“Türklər olmasaydı ruslar Batumini zəbt etmişdi” - Saakaşvili 11 illik SİRRİ AÇDI

Baxış sayı:
5932

“Gürcüstanın keçmiş prezidenti Mixayıl Saakaşvilinin 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 11-ci ildönümü ilə əlaqədar Britaniyanın Müharibə və Sülhün İşıqlandırılması İnstitutuna verdiyi müsahibə Cənubi Qafqaz regionunda ümumilikdə, qlobal miqyasda geosiyasi mübarizə, aparıcı ölkələrin yanaşması və geosiyasi mövqelərinin öyrənilməsi, aydınlaşdırılması baxımından çox maraqlıdır. Saakaşvili deyib ki, Rusiyanın Batumini zəbt etməsinin qarşısını alan əsas amil Türkiyə ordusunun sərhəddə səfərbər olması olub”.
Muxalifet.az xəbər verir ki, bunu politoloq Zaur İbrahimli deyib.
Ekspert Saakaşvilinin Fransanın keçmiş prezidenti Nikola Sarkozinin səsləndirdiyi fikirlərə də diqqət çəkib:
“Saakaşvili Fransanın keçmiş prezidenti, o zaman Aİ-nin sədri olmuş Nikola Sarkozinin rolu bağlı qeyd edib ki, “o, özünü kloun kimi aparıb”. Hesab edirəm ki, o, qeyri-peşəkar davranıb. Sarkozi amerikalıları prosesdən kənarlaşdırmağa çalışıb və buna nail olub. Amerikalılar isə Rusiya ilə danışıqların onun tərəfindən aparılmasına qarşı çıxıb.
Saakşvili hesab edir ki, rus qoşunlarının Gürcüstandan çıxarılması bu danışıqların müsbət nəticəsi olsa da, sonradan Sarkozi Moskvanın vədlərini unudub, Kremlin addımlarına legitimlik qazandırıb, Kremlin vədlərini “Mistral”ların (Fransa istehsalı hərbi gəmi) müqabilində unudub”.
Zaur İbrahimli bildirib ki, Saakaşvilinin dediklərində nə qədər həqiqət payının olması ilə bağlı mübahisə etmək olar:
“Amma keçmiş prezidentin qənaətləri və dedikləri bütövlükdə realpolitik yanaşmasının praktikada və Cənubi Qafqaz timsalında necə tətbiq olunduğunu göstərir. Qarabağ məsələsində də biz bu yanaşmanın şahidi oluruq. Bu baxımdan kiçik ölkələr, xüsusən əraziləri işğala məruz qalan Azərbaycan üçün ən böyük güc mənbəyi elə onun xalqı, vətəndaşları, mübarizə əzmi olmalıdır. Digər amillər ötəri xarakterə malikdir və bir qayda olaraq kiçik ölkələrin nəzarətdə saxlanılmasına xidmət edir”./teleqraf.com/