Ucuz ev almağın və ya tikdirməyin şərtləri

Baxış sayı:
12982

Dünyada yeni kampaniya - 1 avroya satışa çıxarılan evləri kimlər və niyə alır?

Son illər dünyada daşınmaz əmlak qiymətlərində ciddi artım var. Bahalaşma, bəzən astronomik qiymətlər insanların ev sahibi olmaq arzusunu reallaşdırmağa imkan vermir. Amma bununla yanaşı, dünyanın bəzi bölgələrində əhali sayının kəskin azalması, demoqrafik böhran təhlükəsi bu sahədə ilginc kampaniyaların həyata keçirilməsinə səbəb olur. Necə ki, demoqrafik böhran yaşanan ölkələrdə hər doğulacaq yeni körpə üçün külli miqdarda uşaq pulu, mənzil kimi hədiyyələr vədi stimullaşdırıcı amil sayılır, bu da elə.

Azərbaycan insanı da hər zaman ucuz ev, ucuz torpaq sahəsi ilə bağlı axtarış aparmağa meyillidir. Hətta tikintiyə icazə verilməyən ərazilərdə müxtəlif yollarla ev tikib, daha minimum vəsaitlə ev sahibi olmaq istəyi də bundan irəli gəlir. Amma internetdə aparılan gəzişmə göstərir ki, dünyanın ən səfalı, ekzotik yerlərində “su qiymətinə” evlər satılır. İlginc şərtlər və bir-birindən asan üsullarla...

1000 nəfərlik əhali və təmiz hava udmaq üçün şans

İtaliyada 2 bələdiyyə əhalinin sayına görə ciddi itki yaşadığı üçün ilginc bir kampaniyaya başlayıb. Onlar qəsəbələri canlandırmaq üçün başladıqları  “1 avroya ev” layihəsində prosedurları sadələşdirdiklərini deyirlər.

“Yeni Müsavat” dünyada başlanan bu yeni axınla bağlı ən son məlumatları təqdim edir. “BBC Türkcə”nin yazdığına görə, Napoli yaxınlarındakı Zungoli və Siciliya adasındakı Mussomeli qəsəbələri bürokratiyadan və görmədikləri bir evi almaqdan çəkinən potensial müştərilər üçün İtaliyaya getməyə ehtiyac qalmadan alış-verişi internet üzərindən həyata keçirə bilmələrini təmin edəcək saytlar qurub. 2015-ci ildə İtaliyanın ən gözəl qəsəbələrindən biri seçilən Apenin Dağlarındakı təxminən 1000 nəfərlik əhalisi olan Zungolinin bələdiyyə sədri Paolo Caruso deyib: “Alıcılara yardımçı olacaq və evləri yeniləmələri üçün dekorasiya şirkətləriylə ünsiyyət qurmalarını təmin edəcək özəl bir heyət formalaşdırdıq. Şəffaflıq üçün çox önəmli, amma insanlar gerçəkdən gəlib bu gözəlliyi görməli, ləzzətli yeməklərimizi dadmalı və bu sağlam, təmiz havanı udmalıdır”.

1 avroluq evə sahib olmaq üçün nə etməli? 

CNN-ə görə, Zungoli Bələdiyyəsindəki prosedurlar sıra ilə belə həyata keçirilir:

- Zungolinin rəsmi internet saytına girin: www.comunezungoli.it. (İtalyanca bilməyənlər üçün Google Tərcümədən yararlanmaq mümkündür)

- Sol sütundakı “Case in vendita a İ1.” Bölümünə  tıklayın. Buradan böyüklüyü 50-100 metr arasında dəyişən və çoxu ciddi təmirə ehtiyacı olan onlarla evdən ibarət bir siyahı var.

- Bəyəndiyiniz ev üçün müraciət formasını endirin. Bu mərhələdə evi 1- 3 il içində təmir etdirəcəyinizə təminat vermiş olursunuz. Bundan başqa, evin hansı məqsədlə istifadə olunacağını (məsələn ev, pansion, butik) bəyan etmək kimi bir öhdəliyiniz var.

- Şəxsiyyət vəsiqəsinin surəti və digər sənədlərin poçt və ya e-mail ünvanı ilə Zungoli Bələdiyyəsinə yollanması istənilir.

- Əgər planınız təsdiqlənirsə, bələdiyyə sizə müqavilə göndərir. Bundan sonra İtaliyaya gedib sövdələşməni imzalamaq lazımdır.

Evlər üçün 2000 avro depozit və təmir öhdəliyi verilməsi şərtlərdəndir. Təmirin bir neçə ay içində başlaması lazımdır. Depozit isə evin sənədləri hazır olandan sonra geri qaytarılır. Mussomeli Bələdiyyəsi isə satışa çıxardığı evlər üçün özəl bir internet saytı açıb: www.case1euro.it

İngilisdilli saytda interaktiv xəritədə görülə bilinən evlər haqqında detallı məlumat verilir. Evlər e-mail və ya telefonla alına bilmir. Evi satın ala bilmək üçün Mussomeliyə getmək lazımdır. Saytdan lazımi formalar endirmək mümkündür. Əmlak ofisinin işçiləri sənədləşmə işlərinə yardım edir. Burada depozit 5.000 avrodur. Evin yeri və vəziyyəti nisbətən yaxşı olduğu halda, depozit məbləği 5000 avro və satışdan sonra ödənmək üzrə 400 avro vəsait nəzərdə tutulur.

“Dünyadakı cənnət”də ev 1 avroya düşüb

Sambuca Bələdiyyəsinin texniki ofisindən verilən açıqlamaya görə, hələ də satışda olan evlər bələdiyyənin internet saytında yer alır. Auksiona qatılmaq üçün saytdakı formaları doldurmaq lazımdır.

Təqribən 5800 nəfər əhalisi olan Sambuca Bələdiyyəsi 2016-cı ildə Rai kanalı tərəfindən təşkil olunan “Borgo dei Borghi” (Bölgələrin bölgəsi) adlı yarışmada İtaliyanın ən gözəl bölgəsi seçilmişdi. Tarixi Fenikelilerə qədər gedən Sambuka bugünkü halı ilə 830-cu il həndəvərində ərəblər tərəfindən qurulub. O dövr Zabut olaraq adlandırılan qəsəbədə hələ də tarixi bir “Ərəb məhəlləsi” yerləşir. 1 avroya satışa çıxarılan evlərin bəziləri də məhz bu tarixi məhəllədə yer alır.

Ucuz ev almanın ile ilgili görsel sonucu

CNN-ə açıqlama verən Sambuca Bələdiyyəsi sədrinin yardımçısı Giuseppe Cacioppo deyib: “Sambuca əzəmətli şəhər olaraq bilinir. Bu məhsuldar torpaqlara ”Dünyadakı cənnət" də deyilir. Tarixlə dolu, təbii bir rezervin içində yer alırıq. Ətrafımız möhtəşəm çimərliklər və dağlarla əhatəlidir".

Əhalinin azalmasına görə qəsəbənin xarabalığa dönməsinin qarşısını almaq üçün bayırdan gələcək insanlara ehtiyac duyduqlarını da bildirən Cacioppo “sevimli ərəb mirasımızı itirə bilmərik” deyib. Layihə keçən aprel ayında başlandığında İtaliyanın “Ansa” xəbər agentliyinə açıqlama verən Sambuca bələdiyyə sədri Leo Ciaccio da 1 avroluq ev layihəsinin yayılmasının ardınca həm İtaliyanın içindən, həm də xaricindən böyük diqqət gördüklərini demişdi.

Bu gün Venesuelada hətta möhtəşəm evlər də qəpik-quruşa satılır. Karib dənizindəki İsla-Marqarita adasında - hovuzu və bağı olan turist kompleksində ikiotaqlı yaşayış sahəsi 21 min dollaradır: Amerikadakı bir çox avtomobillərdən ucuz.

Karakasın El-Parasio rayonundakı 100 kvadratmetrlik mənzili isə 70 min dollara satırlar.

Halbuki ilkin satış qiyməti 250 min dollar olub. Ölkədəki vəziyyət mənzil sahiblərini gözləntilərindən vaz keçməyə məcbur edib.

Venesueladakı bir çox başqa mülk sahibləri kimi, onlar da ölkədən getməyi planlaşdırırlar. Mənzil satışıyla bağlı WhatsApp qruplarında elanlar əsasən bu şəkildə təqdim olunur: “Onlar köçüb gedirlər, geri qayıtmaq fikriləri yoxdur”.

BMT-nin məlumatına görə, son illərdə Venesuelanı 3 milyondan çox vətəndaş tərk edib. Onlar xaricə yeni imkanlar tapmaq üçün gedirlər.

Ölkədən çıxanlar özlərindən sonra boş evlər qoyub gedirlər.

Ona görə da daşınmaz əmlakın satış qiymətləri aşağı düşüb.

Amerikanın “İdealab”şirkəti öz ucuz “WorldHaus” layihəsi ilə dünyanı evsizlik bəlasından xilas etmək istəyir. Şirkət dünya bazarına cəmi 10 günə tikilən və 1500 dollara başa gələn evlər təklif edir. Belə evləri inşa etmək üçün elə bir xüsusi bacarıq lazım deyil, adi divar ustaları bu işin öhdəsindən gələ bilərlər. Tikintidə yalnız xüsusi konstruksiyalı kərpicdən, armaturdan, sement və qumdan, o cümlədən polistrol dam panelindən istifadə edilir.

20 kvadratmetr sahəsi olan ev həddindən praktikdir və 3-4 nəfərlik ailənin rahat yaşamasına imkan verir, qışda isti və yayda sərindir. Xüsusi konstruksiyalı kərpiclər və dam örtüyü nəmi içəri buraxmır və yanğına da davamlıdır. Hər 1 metrdən kərpic divarın içinə şaquli şəkildə salınmış armaturlar tikilini zəlzələyə qarşı davamlı edir. Yəni bu evlər kiçik olsalar da yaşamaq üçün həddindən rahatdırlar.

“WorldHaus”da yer almış göstəricilərə görə, hazırda dünyanın inkişaf etməkdə olan ölkələrində 1,5 milyard adam, yəni Yer kürəsinin əhalisinin 21 faizi əllərinə gələn hər şeydən - tullantı taxtalardan, tənəkədən, sellofan təbəqədən və s. düzəldilmiş daxmalarda yaşayırlar. “Idealab” 2020-ci ilə kimi bu ev dəstindən bir neçə milyon satmaqla həmin insanların bir qismini ev sahibi eləməyə çalışır. Eni təxminən 4 metr və uzunu 5 metr olan bu ev layihəsinin en və uzunluğunu 7 metrə qaldırmaqla 3 otaqlı və Azərbaycan ailəsi üçün də rahat olan mənzillər inşa etmək olar. Belə mənzildə hər birinin sahəsi 10,2 kvadratmetr olan 2 yataq otağı, sahəsi 16 kvadratmetr olan zal-mətbəx, sahəsi 2,52 kvadratmetr olan vanna otağı və sahəsi 1,68 kvadratmetr olan giriş dəhlizi yerləşdirmək mümkündür. Azərbaycanın regionlarında tikilən ənənəvi evlərə çox bənzəyən bu tikililəri qışda qızdırmaq da asan olar və bunun üçün bir soba da yetərlidir...

Bu evlər 300 dollardan ucuz başa gəlir

Bu arada hindistanlı alimlər inqilabi innovasiyanı həyata keçirməyə hazırlaşırlar. Alimlər kvadratmetri 14 dollardan ucuz başa gələcək evin layihəsini hazırlayırlar. Professor Vicay Qovindaracan keçən il bildirmişdi ki, 300 dollardan ucuz başa gələcək ev tikmək olar. İnvestisiya fondlarından biri isə bu məsələnin ən yaxşı həllini tapacaq şəxsə 25 min dollar vəd etmişdi. Keçirilən müsabiqədə “Mahindra Partners” şirkəti qalib gəlmişdi. Bu şirkətin mütəxəssisləri 21 kvadrat metr sahəyə malik evin tikinti layihəsini təqdim ediblər. Torpağın qiyməti nəzərə alınmamaq şərtilə ev 293 dollara başa gələcək. Həmin evlər milyonlarla yoxsul insanın həyat şəraitini yaxşılaşdırmaqla yanaşı, dəyəri 375 milyard dollara çatacaq yeni biznes sektorunun yaranmasına səbəb olacaq.

2000 dollara və 2 saata tikilən evlər də var

Yaponiyada isə paduqadan 2 saata ev tikilir. Bu evlər çox ucuz başa gəlir və 300 il normal vəziyyətdə qala bilir. Qapı və pəncərələr paduqaların arasında yerləşdirilir. Qiyməti təxminən 2000 dollar olan bu evlər dünyanın ən ucuz evləri hesab edilir. Tikililərin belə qısa müddətdə ərsəyə gəlməsi və davamlı olması gələcəkdə bu tip evlərin sayının artacağından xəbər verir...

Gallerdə yaşayan Simon Dale təbiətin ortasında həm gözəl, həm də ucuz ev inşa edib. Dale möhtəşəm təbiətin içində tikdiyi ev üçün 5000 dollardan daha az pul xərcləyib. Dale tikintisi 4 ay davam edən bu evdə hazırda ailəsi ilə birlikdə yaşamağa davam edir./musavat