Tvitter ABŞ Prezidentinin hesabını birdəfəlik blokladı - TRAMPDAN SƏRT REAKSİYA

Baxış sayı:
1080

Tvitter sosial şəbəkəsi "zorakılığa təhrikçilik cəhdi ehtimalına" görə ABŞ-ın hazırkı Prezidenti Donald Trampın hesabına girişi bağlayıb.

Bu barədə sosial şəbəkənin administrasiyası məlumat yayıb.

"@realdonaldtrumpun və onu əhatə edən kontekstin bu yaxınlardakı paylaşımlarının dəqiq müzakirəsindən sonra biz hesabı zorakılığa sonrakı təhrikçilik cəhdi ehtimalına görə daimi əsasda dondurduq", - deyə administrasiyanın məlumatında bildirilir.

Daha əvvəl tvitter Trampın hesabını 12 saatlıq dondurub və onu üç paylaşımı silməyəcəyi təqdirdə daimi bloklamaqla hədələyib. Tvitter rəhbərliyinin fikrincə, bu paylaşımlar sosial şəbəkənin qaydalarını pozur.

Bundan əvvəl isə feysbuk rəhbəri Mark Sukerberq bildirib ki, ABŞ Prezidentinin feysbuk və instaqram sosial şəbəkələrində hesabları minimum daha iki həftə dondurulmuş qalacaq.

Bu arada D.Tramp, Tvitter-də hesabının daimi olaraq bloklanmasına münasibət bildirib.

"Bizi susdura bilməzsən!"- deyə Trampın administrasiyası tərəfindən yayılmış bəyanatda vurğulanıb.

Eyni mesaj dövlət başçısının rəsmi hesabında da yayımlanıb, ancaq Twitter onları dərhal silib.

“Bunun baş verəcəyini proqnozlaşdırmışdım. Müxtəlif saytlarla danışıqlar aparırıq və tezliklə böyük bir elan verəcəyik. Yaxın gələcəkdə öz platformamızı qurma ehtimalını da araşdırırıq”, - deyə Tramp yazıb.

Onun sözlərinə görə, bu sosial şəbəkə “söz azadlığını qadağan etməkdə günü-gündən daha da irəli gedir”. Tramp həmçinin Twitter-i demokratlar və “radikal solçular”la işbirliyində günahlandırıb.