Ucar sakini aclıq aksiyasına başladı – İCRA BAŞÇISI YAŞAR MƏMMƏDOVA ETİRAZ

Ucar rayonu 20 Yanvar küçəsi, döngə 15, ev 17 sakini Qüddəsərov Xəyal Müşfiq oğlu tərəfindən muxalifet.az-ın elektron poçtuna şikayət məktubu daxil olub.
Müəllif yazır ki, hazırda Quba Rayon İcra Hakimiyyətinin başçısı olan Yaşar Məmmədovun ona qarşı etdiyi qanunsuzluğa görə 03 oktyabr 2016-cı il tarixdən aclıq aksiyasına başlayıb:

“Yaşar Məmmədov Ucar rayonunda icra başçısı vəzifəsində olan zaman onun göstərişi ilə Ucar rayon bələdiyyəsi tərindən mənə fərdi mənzil tikintisi üçün 3 sot torpaq sahəsi satıldı. Dövlət rüsumu olaraq 1200 manat "Beynəlxalq Bank"-a ödədim və qəbz aldım. Bundan başqa, alqı-satqı müqaviləsi, sığorta və növbəmi 1292-ci yerdən 1-ci etdiyi üçün məndən 3200 manat əlavə pul aldılar. Həmin 3200 manat pulu İcra başçısı Yaşar Məmədovun özü ilə Ağdaş rayonundan gətirdiyi sürücüsü Vüqar Əliyev və qohumu Ucar bələdiyyəsinin sədri Səhrab Kamilova vermişəm. Bunu təsdiq edən subutlarımız var.
Bələdiyyə sədri mənə 11.12.2012-cı il tarixli Torpaqların Alqı-Satqısına dair akt verdi. Getdim ki, Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 16 saylı Ərazi İdarəsindən torpağıma çıxarış alım, mənə orada bildirdilər ki, bu torpaq sənə qanunsuz satılıb, bu alqı-satqı aktı tam saxtadır.
2007-ci il tarixdən qüvvəyə minmiş qanuna əsasən, bələdiyyələr vətəndaşlara torpağı hərrac yolu ilə sata bilərlər. Bu torpaq isə dövlətin balansındadır. Mən bu barədə dəfələrlə icra başçısı Yaşar Məmmədovun və bələdiyyə sədrinin qəbulunda olmuşam, hər dəfə “düzələr-düzələr” deyərək, məni başlarından etdilər.
İndi Yaşar Məmmədov Qubanın icra başçısıdır, Səhrab Kamilov isə Mənzil İstismar İdarəsində rəis müavinidir. 4700 manat pulumu alıb, saxta akt verib məni aldadan icra başçısı Yaşar Məmmədovla sabiq bələdiyyə sədri Səhrab Kamilovun bu hərəkətləri cinayət əməlidir. Bu cinayətdə  keçmiş Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin rəisi Rafiq Hacıyevin də rolu var. Çünki, o da bilərəkdən saxta akta imza edib, öz möhrünü vurub”.
Şikayətçi yazır ki, Yaşar Məmmədov Ucar rayon icra başçısı vəzifəsində işləyən zaman sürücüsü Vüqar Əliyevin, qohumu bələdiyyə sədri Səhrab Kamilovun və Torpaq şöbəsini müdiri Rafiq Hacıyevin əli ilə çoxlu sayda saxta sənədlərlə torpaq satıb, insanları aldadıblar: “Bu 4 nəfər dələduzun yeri törətdikləri cinayət əməllərinə görə, həbsxana olmalıdır. İndi evsizəm, həyat yoldaşım atasının evində, mən isə küçələrdə qalıram. Himayəmdə iki azyaşlı uşağım var. Bu vəzifəli şəxslər tərəfindən aldanmasaydım, indi yavaş-yavaş torpağımın üzərində bir otaqlı ev tikib yaşayardım ki, küçələrdə qalmazdım.
Mən ailəmlə 26 sentyabrda referendumda iştirak edib səs vermişəm. İnanıram ki, Prezident İlham Əliyev ilk olaraq islahata belə cinayətkar vəzifəli şəxslərin həbsi ilə başlayacaq. Korrupsiya şəbəkəsi yaradıb, dələduzluqla məni aldadıb 4700 manat pulumu mənimsəmiş Ucar rayonunun keçmiş, Quba rayonunun hazırki icra başçısı Yaşar Məmmədovun, onun əlaltıları Səhrab Kamilovun və  Rafiq Hacıyevin mənə qarşı etdikləri cinayət əməlinə etiraz olaraq ölüm aclığı aksiyasına başlamışam.
Cənab Prezident! Sizə bu barədə şikayət ərizəsi göndərmişəm. Xahiş edirəm, həmin ərizəmi Ucar rayonuna göndərməyin öz nəzarətinizlə araşdırıb, cinayıtkar vəzifəli şəxslərin barəsində ciddi tədbirlər görəsiniz”.

Redaksiydan: Mövzunu araşdıracağıq. Yazıda adları çəkilən şəxlərin mövqeyini dərc etməyə hazırıq.