Türkmən liderdən “Münbiç” açıqlaması: ABŞ TÜRKİYƏ QARŞISINDA DİZ ÇÖKDÜ

Baxış sayı:
5395

Suriya Türkmən Məclisinin sədri Məhəmməd Vəch Cümə, Türkiyə ilə ABŞ arasında razılaşdırılan "Münbiç yol xəritəsinin" onlar üçün "vətənə dönüş razılığı" anlamına gəldiyini bildirərək, “"Zeytun Budağı” Hərəkatı olmasaydı, Münbiç razılığı heç olmazdı" deyib.
 
Münbiçdə doğulan Cümə, Türk əsgərinin Münbiçdə patrul vəzifəsinə başlaması ilə bağlı Anadolu Agentliyinə münasibət bildirib.
 
BÖYÜK SEVİNC İÇİNDƏYİK
 
Günlərdir gözlədiyi prosesin başladığını qeyd edən Cümə, "Hazırda çox böyük bir sevinc içindəyik. Vətənimizə, yurdumuza qayıdacağıq. Bu Münbiç anlaşması, bizim üçün bir vətənə dönüş razılığı anlamına gəlir. Eyni zamanda, bölgəmiz PYD/PKK terror təşkilatlarından təmizlənəcək" deyə, söyləyib.
 
“ZEYTUN BUDAĞI” OLMASAYDI MÜNBİÇ OLMAZDI
 
Münbiçdəki evinin də PYD/PKK tərəfindən qəsb edildiyini bildirən Cümə, "Bu terror təşkilatları bu ana qədər bizlərə, Münbiç xalqına çox böyük zülm edirdi. Onun üçün biz evimizə, vətənimizə qayıda bilmirdik, amma Allaha şükür, Türkiyə dövlətinə, Türk əsgərinə şükür,  Türk əsgərinə çox böyük minnətdarlığımızı bildiririk. Onların sayəsində biz vətənimizə qayıdacağıq, əmin-amanlıq və sabitliyə nail olacağıq" deyə, bildirib.
Münbiçdəki son proseslərin özləri üçün çox mühüm olduğunu vurğulayan Cümə, bunları deyib:
 
ABŞ TÜRKİYƏ QARŞISINDA DİZ ÇÖKDÜ
 
““Zeytun Budağı” Hərəkatı olmasaydı, Münbiç razılığı heç olmazdı. ABŞ, PYD/PKK-nı dəstəkləyən tərəfdir, ötən həftə Türkiyənin siyasi iradəsi qarşısında diz çökdü və bu razılığa gəlindi. Bunu çox açıq şəkildə deyə bilərəm. Bu razılıq təkcə bölgəni terrordan təmizləməyəcək, eyni zamanda bizi vətənimizə qaytaracaq və Suriyada siyasi həllin bəlkə də ilk addımını təşkil edə biləcək bir anlaşmadır. Münbiçdən sonra Fəratın şərqində də davamı gələrsə, bütün Suriya xalqı üçün böyük bir əmin-amanlıq müjdəsi ola bilər".
Türkiyə ilə ABŞ arasında razılaşdırılan "Münbiç yol xəritəsinin" icraata qoyulmasının çox əhəmiyyətli olduğunu dilə gətirən Cümə, "Bu gün bizim üçün tarixi bir gündür. Bu günü biz çox gözlədik. Allaha şükür baş verir. Biz hazırıq. Şəxsən mən, Türk əsgərinin ayağı Münbiç torpağına basdığı anda onlarla bərabər olacağam, çünki evimə dönüb, evimdə yaşamaq istəyirəm. Vətənimizdə sülh içində, terrorsuz, rahat Münbiçdə yaşamaq istəyirik" deyib.
Müxalifət.az