​Təzə ildə təzə görüş - KÖHNƏ NƏTİCƏ: Qarabağ ritorikası dəyişməz qalır

Baxış sayı:
438

Azərbaycan və Ermənistan XİN başçılarının budəfəki görüşü də əvvəlkilərdən fərqlənmədi - səbəb; İrəvanın seçki bəhanəsi ilə aprelə kimi götürdüyü “taym-aut” müharibə riskini daha da artıracaq; keçmiş amerikalı həmsədr: “Müharibə hər an qızışa bilər...”

2018-ci ilin Qarabağ mövzusunda ilk görüşü reallaşdı. Yanvarın 18-də Azərbaycan və Ermənistan xarici işlər nazirləri - Elmar Məmmədyarov və Edvard Nalbəndyan Polşanın Krakov şəhərində bir araya gəldilər. Müzakirələr ATƏT-in Minsk Qrupunun həmsədrlərinin iştirakı ilə aparıldı.
Ancaq Ermənistanda yeni baş nazir və prezidentlik uğrunda siyasi rəqabətin mübarizənin qızışması və həlledici mərhələyə keçməsi, üstəlik, münaqişənin həllinə vasitəçilərin irreal yanaşması fonunda bu görüşdən də hansısa pozitiv nəticələr gözləməyə dəymirdi. Sərksiyan rejimi şəksiz ki, hazırda Dağlıq Qarabağ konflikti ilə bağlı hər hansı irəliləyişi şərtləndirən güzəşt hayında deyil. Politoloqların da məsələyə baxışını mövcud reallıqların diktəsi şərtrləndirir.

*****

“Xarici işlər nazirlərinin görüşü Ermənistanla Azərbaycan arasında aparılan sülh prosesinin növbəti mərhələsidir”. Bunu nazirlərin Krakov görüşünü şərh edən politoloq Fikrət Sadıqov deyib (Teleqraf.com). Görüşün Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı son bəyanatından az sonraya təsadüf etməsinə diqqət çəkən politoloq deyib ki, Rusiya XİN başçısının həmin bəyanatı Azərbaycanın maraqlarına cavab verir.
“Biz dəfələrlə demişik ki, məsələni ancaq mərhələli şəkildə həll etmək lazımdır. Ermənistan uzun illər ərzində münaqişənin həllində ”paket həll" variantına üstünlük verirdi və daima bizə şərt qoyurdu ki, əvvəlcə Dağlıq Qarabağı dövlət qurumu kimi tanıyın, sonra isə biz Dağlıq Qarabağ istisna olmaqla işğal altındakı digər rayonları azad edə bilərik. Bu mənada Lavrovun bəyanatı əslində Ermənistanın mövqeyini alt-üst edir. Sergey Lavrovun bəyanatının arxasında nəyin dayandığını bilmirəm. Amma reallıq bundan ibarətdir", - deyə o vurğulayıb.
Ekspert ehtimal edir ki, bu bəyanat fonunda nazirlərin görüşü məsələnin mərhələli şəkildə həll olunması çox müsbət amil ola bilər: “Mən nazirlərin görüşü zamanı bütün ciddi, prinsipial məsələlərin həll olunacağına əmin deyiləm. Amma hər halda Azərbaycanın prinsipial və qəti mövqeyi bəllidir. Biz bunu dəfələrlə səsləndirmişik. Düşünürəm ki, bu istiqamətdə mövqeyimiz dəyişilməz olaraq qalacaq”.
Nazirlərin görüşünün 2018-ci ildə keçirilən ilk görüş olmasına da diqqəti yönəldən politoloq deyib: “Onu da unutmaq olmaz ki, görüş Minsk Qrupu həmsədrlərinin iştirakı ilə keçirilib. Əlbəttə, həmsədrlər müəyyən təkliflər irəli sürməlidirlər. Onların iştirakı formal yanaşma ilə məhdudlaşmamalıdır. Onlar anlamalıdırlar ki, beynəlxalq hüquq normalarına əməl edilməlidir. Çünki Azərbaycan təcavüzə məruz qalıb, 1 milyon qaçqın və məcburi köçkün var”.

*****

“Yeni Müsavat” xatırladır ki, bu günlərdə Rusiya xarici işlər naziri Sergey Lavrov Moskvada ilini yekunlarına dair keçirdiyi mətbuat konfransında Qarabağ münaqişəsinin tənzimlənməsi barədə sualı cavablandırarkən əsas məsələnin təmas xəttində vəziyyətin sabitləşməsi üçün əlavə addımlar atmaqdan ibarət olduğunu bildirib və əlavə edib: “Bu, həm də siyasi tənzimləməyə keçid üçün şərait yaradacaq. Bu məsələni bir sənəd vasitəsilə həmişəlik həll etmək mümkün deyil. Məsələyə mərhələli şəkildə yanaşmaq lazımdır. Mərhələli yanaşma münaqişənin qəti tənzimlənməsi və Dağlıq Qarabağın statusu ilə əlaqədar hansı məsələləri dərhal həll etmək mümkün olduğunu və hansı məsələlərin həlli üçün əlavə müzakirələrə ehtiyac olmasını göstərəcək, bunun yollarını müəyyən edəcək”.
Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev isə Azərbaycan tərəfinin Lavrovun Dağlıq Qarabağ münaqişəsinin mərhələli həllinə dair açıqlamasını alqışladığını bildirib.

*****

Bu arada Minski Qrupu həmsədrləri fevralın əvvəlində regiona səfər edəcəkləri bəlli olub. Musavat.com-un məlumatına görə, xarici işlər naziri Elmar Məmmədyarov bu haqda Krakov görüşünün nəticələri barədə KİV-in sorğusuna cavabında bildirib. Nazir qeyd edib ki, müzakirələri davam etdirmək məqsədilə həmsədrlər fevralın əvvəlində regiona səfər edəcəklər: “Ümumi yanaşma ondan ibarətdir ki, münaqişənin həllində irəliləyiş əldə etmək və regionda sülh və sabitliyi təmin etmək üçün daha intensiv, substantiv və məntiqli danışıqlar davam etdirilməlidir”.
İstisna deyil ki, budəfəki səfər zamanı həmsədrlər prezidentlərin növbəti görüşünü təşkil eləmək barədə də fikir mübadiləsi aparacaqlar. Hərçənd Serj Sərkisyan yalnız martın 1-dək formal prezident kimi qalacaq. Yəni əslində Azərbaycan tərəfi qarşı tərəfdən yeni prezidentlə təmas qurmalı olacaq. Demək, onsuz da səmərəsiz olan danışıqlarda faktiki, daha bir süni taym-aut götürüləcək. Sülh prosesinin uzanması isə müharibə risklərini adekvat şəkildə gücləndirməkdədir.

*****

“Dağlıq Qarabağ münaqişəsi zonasında yeni gərginlik regional fəlakətə çevrilə bilər”. Bunu isə Beynəlxalq Böhran Qrupu proqramının Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Maqdalena Qrono deyib. O, hesab edir ki, Ermənistan və Azərbaycanın müvafiq olaraq Rusiya və Türkiyə ilə müdafiə, strateji tərəfdaşlıq və qarşılıqlı dəstək üzrə müqavilələrini nəzərə alınarsa, ən pis halda regional fəlakətə səbəb olacaq yeni gərginliyin qarşısını diplomatiyanın ala biləcəyinə dair ümid var.
O, həmçinin xatırladıb ki, Azərbaycan və Ermənistan prezidentlərinin ötən ilin oktyabrında keçirilən görüşü zamanı onlar substantiv danışıqların aparılmasına, təhlükəsizlik və etimad yaratma tədbirlərinə sadiqliklərini bəyan ediblər: “Lakin belə bir risk də var ki, görüşlər nəticəsiz olarsa, bu, diplomatik danışıqların pozulmasına, münaqişənin güc yolu ilə həllinin düşünülməsinə gətirib çıxara bilər. Bundan yayınmaq üçün təhlükəsizlik sahəsində irəliləyiş əldə olunmalı, eyni zamanda, siyasi müzakirələr bərpa edilməlidir”.

*****

“Azərbaycan və Ermənistan qoşunlarının qarşıdurma xəttində insidentlər adi hal olaraq qalır və genişmiqyaslı hərbi əməliyyatların hər an alovlanma riski var”. “Yeni Müsavat” xəbər verir ki, bunu “Trend”ə və “Azernews” qəzetinə açıqlamasında ABŞ-ın Kentukki Universitetinin diplomatiya və münaqişələrin nizamlanması üzrə professoru, ATƏT-in Minsk Qrupunun keçmiş amerikalı həmsədri Kerri Kavano deyib.
Ekspertin sözlərinə görə, 2017-ci ildə Avstriya ATƏT-dəki sədrliyi müddətində səy göstərib ki, Bakı və irəvanın 2016-cı ildə Vyana və Sankt-Peterburqda razılaşdıqları etimadın möhkəmləndirilməsi mexanizmlərini işə salsın. “İnsidentlərin araşdırılması mexanizmi əvvəlki kimi mürəkkəb olsa da, bundan əvvəl müzakirə olunmuş ATƏT müşahidəçilərinin sayının 6 nəfərdən 13 nəfərədək artırılması mümkündür”, - deyə bildirib.
K.Kavano Azərbaycan və Ermənistan prezidentləri və XİN rəhbərləri səviyyəsində dialoqun bərpa olunması faktını müsbət qiymətləndirsə də, qeyd edib ki, tərəflər hər hansı bir irəliləyişə nail olmayıblar: “2017-ci ilin əvvəlində qoşunların qarşıdurma xəttində gərginliyin artması halları qeydə alınsa da, ATƏT-in Minsk Qrupu həmsədrlərinin, Avstriyanın ATƏT-dəki sədrliyinin və digər aparıcı qüvvələrin fəal iştirakı Azərbaycanla Ermənistan arasında dialoqun bərpa olunmasına xidmət etdi”.

*****

Beləliklə, 2018-ci ildə Qarabağ mövzusunda keçirilən ilk yüksək səviyyəli görüş əvvəlkilərdən ciddi fərqlənmədi. Zatən, başqa gözləntimiz də yox idi. Aydındır ki, tərəflər və həmsədrlər öz mövqeyində qaldıqca “Qarabağ yükü” də yerində qalası olacaq. Ta Azərbaycan Ordusu hərəkətə keçib status-kvonu dəyişməyincə.../musavat.com