Üçlü Soçi zirvəsindən ÇIXAN NƏTİCƏLƏR... - TƏHLİL

Soçidə Türkiyə, Rusiya və İranın Suriya mövzusunda üçlü zirvə görüşünün nəticəsi olaraq birgə yekun bəyannamə qəbul olunub.
 
Bəyanatda deyilir:
“Dövlət başçıları Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə olan qüvvətli öhdəliklərini təsdiq etmiş, bəhs edilən gərginliyi azaltma, regionların təsis edilməsi və Suriya münaqişəsinin həllində heç bir siyasi təşəbbüsün Suriya Ərəb Respublikasının suverenliyinə, müstəqilliyinə, birliyinə və ərazi bütövlüyünə heç bir surətlə xələl gətirə bilməyəcəyini vurğulamışlar.”
Bu abzas onu ifadə edir ki, hər üç ölkənin ortaq qəbul etdikləri fundamental prinsip Suriyanın bölünməzliyi və bütün ərazilər üzərində suverenliyidir. Əslində bu, çox vacib məqamdır. Prinsipial olaraq Suriyadakı həlledici üç ölkənin bu yöndə ortaq fikirdə birləşməsi regiondakı digər güclərin dağıdıcı, parçalayıcı planlarının üstündən xətt çəkir. O cümlədən, ABŞ-ın Yaxın Şərq planlarının və bu kontekstdə dəstəklədiyi PKK/PYD terror dövlətinin yaranma ehtimalını da heçə endirir.
 
SURİYA MİLLİ DİALOQ KONQRESİ SOÇİDƏ KEÇİRİLƏCƏK
 
“Dövlət başçıları Suriya Ərəb Respublikasının hökuməti nümayəndələrini və Suriyanın suverenliyinə, müstəqilliyinə, birliyinə, ərazi bütövlüyünə bağlı olan müxalifəti yaxın gələcəkdə Soçidə keçiriləcək Suriya Milli Dialoq Konqresinə konstruktiv şəkildə iştirak etməyə çağırmışlar.”
Burada ən əhəmiyyətli məqam Konqresə dəvət olunacaq müxalif qüvvələrin Suriyanın bölünməzliyini, suverenliyini qəbul edən güclərə olan xüsusi vurğudur. Bu isə o anlama gəlir ki, artıq bundan sonra Suriya ərazisindən kiçik dövlətciklər yaratmaq iddiasında olanlar, eyni zamanda PKK və ən-Nüsrə kimi terror dövləti qurmaq istəyənlərin iştəhaları qursaqlarında qalacaq. Çünki PKK/PYD ABŞ-ın Yaxın Şərq planının tərkib hissəsi olaraq Suriyanın şimalında Aralıq dənizinə qədər uzanacaq bir kukla dövlət qurmağı hədəfləyir. Və bunun üçün də artıq həm hərbi, həm də təşkilati cəhətdən hazırlıqlar görülür. Bu baxımdan əgər Suriyada kürdlərin iradəsinin ifadəçisi kimi PKK/PYD çıxış edəcəksə, bu halda onların Soçi Konqresində iştirakı mümkün olmayacaq. Ən azından buna Türkiyə imkan verməyəcək. Çünki PKK\PYD-nin iddiası qəbul edilən üçlü bəyannamənin standartlarına uyğun gəlmir. Ancaq bunun xaricində Suriyada PKK/PYD-ni qəbul etməyən çoxsaylı kürd etnosu var ki, onların təmsilçilərinin bu dövlətin birgə qurulması prosesində iştirakına yol açıqdır. Əslində Türkiyənin istədiyi də məhz budur və PKK/PYD məsələsi Ankara üçün qırmızı xətt sayılır.
 
SEÇKİ VƏ YENİ KONSTİTUSİYA QƏBUL EDİLƏCƏK
 
Dövlət başçıları, suriyalılara ölkələrinin birliyini yenidən bərpa etmələrində Suriya xalqının dəstəyini alacaq bir konstitusiyanın hazırlanması, azad, ədalətli və şəffaf proses çərçivəsində və BMT-nin nəzarəti altında seçkilərin keçirilməsi yönündə razılaşıblar.
Bu abzasdakı fikirlər Suriyadakı siyasi çözüm üçün bəlkə də ən vacib və həlledici əhəmiyyət daşıyır. Çünki Suriyanın birliyi, sabitliyi və gələcək inkişaf perspektivi məhz yeni yaranacaq Konstitusiya və azad, demokratik seçkilərin keçirilməsindən asılı olacaq. Bu müddəlar həm də o anlama gəlir ki, yeni Konstitusiyanın yaranması və seçkilərin keçirilməsinədək Bəşər Əsəd hakimiyyətdə qalmaqda davam edəcək. Görünür ki, Türkiyə də bu gerçəyi qəbul etmişdir. Ancaq buna qarşılıq seçkilərin məhz BMT nəzarəti altında azad və şəffaf keçirilməsi tələbi də çox ehtimal ki, Türkiyədən gəlmişdir. Çünki Türkiyə anlayır ki, Suriyada hər kəsin qəbul edə biləcəyi azad və şəffaf bir seçki olmasa, bu ölkədə birliyi və sabitliyi təmin etmək mümkün olmayacaq. Çünki əli xalqının qanına batmış hakimiyyətlə cəmiyyətin müxtəlif təbəqələrini təmsil edən güc mərkəzləri arasında bütün körpülər bərpa oluna bilməyəcək qədər yandırılmışdır.

Müxalifət.az