Türkmən nazir: “Torpaq əldən gedir...” – Müsahibə

Teleqraf.com İraqın regional inkişaf naziri, milliyyətcə türkmən olan Turxan Müftüoğlu ilə müsahibəni təqdim edir.
 
- Turxan bəy, hazırda İraqda vəziyyət necədir?
- İraq 2003-cü ildən terrorla mübarizə aparır. Daha sonra İŞİD adlı terrorçu şəbəkə ortaya çıxdı, bir sıra əraziləri işğal etdi. Mosul, Telafər, Qaraqoyunlu ərazilərini nəzarətə aldı. Amma İraq ordusu və ona dəstək verən silahlı dəstələr İŞİD-i geri oturda, əksər əraziləri işğaldan azad edə bildi.
Lakin türkmənlər üçün ayrı bir problem yarandı. Söhbət İraqdakı Kürdüstan bölgəsi və onların referendum keçirmək qərarından gedir. Çünki İŞİD-ə qarşı mübarizə zamanı bir çox türkmən əraziləri kürd peşmərgələrin gücü ilə yenidən kontrola götürüldü. Başqa sözlə, bu bölgələrdə indi peşmərgələr var.
Üstəlik, Şimali İraq Kürd Muxtariyyəti türkmən torpaqlarında referendum keçirmək istəyir. İraq türkmənləri buna qarşıdır. Biz İraq dövlətinin tərkibində qalmaq istəyirik. Türkmənlər referenduma qarşıdırlar, nə indi, nə də gələcəkdə İraqın parçalanması ideyasını müdafiə etmirlər. Əksinə, parçalanmanı zərərli sayırlar.
- Bəs İraq dövləti Şimali İraq Kürd Muxtariyyətinin 25 sentyabrda keçirəcəyi müstəqillik referendumu haqqında nə düşünür?
- İraq dövləti də referenduma qarşıdır. Hakimiyyət İraqın birlik və bərabərlik vəziyyətinin qorunub saxlanılmasını istəyir. İş ondadır ki, kürd gücləri referendum keçirməkdə israrlıdırlar.
İraqa qonşu dövlətlər referendumun əleyhinədir və mövqelərini açıq ifadə ediblər. ABŞ da mövqe bildirib, referendumu pisləyib. Beynəlxalq aləm bu ideyaya müsbət yanaşmır.
- Əgər Şimali İraq Kürd Muxtariyyəti referendum keçirib müstəqilliyini elan edərsə, bu, İraqla Kürdüstan arasında yeni müharibə üçün səbəb ola bilərmi?
- Fikrimcə, bu işin sonu müharibəyə getməyəcək. Başqa sözlə, savaş ehtimalı və imkanı yoxdur. İraq güclüdür. Üstəlik, İraqın qonşuları da heç zaman əsas verməyəcəklər ki, bizim ölkə parçalansın. Demək istəyirəm ki, İraqın parçalanması ehtimalı yoxdur. Lakin bu referendum İraq üçün bir narahatçılıqdır.
- Bu halda referendumdan sonra Bağdad-Ərbil münasibətləri necə olacaq?
- Əsas problem bundan sonra necə olacaq məsələsi ətrafındadır. Kürdüstan deyir ki, biz müstəqil dövlətimizi qurmaqda israrlıyıq. Amma dediyim kimi nə İraq, nə İraqın qonşuları, nə də beynəlxalq iradə bu fikri qəbul etmir. Yəni referendum iraqlılar üçün sıxıntı yaradacaq. Məncə, bu kürdlərin özü üçün də sıxıntıya səbəb olacaq. Referendumdan sonra kürd tərəfi masanın üzərində bir nəticə ala bilməyəcək. Lakin biz türkmənlər bu referendumdan daha ciddi narahatıq və bunun da ciddi səbəbləri var.
- Narahatlığın səbəbləri nədir?
- Hesab edirik ki, bu rferendumun əsas məqsədi türkmən torpaqlarını ələ keçirmək, onu nəzarətə almaqdır. İraqın şimalında bütün yeraltı sərvətlər türkmən torpaqlarındadır. Başqa sözlə, əgər referendum olacaqsa və türkmən torpaqlarında da referendum keçiriləcəksə, İraq parçalanmasa belə, tarixi türkmən torpaqları kürd nəzarətinə keçə bilər. Bu, real təhlükədir. Bizim əsas narahatçılığımız bununla bağlıdır. Başqa sözlə, neft qaynaqları ilə zəngin türkmən torpaqlarının Şimali İraq Kürd Muxtariyyətinin əlinə keçmə təhlükəsi var.
- Hazırda siz türkmən ərazilərinin hansı hissəsinə nəzarət edirsiniz?
- İraqda türkmən eli Telaferdən başlayır, Mosula keçir. Kərkük, Qaratəknə, Diyalənin müəyyən hissəsi türkmən torpaqlarıdır. Amma referendumla bağlı bəzi bölgələrimizin kürd kontroluna keçməsi təhlükəsi var.
- Bu bölgələr hazırda kürdlərin nəzarətindədir?
- Tam kürd nəzarətində deyil, sadəcə oralarda peşmərgə gücləri var. Buna baxmayaraq ərazilərin böyük hissəsi mərkəzi Bağdad hökumətinə bağlıdır. Referendumdan sonra bunun əksi baş verə bilər. Bizim mövqeyimiz odur ki, İraq türkmənləri, onların yerləşdiyi tarixi ərazilər İraq dövlətinə bağlı qalmalıdır.
- Ərazilərin Kürdüstanın nəzarətinə keçməməsi üçün türkmənlər nə düşünür?
- Biz siyasətlə məşğuluq və mövqeyimizi hər yerdə ifadə edirik. Eləcə də biz BMT ilə müzakirə apardıq, bəzi ölkələrlə danışdıq. Bildiririk ki, narahatıq, türkmən torpaqları peşmərgənin nəzarətinə keçsə, türkmənlər faciə ilə qarşılaşa bilər. Yəni millətimiz üçün əlimizdən gələni edirik.
- Kürdlərin silahlı və yüksək təlim keçən peşmərgə qüvvələri var. Bəs türkmənlərin?..
- Türkmənlərin o qədər silahlı gücləri yoxdur. Heç imkanlarımız da yoxdur...
- Türkmənlərin silahlı dəstələrinin sayı barədə nə deyə bilərsiz?
- Sözsüz, silahlı qüvvələr var. Türkmən silahlıları daha çox “Həşdi Şabi” qüvvələrinin ətrafındadır. Telafər ətrafında 5-6 min silahlı var. Lakin onların əlində ağır və müasir silahlar yoxdur və bizə, yəni mərkəzi İraq hökumətinə bağlıdır.
- İraqda türkmənlərin sayı nə qədərdir?
- Türkmən eli geniş bir coğrafiyanı əhatə edir. Bu coğrafiyada 2,5 milyon türkmən yaşayır.
- Türkiyənin türkmənlərlə münasibəti necədir?
- Məncə, Türkiyə özü məsləhət bilirsə, türkmənlərlə olur, məsləhət olmursa türkmənlərdən uzaqlaşır. Türkiyənin öz marağı var. Ancaq biz bilirik ki, təkcə Türkiyə deyil, bütün qonşu dövlətlər, beynəlxalq arena Azərbaycan da daxil türkmənləri müdafiə edir.
- İrandan dəstək görürsünüzmü?
- İran da Türkiyə kimi... İranın da öz maraqları var. İran İraqın parçalanmamasını stabil formada müdafiə edir.
- İraq hökumətində türkmənlərin mövqeyi, hakimiyyətdə təmsil olunmaq imkanları necədir?
- Parlamentdə türkmən deputatları təmsil olunur. Hökumətdə də hər zaman yer alıblar. Zənnimcə, türkmənlərin mərkəzi hakimiyyətdə daha çox təmsilçiliyinə ehtiyac var.
- Daxildə türkmənlər arasında birlik güclüdürmü?
- Əlbəttə, türkmənlərin müxtəlif təşkilatları, partiyaları var. Amma milli məsələdə birlik və bərabərlik hər zaman mövcuddur.
- Ancaq deyirlər, türkmənlərin bir hissəsi Ankaraya, bir hissəsi Tehrana, bir hissəsi də Bağdada yaxındır...
- Siyasi baxımdan o tərəf-bu tərəfə bağlı olanlar var. Biz millətçi olaraq dəstəyimizi İraqdan alırıq. Başqa bir ölkədən dəstəyimiz yoxdur. Eyni zamanda qeyd edim ki, əhəmiyyətli və milli mövzularda birlik və bərabərlik içində oluruq.
- Azərbaycana sözünüz varmı?
- Azərbaycanda olanlar bizim əmi oğlularımızdır, biz bir millətik, bir soyuq. Qardaşlarımıza salamımız var. Biz Azərbaycandan beynəlxalq platformada türkmənlərə dəstək vermələrini, İraqın ərazi bütövlüyünü müdafiə etməsini işləyirik.