Uçan saraya, 1 milyon dollarlıq avtomobilə sahib olan ABŞ prezidenti –Vaşinqtondan Trampa qədər Ağ Ev

Baxış sayı:
8968

Hər il fevral ayının üçüncü həftəsinin bazar ertəsi günü Amerika Birləşmiş Ştatlarında “Prezident Günü” kimi qeyd olunur. Bayram 1880-ci ildən, ABŞ-ın ilk prezidenti Corc Vaşinqtonun təntənəli ad günü mərasimindən sonra hər il qeyd olunmağa başlayıb. Bu tarixdə Amerika prezidentləri, həm sabiqlər, həm də hazırki prezident bayram tədbirlərinə qoşulur, xüsusi mərasimlərdə iştirak edirlər. Beləliklə, prezidentlər bayram imtiyazlarından da yetərincə səmərəli istifadə edirlər. Bəs ABŞ prezidentlərinin daha hansı imtiyazları var? Birinci kürsüyə əyləşənlərin ixtiyarına və istifadəsinə nələr verilir? Amerika prezidentinin ixtiyarında olan xüsusi hazırlanmış “Boeing 747-200B” ən yüksək təhlükəsizlik tələblərinə cavab verir. Təyyarədə yerləşdirilmiş xüsusi məntəqə vasitəsi ilə prezident istənilən vaxt istənilən yerlə rabitə əlaqəsinə girə bilir. Təyyarə hətta uçuş zamanı yanacaqla təmin oluna bilir ki, bu da uçuşun vaxt baxımından məhdudiyyətsizliyini təmin edir. Həmçinin təyyarə prezidentin menyusuna uyğun kifayət qədər ərzaqla təmin olunur ki, bu ərzaq məhsulları ilə eyni vaxtda yüzlərlə adamın qida tələbatını ödəmək mümkündür. Təyyarə olduqca komfortlu və rahatdır. Salonda prezidentin rahatlığı üçün iş, yemək, istirahət, görüş və s. otaqlar mövcuddur. Prezidentin ixtiyarında olan helikopter də məxsusi olaraq Amerikanın birinci şəxsi üçün hazırlanıb. Bu helikopterin əsas missiyası prezident avtomobildə hərəkət edərkən onu daima müşayət etmək, fövqəladə hal baş verərsə prezidentin təhlükəsizliyini təmin etməkdən ibarətdir. Dörd nəfərlik yeri olan bu helikopterin bir mühərriki sıradan çıxarsa ikinci mühərrik ilə uçuşunu davam etdirə bilər. Həmçinin helikopterə raketlərə qarşı müdafiə üçün xüsusi qurğular da quraşdırılıb. Prezidentlərin imtiyazları sırasında, təbii ki, əsas yerlərdən birini də onların xidməti avtomobilləri tutur. Amerika prezidenti zirehli “Cadillac prezidential” avtomobilində gəzir. Bu avtomobil xüsusi olaraq ABŞ prezidenti üçün hazırlanıb. Onun hazırlanmasına 1.1 milyon dollar sərf olunub. Avtomobilin bəzi texniki xarakteristikaları məxfi saxlanılır. Amerikalılar bu avtomobili “Möcüzə” adlandırırlar. ABŞ prezidenti seçilən şəxs Ağ Evdə yaşamaq imtiyazı qazanır. Yəni, Vaşinqton şəhəri, Pensilvaniya-avenyu 1600 ünvanda yerləşən Ağ Ev Amerikada seçilmiş prezidentlərin rəsmi iqamətgahı sayılır. 1792-ci ildə inşa edilən iqamətgahın ümumi sahəsi 5100 kvadrat metrdir. İqamətgah 132 otaqdan, o cümlədən 16 yataq otağından, 35 sanitar qovşaqdan, üç mətbəxdən, üç liftdən və yeraltı bunkerdən ibarətdir. Prezidentlərin imtiyazlarından biri də xüsusi xidmət personalına malik olmalarıdır. Xidmət personalına 100 nəfər daxildir ki, onlar da Ağ Evdə yaşayırlar. Personala aşpazlar, xidmətçilər, bağbanlar və s. daxildir. ABŞ prezidentlərinin təhlükəsizliyini xüsusi mühafizə dəstələri təmin edir. Xüsusi hazırlıq keçmiş mühafizəçilər öz həyatlarının bahasına olsa da, təhlükəsizlik məsələlərini olduqca mükəmməl şəkildə icra edirlər. ABŞ prezidentlərinin maraqlı imtiyazlarından biri də şəxsi kinoteatrlarının olmasıdır. Hazırda Aq Evdə 42 yerlik kinoteatr Donald Trampın ixtiyarındadır. Kinoteatrın yaradılması Franklin Ruzveltin prezidentliyi dövrünə təsadüf edir. Amerikada rəsmi və ya qeyri-rəsmi səfərdə olan digər ölkə prezidentləri və nümayəndə heyətləri üçün nəzərdə tutulan “Bler-xaus” da Amerika prezidentinin sərəncamındadır. 120 otaqdan ibarət olan bu tikili yüksək çinli qonaqların zövqünü oxşayır. Bunlar Amerika prezidentlərinin normal fəaliyyəti üçün onlara verilən imtiyazların bir hissəsidir. Ən başlıca imtiyaz isə ABŞ prezidentlərinin dünya üzərindəki siyasi imtiyazlarıdır./musavat