinə  - bu keyfiyyətlərin təntənəsidir!”, “Sovet insanı bütün bəşəriyyətin ümidgahıdır.” (Səh.35),  “Sosialist gerçəkjliyi şəxsiyyətin hərtərəfli harmonik inkişafını təmin edən makromühitdir (böyük mühit)” və səhvən burjua  aləminə aid etdiyi  10  prinsip (Səh.180) də vardır. Ümumilikdə, bu bitik (kitab),   mübahisə  açmaq,  dartışmaq  üçün  yaxşı  vasitədir.
Mən yenə də  təkrarlamaq zorundayam: - sizə yeni bir əjdaha (oxu, bizi daha yeni üsulla gerilədən din, təriqət və ya yanlış düşüncə) lazımdırmı?  A kişilər, azca yuxarıda  yazdım,  axı, “Bizi gerilikdə saxlayan köhnə, yaramaz  düşüncədən qurtulmalıyıq...”, o, nədən ibarət olursa, olsun. 
Öncül dünya,  özüyçün  bu məsələni  çoxdan həll edib, düşüncədə - din (xristian) çərçivəsini dağıdıb və dindarlarıın səlahiyyətini  kilisədə şam yandırmaqla məhdudlaşdırıb,   hakimiyyətdə - Mütləq  Monarxiya  idarəçilik üsulundan,  demokratiyaya keçib  və  toplumda - bilim və  düşüncə özgürlüyünə önəm verməklə uğur qazanıb,  üstün   olub. Odu ki, yenidən veloseped  icad etməkdənsə, onun hazır modelini alıb öz milli paltarımızda (oxu, özəlliyimizlə) sürmək lazımdır... vəssəlam. Yox,  əgər şəxsi özəlliyinə salıb tərslik edənimiz varsa, buyurub  istədiyi yerdə (oxu, müqəddəs saydıqları  müsəlman xarabalarında) gömülmüş halda qala bilər, bu da onun seçimidir, ancaq,   başqasını arxasınca, yalnız  özlərinə qismət olacaq “Cənnət”ə  sürükləyə bilməz. Bu da,  onların nəzərincə biz “kafərlərin” seçimidir,  danışdıqmı?  Biz,  yaşayışımızı bu dünyada , hazır nümunələr  kimi,  özüdə  ən yaxşısından  qurmaq  istəyirik.
Qaldı, yazıdakı başqa çoxlu mətləblərə baş qoşmaq oxucunu bezdirər deyə, yazıdan alıntılar vermədən qısaca  cavablandırmaq istəyirəm: - Bəli, biz  beləyik, biz eləyik (burada,  türklərin bütün dövlətçilik və hərbi uğurları, itkiləri, ərəb, fars düşüncəsini, dilini, mədəniyyətini  qoruyub yaşatdıqca  özəlliyindən  bir o qədər  uzaqlaşması  sadalanır...). Bu uğurlardan əlimizdə qalan, yalnız, dədələrimizin seçdikləri yaxşı vətən olub, ancaq onuda,  ərəb, fars cəhalətinə gömülməklə  zaman gəlişməsindən (inkişafından) geri qaldığımızdan beş yüz ildir ki, itirməkdəyik... Bu uğrları və  itkiləri sızıltıyla dilə gətirib lüzumsuz öyünməkdənsə, onlardan ibrət dərsi alıb - sürətlə gəlişməliyik (inkişaf etməliyik) ki, heç olmasa bundan sonra əlimizdəkilərlə  ayaqda qala bilək. 
Mədəniyyət adına isə,  aşıqlarımızın,  allahın, peyğəmbərin və onun böyür, başındakıların reallığa söykənməyən öymələrilə  başlayan bahadırlıq  və məhəbbət dastanları, ağıllı böyüklərimizin, şairlərimizin əlacsızlıqdan, yalnız,  gülə, bülbülə  qoşquları, nağılları, sızıltılı həsrət  bayatıları və qan ağlayan  Muğam... Çünki, dindar ərəbləri öymədən başqa (realist düşüncə, yaradıcılıq)  hər şey İslamda küfr sayılır və ağır cəzalandırılırdı... Bir də təməli  “Quran”dan gələn çoxarvadlılıq azadlığı vardı, nə qədər bacarırsan kəbinli və kəbinsiz (əsir- cariyə, kölə) arvad saxlaya bilərsən... Avropalılar,  hələ də  bu çoxarvadlılıq fəlsəfəsini   anlaya bilmirlər...   
Karl  Marks deyib, “Din xalq üçün tiryəkdir.”  Elədir, ancaq din tiryəkdən də pisdir, çünki, tiryək insanı bir neçə saatlığa uyudursa, din ömürlük uyudur. Cəhalətdən sağalmaq üçün dinin içəriyini (mahiyyətini) öyrənməlisən.
Mirzə Fətəli Axundzadə isə, deyib, “Mən, bütün dinləri puç və əfsanə hesab edirəm.”  Olsun, ancaq,   din insanı manqurt edəcək qədər  “puç və əfsanə”dirsə, demək, dəhşətli bir şeydir.
Sonda, bəzilərimizin bəyənmədikləri  Avropalılar barədə  əzabkeş şairimiz Məhəmməd  Hadinin iki misrasını  desəm yerində olar, o kişi deyib:-“İngilisi  imansız, İtalyanı kitabsız, Bizə iynə verməsə,  qalacağıq  tumansız...”  

Müsəlman  düşüncəsilə,  lənətlədiyinin,  bəyənmədiyinin  kafərlərin nəyinisə kullanmamalısan, yəni istifadə etməməlisən,  onları dost tutmamalısan,  çünki, mundardılar... İndi,  hünəriniz varsa,  “mundar”  Avropanın bütün dəyərlərindən, o cümlədən  texnologiyasından  imtina  edin,  görün  “tumansız  qalırsız”  yoxsa, yox?...
Əzizlərim, məsələ  heç də onda deyil ki, kimin sayı, torpağı, hərbi gücü nə qədər çoxdur, bunların  gərəkliyi  öz yerində... Ancaq,  əsas məsələ,  kimin necə, pismi, yoxsa yaxşımı yaşamasındadır? Çünki, insan həyatından qiymətli heç nə yoxdur, ona görə də hər şey - insan ömrünün   yaxşı keçməsinə xidmətdə olmalıdır,  qondarma düşüncələrə, hakimlərə  xidmətdə  yox... O,  güc, o, geniş torpaq, o,  qurluş, o, sərvət,  əgər   insan ömrünün mənalı, dolğun yaşamasını təmin etmirsə,  kimə,  nə üçün lazımdır? Ağıllı atalarımız əbəs yerə deməyiblər: - neynirəm o qızıl teşti ki, içində qan qusum...
Unutmayaq, kimin necə baş, ayaq danışmasından  asılı olmayaraq, biz hamımız vəhşilikdən çıxmışıq...  Ancaq, söhbət odu ki,  bu gün kim, nə qədər  o  vəhşilikdən uzaqlaşıb, günümüzə nəylə gəlib, yəni, kim necə yaşayır?
Tamammı?

Hamınıza  sayğıyla, 
Məmmədxan   Əzizxanlı.
30.04. 2018