Ucar pambıq zavodunun şöbə müdiri 4 ailəni aclığa məhkum edib – “Deyir ki, mənim Yuxarı Şilyan kənd sakinlərindən xoşum gəlmir...”

Baxış sayı:
5047

Ucar rayon sakinləri Zahidov Elyar Yediyar oğlu, Əhmədov Rafiq Behbud oğlu, Salikov Ramin Əliheydər oğlu və Rüstəmov Mikayıl Əlisaab oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Qanunsuz olaraq işdən çıxarıldıqlarını qeyd edən şikayətçilər yazır: “Bizi işimizdən çıxarıb, ailələrimizi ac qoyublar. Bunu isə bizə qarşı edən Ucar rayonunda yeni fəaliyyətə başlamış Ucar Pambıq Emalı Zavodunun Aqro şöbəsinin müdiri Rafiq Hacıyevdir. Belə ki, biz kolxoz dövründən kənd təsərrüfatı texknikasının sürücüsü vəzifəsində işləmişik. Halal zəhmətimizlə ailəmizi dolandırmışıq. Bir neçə il əvvəl Aqroservizlə müqavilə bağlayıb, Belarus MTZ 12.21 markalı yeni traktoru işlədirdik. Bütün öhdəlikləri yerinə yetirib, icarə pulunu vaxtlı-vaxtında ödəyib, ailəmizi dölandırıdıq. Ucar Pambıq Emalı Zavodu açıldı. Həmin zavodun nəzdində Aqro şöbəsinə Rafiq Hacıyev adlı kənd təsərrüfatından anlayışı olmayan 69 yaşlı birisini gətirib müdir vəzifəsinə təyin etdilər. Rafiq Hacıyev əvvəllər Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri vəzifəsində işləyib. Bu adam aqro şöbəsinə müdir vəzifəsinə təyin olunan kimi, bizim qanuni müqavilə ilə işlətdiyimiz traktorları əlimizdən aldırıb, üç ədədini Saatlı rayonuna, bir ədədini isə Yevlax rayonuna verdi. Bunu isə onunla əsaslandırdı ki, Ucar rayonunda texnikaya ehtiyac yoxdur. Ancaq Rafiq Hacıyev tam yalan deyir Ucar rayonunda kəndlilər pambıq əkmək üçün texnika sarıdan korluq çəkirlər. Rafiq Hacıyev şikayətlərdən sonra bizə dedi ki, mən sizin Yuxarı Şilyan kənd camaatı ilə işləyə bilmərəm. Sizin kəndin camaatı sovetlər dönəmində Torpaq və Xəritəçəkmə Komitəsinin Ucar rayon şöbəsinin müdiri vəzifəsində işləyəndə məndən mərkəzi orqanlara şikayətlər ediblər. Buna görə mənim Yuxarı Şilyan kənd sakinlərindən xoşum gəlmir. İndi biz bu şikayətin müəllifləri olan Ucar rayon sakinləri çıxılmaz bir vəziyyətlə üzləşmişik. Külfətdən ibarət ailəmiz var, işsiz qalmaqla ailəmiz, azyaşlı uşaqlarımız məhv olacaqlar. Mən Ucar rayonu Yuxarı Şilyan kənd sakini Zahidov Elyar Yediyar oğlu 1983-cü il tarixdən traktor idarə etmişəm. Himayəmdə olan iki nəvəm - 9 yaşlı Asif və 6 yaşlı Vasif talasemiya xəstəsidirlər. Onların dava-dərmanını, yeməyini, paltarlarını mən işləyib alırdım. Rafiq Hacıyevin qanunsuz qərarı bu iki azyaşlı xəstənin vəziyyətini dahada çətinləşdirdi. Mən Ucar rayonu Yuxarı Şilyan kənd sakini Əhmədov Rafiq Behbud oğlu 28 yaşım var, subayam. İşləyib valideyinlərimə baxırdım, həm də pul yığıb ailə qurmaq istəyirdim ki, Rafiq Hacıyev istəyimi ürəyimdə qoydu. Mən Ucar rayonu Yuxarı Şilyan kənd sakini Salikov Ramin Əliheydər oğlu, MTZ 80 markalı pambıq becərmə traktorunu Aqro servizdən müqavilə ilə götürüb, səliqəli işlədirdim. Himayəmdə olan 3 azyaşlı övladımı normal dolandıra bilirdim. Rafiq Hacıyev kimi bürokratın qanunsuz hərəkətləri nəticəsində işsiz qaldım ki, buna görə üç azyaşlı övladım aclıqdan məhv olacaqlar. Mən Ucar rayonu Alpı kənd sakini Rüstəmov Mikayıl Əlisaab oğlu, 2009-cu ildən Aqro Servizdən MTZ-12.21 markalı traktoru müqavilə əsasında götürüb işlədirdim. Rafiq Hacıyev məni çağırıb traktorun təmir edilməsi adı ilə əlimdən alıb, Yevlax rayonuna göndərdi. Bizim 9 nəfərdən ibarət ailənin yeganə qazanc yeri bu traktor idi. Rafiq Hacıyev bizim ailəni çörəklə imtahana çəkir. Biz Rafiq Hacıyevin kələyi nəticəsində halal işimizdən çıxarıldıq, çörək ağacımız olan traktorlarımız əlimizdən qanunsuz olaraq alındı. İndi çarəmiz qəbrimizi qazıb, ölməyə qalıb. Dörd nəfər ailənin 26 üzvünün çörəyinə bais olmaq Allahsızlıqdan başqa, həm də cinayət əməli hesab edilməlidir. Prezident cənab İlham Əliyev Kənd Təsərrüfatının inkişaf etdirilməsi üçün sərəncamlar verir, buna görə dövlət büdcəsindən küllü miqdarda vəsait xərclənir. Ancaq Rafiq Hacıyev kimi işinin öhdəsindən gələ bilməyən, kənd təsərrüfatı sahəsindən heç bir anlayışı olmayan bir adam bu sahəni dağıdacaq, dövlətə, insanlara ziyanlar vuracaq. Biz Prezident cənab İlham Əliyevdən və Mehriban xanım Əliyevadan kömək istəyirik. Sizdən xahiş edirik, bizə kömək edin traktorlarımız özümüzə qaytarılsın ki, yaşayaq, aclıqdan ölməyək, işləyib halal zəhmətimizlə ailəmizi dolandıraq”. Muxalifet.az Redaksiyadan: Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.