​Ucarda Qarabağ əlilləri, şəhid ailələri üçün tikilən evlər kimlərə satıldı? – KEÇMİŞ NAZİR HAQDA ŞOK İTTİHAM

Ucar rayonu Ramal kənd sakini şəhid atası Məmmədov Fikrət Həbi oğlu tərəfindən Muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.
Müəllif yazır ki, oğlu Məmmədov Etimad Qarabağın azadlığı uğrunda gedən döyüşlərdə könüllü iştirak edərək 1994-cü il tarixdə şəhid olub: “Ailəli idi, 2 övladı var. Şəhid oğlum Etimadın övladı - nəvəm Ehtiramı evləndirmək istəyirəm. Ancaq evimizin olmamasına görə arzumu yerinə yetirə bilmirəm. Şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün inşa edilən mənzilin növbəsinə qeydə alınmışıq. Ancaq növbəmizin çatmasına uzun illər lazımdır. Zərdab rayonunda Əmək və Əhalinin Sosial Müdafiəsi Naziri Səlim Müslümovun qəbulunda olub, ondan bizə növbədən kənar mənzil tikintisinin təmin edilməsinə köməklik etməsini xahiş etdim. Nazir mənə bildirdi ki, Ucar rayon icra başçısı buna görə mənə məktub yazsa, məmuniyyətlə təmin edərəm. Məni qəbul edən Ucar rayon icra başçısı ilk olaraq belə bir məktubun yazılmasına razılıq versə də, sonradan bunun “qanunsuz” olmasını əsas gətirib “yox” cavabını verdi.
Keçmiş nəqliyyat naziri Ziya Məmmədov həmyerlim olsa da, hər dəfə Bakı şəhərinə qəbuluna gedəndə müxtəlif bahanələrlə məni qəbul etməkdən yayındı. Ziya Məmmədovun vəzifəsi və imkanı olsa da, şəhid ruhunu sevindirmədi. Hansı ki, lazım olmayan utanc gətirən əməllərə küllü miqdarda pullar xərclədi. Oğlu Anar bir milyon ayı kəsilməsinə, 25.000 manata türk müğənnisi Hadisəyə çanta, 70.000 manata “AST Telman”a tar hədiyyə etməsinə pullar xərcləsə də, evsiz qalmış həmyerlisinə, şəhid ailəsinə Allah rizasına bir mənzil tikmədi ki, bü gün savaba yazılardı, həmçinin cəmiyyət tərəfindən alqışlanardı.
Odur ki, Ziya Məmmədovun vəzifədən çıxarılmasına ilk olaraq ucarlılar sevindi. Çünki bu adam öz doğulduğu rayonuna heç bir gün ağlamadı.
Ucar rayonunun H.Əliyev küçəsi 138 də şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün 4 mərtəbəli 32 mənzilli bina inşa edilib, 2006-cı il tarixdə istifadəyə verilmişdir. Həmin binadakı mənzillərin çoxu şəhid ailəsi, Qarabağ müharibəsi əlili olmayan şəxslərə pulla satılmışdır ki, bunun təçkilatçısı bir başa Ziya Məmmədov olmuşdur. Bu faktın araşdırılmasına zərurət var. Çünki bu gün Ucarda çoxlu sayda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri var ki, evsizdirlər, kirayələrdə yaşayırlar.
Bütün bu çətinliklərə baxmayaraq, ümüdimizi üzməmişik. Çünki şəhid ailələrinə daima xüsusi diqqət və qayğı göstərən Azərbaycanın Mehriban Əliyeva kimi mərhəmətli birinci vitse-prezidenti var. Mən mətbuat vasitəsi ilə Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm ki, şəhid oğlum Etimadın yadigarı olan nəvəm Ehtiramın ailə qurması arzumun yerinə yetirilməsi üçün bizə yaxından köməklik edəsiniz.
Hörmətli Mehriban xanım, xahiş edirəm şəhid ailəsinə mənzil tikilməsinə köməklik edəsiniz”.


 
Muxalifet.az