ÜÇ AYIN ƏSGƏRİNİN MÜƏMMALI ÖLÜMÜ – “Oğlumla danışdıqdan 2 gün sonra xəstəlikdən öldüyünü dedilər, amma…” / PREZİDENTƏ MÜRACİƏT

Baxış sayı:
3775

Göyçay rayonu, Mallışıxlı kənd sakini Məhərrəmov İlham İsmayıl oğlu tərəfindən Muxalifet.az-ın redaksiyasına şikayət məktubu daxil olub. Saytımız vasitəsilə prezident İlham Əliyevə müraciət edən İ.Məhərrəmovun müraciətini olduğu kimi dərc edirik:
“Cənab Prezident!

Bu şikayət ərizəmdə yazıb Sizə bildirirəm ki, mənim oğlum Məhərrəmov Bəhram İlham oğlunun həbbi xidmət keçən zaman hərbi hissəsə ölməsinə dair açılmış cinayət işi qeyri-obyektiv araşdırılıb, cinayət törətmiş şəxslər məsuliyyətdən kənarda saxlanılmışdır.
Belə ki, oğlum 20.01.2002-ci il tarixdə anadan olmuş Bəhram Məhərrəmov 24.01.2020-ci il tarixdə Göyçay rayon Hərbi Komissarlığı trəfindən hərbi xidmətə aparılmışdır. O, hərbi xidmətini Sərhəd Qoşunlarının Yevlax rayon ərazisində yerləşən N saylı hərbi hissədə keçirdi. Hərbi xidmətə getdikdən 3 ay sonra, 24 mart 2020-ci il tarixdə andiçmə mərasimində iştirak etdik. Həmin vaxt oğlum Bəhram gümrah və sağlam idi. Həmçinin bir dəfə də məzuniyyətlə evə gəldi.
17 aprel 2020-ci il tarixdə oğlum Bəhramla telefon əlaqəsi yaratdıq. 19 aprel 2020-ci il tarixdə zəng edib məlumat verdilər ki, oğlunuz xəstəlikdən vəfat edib. Ölümün səbəbi kimi göstərilib ki, oğlunuz başından sətəlcəm olub deyə vəfat edib. Oğlumun ölməsinə görə açılmış cinayət işi ilə bağlı Qarabağ hərbi prokurorluğunda istintaq aparılır. İstintaq saxtakarlıqla, qeyri-obyektiv aparılır. Çünki oğlumun ölümünə səbəbkar hərbi hissənin həkimləri olmuşdur. Oğlum həqiqi hərbi xidmətə tam sağlam gedib, bundan sonra bir dəfə evə gəlib, bir dəfə biz hərbi hissəyə getmişik və ölümündən bir həftə əvvəl telefonla danışmışıq. O, tam sağlam görünürdü və səhhətindən heç bir şikayəti olmayıb.
Hərbi hissənin tibbi bölməsində ona səhv iynə vurulub deyə şoka düşüb, həkim səhlənkarlığına görə vəfat edib.

Mənə hərbi hissənin komandiri deyir ki, 19 aprel 2020-ci il tarixdə oğlun Bəhramin səhhəti pisləşdi deyə onu təcili Gəncə şəhərinə xəstəxanaya aparan zaman vəziyyəti ağırlaşdı deyə yarıyoldan Yevlax rayon xəstəxanasına qaytardıq, orada vəfat etdi. Ancaq Yevlax rayon xəstəxanasının həkimi bizə dedi ki, sənin oğlun Bəhrəm Məhərrəmov bura öləndən bir neçə saat sonra gətirilib.
Bu və digər ziddiyyətlər tam subut edir ki, oğlum sıravi əsgər Bəhram Məhərrəmov hərbi hissə həkimlərinin səhlənkarlığı nəticəsidnə dünyasın dəyişib. Mənim oğlumun ölümü barədə aparılan istintaq saxtakarlıqla, qanunsuzluqla aparılır.
Ekspert həkim bizə deyir ki, oğlnuz Bəhrəm sətəlcəm olub, ürəyində, ciyərində probelm olub. Həmçinin başqa bir xəstəliyi də olub, ancaq onu sizə deyə bilmirik. Bu, müəmmalı, ziddiyətli cavab bir valideyn kimi məni çox narahat edir. Bu cinayətin ört-basdır edilməsi üçün uydurmalardır ki, bir qrup vəzifəli şəxs əlbir olub bunu edirlər.
Mən oğlumun ölümündən 3 gün sonra infarkt keçirmişəm. Artıq ölümümü gözümün önünə almışam. Bəhrəm ailəmizin tək oğlu idi. O, uşaqlıqdan sağlam böyüyüb, səhhətində heç bir şikayəti olmayıb, tam sağlam şəkildə hərbi hissəyə aparılıb ki, buna dair sənədlər var.
Azərbaycan Respublikasında hüquq sistemi güclü qurulub, hər bir cinayətin üstü obyektiv araşdırma nəticəsində açılaraq cinayət törətmiş şəxs məsuliyyətə cəlb edilib, qanun qarşısında cavab verir. İnanıram ki, şikayət ərizəm obyektiv araşdırılacaq, cinayət törətmiş şəxslər məsuliyyətə cəlb edilib, layiqli cəzalarını alacaqlar.
Cənab Prezident!
Konkret olaraq hərbi hissənin tibbi bölməsində oğlum sıravi əsgər Bəhram Məhərrəmova səhv iynə vurulub deyə şoka düşüb, həkim səhlənkarlığına görə vəfat edib.
Buna görə Sizdən xahiş edirəm oğlum Bəhramın ölmü üzrə açılmış cinayət işinin Qarabağ hərbi prokurorluğundan alınıb, başqa prokurorluğa verilməsini təmin edəsiniz, saxta rəyi vermiş ekspert və oğlumun ölümünə səbəb olmuş həkimin (və ya həkimlərin) cinayət məsuliyyətinə cəlb edilməsinə tapşırıq verəsiniz”.


Muxalifet.az
Redaksiyadan: Mövzu ilə bağlı araşdırma aparacaq və rəsmi qurumların mövqeyini də dərc etməyə çalışacağıq.