“Üçüncü dünya müharibəsi qaçılmazdır” - Sərdar Cəlaloğlu

Müxalifət.az Teleqraf.com-a istinadən  Azərbaycan Demokrat Partiyasının sədri Sərdar Cəlaloğlu ilə müsahibəni təqdim edir.
- Sərdar bəy, dünya liderləri Nyu Yorka toplaşaraq BMT-də ciddi islahatların aparılmasını müzakirə etdi, BMT tribunasından mesajlar verildi. Sizcə, bu toplantının hansı nəticələri olacaq?
- Təbii ki, BMT kimi təşkilatda sürətli islahatlar aparmaq çətindir. Amma bir halda, ABŞ prezidenti Donald Tramp və Türkiyə rəhbəri Rəcəb Tayyib Ərdoğan BMT-də reformaları vacib sayır, üstəlik, BMT-nin dünyadakı münaqişəli prosesdə iştirakı ilə vəzifəsini bitmiş hesab etdiyi etiraf olunursa, bu, müsbət haldır.
Qeyd edim ki, bir vaxt senator Makkeyn BMT-nin özünü buraxmalı olduğunu bəyan etmişdi. İndi dünyada gedən proseslər fonunda görünür ki, BMT təsis edilərkən qarşıya qoyduğu məqsədlərinə xidmət etmir.
- Konkret hansı məqsədləri nəzərdə tutursunuz?
- BMT dünyada müharibələrin qarşısını almalı, konfliktlərin həllinə kömək etməlidir. Ancaq İkinci dünya müharibəsindən sonra dünyada vəziyyət olduqca müərkkəbləşib. Biz indi çox tez-tez planetin müxtəlif nöqtələrində yeni müharibələrin şahidi oluruq. Bu gün Yaxın Şərqdə baş verən müharibə hər an dünya savaşına çevrilə bilər. BMT isə Yaxın Şərq müharibəsinə hansısa şəkildə müdaxilə etmək imkanında deyil.
İkincisi, nəzərə alaq ki, BMT zamanında kapitalizmlə sosializm arasında münasibətləri yoluna qoymaq, bu iki sistemin dinc və yanaşı yaşamasını təmin etmək üçün nəzərdə tutulmuşdu. Hazırda həmin sistemlərdən biri sıradan çıxıb. Əvəzində biri-biri ilə rəqabət aparan xristian və müsəlman dünyası var. Odur ki, yeni dünya düzəni islam və xrisitian ölkələri arası münasibətləri tənzimləyən sistem kimi mövcud olmalıdır. Və beynəlxalq hüququn açıq tərəfləri xristian və müsəlman dövlətləri olmalıdır. Məncə, Ərdoğan haqlı olaraq bu məsələni qeyd etdi.
Üçüncüsü, hesab edirəm ki, BMT-nin ABŞ ərazisindən və nəzarətindən çıxarılması islahatların tərkib hissəsi olmaldıır. Çünki BMT-nin maliyyələşməsinə daha çox vəsait ödədiyi üçün quruma ən çox müdaxilə edən də ABŞ-dır. Düşünürəm ki, BMT qısa müddət ərzində islahatlara getməsə Üçüncü dünya müharibəsinin qarşısını almaq mümkün olmayacaq.
- Rusiya BMT-də islahatların aparılmasına dair müzakirələrə qatılmadı. Sizcə, niyə?
- Açığı, rusların bu prosesdə iştirak etməməsinin gerçək səbəbi haqda bir söz deyə bilmərəm. Ancaq qatılmaması düz deyil. Çünki dünyada münaqişələrin tərəflərindən biri də Rusiyadır.
- Bu fakt göstərmirmi ki, Rusiyanın iştirakı olmadan BMT-də ciddi islahatlar aparıla bilməz?
- Niyə aparılmır?
- Çünki BMT-nin Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri də Rusiyadır...
- Bütün dövlətlərin üzvü olduğu bir birliyinin yaradılması vacib deyil. Mən Con Makkeynin ideyasını müdafiə edirəm. Makkeyn ideyasına görə, dünyada demokratik dövlətlərin birliyi yaradılmalı, hər bir dövlət demokratikləşdikdən sonra bu birliyə daxil olmalıdır. Yoxsa totalitar cəmiyyətlərlə demokratik cəmiyyətlərin bir təşkilatda birləşəcəyi təqdirdə korrupsiyaya, separatizmə və bir çox ziyanlı meyllərə qarşı beynəlxalq hüququn normalarını tətbiq etmək çətin olacaq.
- Güman edirsiniz ki, qısa müddətdə BMT islahatlar keçirib işlək və mötəbərə quruma çevriləcək?
- Mən demirəm çevriləcək. Deyirəm ki, çevrilməsə BMT öz missiyasının öhdəsindən gələ bilməyəcək. Yəni dünyada mövcud siyasi duruma uyğun olaraq BMT-də islahatlar zəruridir. Artıq dünyada münaqişələrin tərəfləri bəllidir. Bir tərəfdə müsəlman, digər tərəfdə qeyri-müsəlman ölkələridir.
- Müsəlman və qeyri-müsəlman ölkələri arasında müharibə ehtimalı varmı?
- Müharibə artıq gedir... Yaxın Şərqdəki müharibələr nə deməkdir, burada kimlər vuruşur? Bir tərəfdə müsəlmanlar, digər tərəfdə Avropa ölkələri... Yəni faktiki olaraq Yaxın Şərq müharibələrində iqtidar və müxalifətdən formal istifadə edilir. Səhnənin arxasında döyüşənlər başqalarıdır.
- Ərəb ölkələrinin çoxu ABŞ-ın vassalıdırsa, biz hansı müsəlman və xristian ölkələri arasındakı müharibədən danışa bilərik?
- Elə vassalı olduğuna görə xalqla hökumətlər arasında konfrantasiya meydana çıxır. Məsələn, bir müsəlman ölkəsində hakimiyyəti, digərində isə müxalifəti xarici ölkə dəstəkləyir. Bütün bu hallarda Avropa və ABŞ başqa ölkələrin daxili işlərinə qarışır. Məsələn, BMT-nin əsas imperativ normaları dövlətlərin daxili işlərinə qarışmamaq, münaqişələrin zor yolu ilə tətbiq etməmək, sərhədləri zorakı yollarla dəyişdirilməsinə imkan verməməkdir.
İndi İraqda kürdlər referendum keçirmək və müstəqil dövlət elan etmək istəyirlər. Bunun özü göstərir ki, İraqın dövlət sərhədləri zor yolu ilə dəyişdirilir. Yaxud Suriyada ABŞ kürd peşmərgələrinə silah və texnika ötürür. Bu da kürdlərin Suriyada özləri üçün müəyyən ərazilərin tutmasına səbəb olur. Bu da sərhədlərin zorakı dəyişdirilməsinə cəhddir. Bu vəziyyətdə isə BMT-nin normaları öz hüququ qüvvəsini itirmiş kimidir.
- Sizcə, Üçüncü dünya müharibəsinin baş vermə ehtimalı realdırmı?
- Yüz faiz... Əgər dünyadakı münaqişələr indiki şəkildə inkişaf edəcəksə, dövlətlər öz maraqlarını konkret ortaya qoyacaqsa, müharibə baş verəcək.
Hazırda ən ciddi məsələ Şimali Koreya ilə bağlıdır. ABŞ bəyan edir ki, Şimali Koreyanı yer üzündən siləcək. Pxenyan isə cavab verir ki, ABŞ-ı külə çevirəcək. Hamı bilir ki, Şimali Koreya bu addımları Çinin dəstəyi ilə atır və əslində elə Çinə arxalanaraq işləri görür. Əgər Şimali Koreyaya hərbi müdaxilə olsa, Çin şübhəsiz ki, proseslərə qoşulacaq. Çünki Pekin razı olmaz ki, yaxınlığında Amerikapərəst rejimlər yaransın. Çinin bu prosesə qoşulması başqa dövlətlərin də müdaxiləsi deməkdir.
İkincisi, Yaxın Şərqin özündə indi müşahidə olunan hadisələr Türkiyə və ya İrana sıçrayarsa, dünyada geniş miqyaslı müharibəyə səbəb olacaq.
Nəzərə alın ki, indi klassik mənada dünya müharibəsi yoxdur. Müharibənin özü də xarakterini dəyişib. Yəni XXI əsrin müharibəsi ilə XX əsrin müharibəsi eyni olmayacaq. Necə ki XX əsrdə baş verən müharibələrlər XVIII əsrdə olan müharibələrin oxşarlığı yoxdur və ya çox azdır. Başqa sözlə, tərəqqinin tələblərinə uyğun olaraq müharibələrin də xarakteri dəyişir. İndi biz dünya müharibəsi həddindəyik.
- Ancaq bu sadaladıqlarınız dünya müharibəsi deyil...
- Baxın, Suriya, İraq, Liviya, Yəmən və digər ölkələrdə döyüşlər gedir, destablizasiya var. Bu ölkələrin ərazisi elə İkinci dünya müharibəsini başladan Avropanın ərazisi qədərdir. Sadəcə olaraq bu müharibələrə kənar qüvvələr ona görə aktiv qarışmır ki, burada müsəlman müsəlmanla vuruşur. İkinci dünya müharibəsində bütün dünya almanlarla döyüşürdü. Dediyim kimi, müharibənin xarakteri dəyişib.
Bir müddət sonra bu müharibələrə Avropa və ya ABŞ-ın müdaxiləsi ola bilər. Bu, artıq aşkarca dünya müharibəsi demək olar.
Roma Papası 3 ay əvvəl bəyan etdi ki, əslində baş verənlərə dünya müharibəsi demək lazımdır. Niyə? Baxın görün, Suriya müharibəsində kimlər iştirak edir? ABŞ, Rusiya, İran, Türkiyə, Almaniya, İngiltərə, Fransa və Suriyanın özü. Dünya müharibəsi digər müharibələrdən nə ilə fərqlənir? Başqa müharibələrdə iki tərəf olur. Dünya müharibəsində isə çox tərəf.
Yaxın Şərqdə faktiki olaraq cəbhənin tərəflərində bir neçə dövlətlər savaşır. Məsələn, Bəşər Əsəd tərəfindən Rusiya, İran və Suriyanın olan dövlət strukturları vuruşur. Əks tərəfdə isə Amerika, Avropa və Türkiyə durur. Bu faktiki olaraq beynəlxalq müharibədir.